40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanır

Vaksinasiya

Bu gün, martın 22-dən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanmalıdır.

Həmin şəxslər peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçməlidirlər.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanıb. Ölkədə "Sinovac" şirkətinin "Coronavac" vaksinindən istifadə olunur.

Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş olunduğu açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Bundan əvvəl yaşı 50, ondan yuxarı, risk qrupuna daxil olanlar və bir sıra sahədə çalışanlara peyvənd vurulduğu bildirilib. Vaksinasiya dövlət hesabına həyata keçirilir. İndiyə qədər 490 min civarında şəxsin peyvənd olunduğu açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 246 min 304 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 351 nəfərin vəfat etdiyi bildirilib.