Özbəkistan prezidentinə qarşı rəqəmsal və onlayn formada “təhqir və böhtan” kriminallaşdırılıb. Bu, prezident seçkisinə altı ay qalmış, hökumətin tənqidçilərinə fiziki hücumların artdığı dönəmdə baş verir.
Ədliyyə Nazirliyi martın 31-də Telegram sosial şəbəkəsində böhtan maddələrinin dərhal icraya yönəldiyini açıqlayıb. Qanunu pozanları beş ilədək həbs cəzası gözləyir.
Prezident Şavkat Mirziyoev bir gün öncə ölkənin cinayət məcəlləsinə dəyişikliklə bağlı sərəncam imzalayıb. O, hakimiyyətə 2016-cı ildə, İslam Kərimovun vəfatından sonra gəlib.
Buna da bax: Ölkədən çıxan vəsait ölkəyə gətiriləndən 2 milyard dollar çox olub
Kütləvi çağırışlara görə 10 ilədək həbs
Kütləvi iğtişaş və zorakılığa ictimai çağırışlara görə beş ilədək, bunu media, telekommunikasiya şəbəkələri, internet üzərindən qruplar şəklində etməyə görə 10 ilədək həbs nəzərdə tutulub.
Mirziyoevin birinci prezidentlik müddəti bu il bitir, amma ikinci müddətə də namizədliyini verəcəyi gözlənir.
O, avtoritar lider Karimovdan sonra 32 milyon əhalisi olan Özbəkistanı idarə etməyə başlayıb. O vaxtdan özünü islahatçı kimi göstərib, siyasi məhbusları azad edib, qonşular, dünya ilə əlaqə qurub. Bir çox fəallar isə dəyişikliklərin başa çatdırılmadığını deyirlər.
Mirziyoev Özbəkistanda müxalif qruplara qarşı olmadığını desə də, həqiqi müxalifət partiyaları ölkə 1991-ci ildə müstəqillik qazanandan qeydiyyata alına bilmirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müxalifət qrupuna və bloqerə hücum
Aprelin 1-də “Həqiqət və İnkişaf” adlı yeni yaranmış müxalifət qrupunun fəalları naməlum şəxslərin hücumuna məruz qalıb. Onlar qrupun Ədliyyə Nazirliyində qeydiyyatı üçün imza yığırlarmış. Hücum edənlər fəalları döyüb, yeni partiyanın ofisi qabağındakı masa və stulları dağıdıb.
Martın 31-də Human Rights Watch (HRW) insan haqları qrupu Özbəkistan hakimiyyətini bloqer Mirəziz Bazarova bu həftə baş vermiş hücuma görə məsuliyyət daşıyanları tapıb cəzalandırmağa çağırıb. O, TikTok və Telegram kanallarında hökuməti tənqid edirdi.
Bazarov martın 28-də Daşkənddəki evinin qarşısında bir qrup kişinin hücumuna məruz qalıb. Bundan öncə LGBT hüquqlarını müdafiə etmişdi.
Özbəkistanda prezident seçkisi oktyabrın 24-də keçiriləcək.