Yoluxmada artım davam edir

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 822 nəfər sağalıb.

Bu məlumatı aprelin 2-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 266322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239807 nəfər sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22898 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13127, ötən müddət ərzində isə ümumilikdə 2901160 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Son həftələr Azərbaycanda koronavirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada artım müşahidə edilməkdədir. Dünən, aprelin 1-də Azərbaycanda 2248 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.