Martın 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 mindən çox adam (21 min 204 nəfər) vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün, martın 10-da məlumat yayıb.
Məlumata görə, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 428 min 635 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.
Hazırda yaşı 50 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 237 min 260 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 250 nəfərin vəfat etdiyi bildirilir.