Nazir: 'Ermənistan gecə qaranlıq vaxtda...'

C.Bayramov

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

"Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Qarşılıqlı investisiya qoyuluşuna xüsusi diqqət ayrılmalıdır", - AZƏRTAC-ın xəbərinə görə, C.Bayramov orada deyib.

APA agentliyinin məlumatına görə isə, C.Bayramov onu da vurğulayıb ki, üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb. Xarici işlər naziri bildirib ki, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: "Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

Buna da bax: Ermənistana daha 5 əsir qaytarıldı

C.Bayramov vurğulayıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: "Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür...".

ATƏT-in fəaliyyətdə olan sədri isə dünən, martın 14-də prezident İlham Əliyevlə görüşlərinə toxunub.

"Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür", - deyə o bildirib.

Buna da bax: İlham Əliyev:"Onlar terrorçudurlar"

ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti martın14-də Azərbaycana gəlib. O, habelə Baş nazir və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşməlidir.

Qarabağ münaqişəsində vasitəçi tərəf ATƏT-in Minsk qrupudur. ABŞ, Rusiya və Fransa bu qrupun həmsədrləridir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.