Türkiyə aprelin 6-da Çinin Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.
Səfir bundan öncə Çinin 30 il bundan əvvəl müsəlman uyğurlarla rəftarını tənqid edən Türkiyə müxalifət liderlərinə xəbərdarlıq etmişdi.
Reuters yazır ki, Türkiyədə İYİ partiyasının lideri Meral Akşener və CHP-dən olan Ankara meri Mansur Yavaş uyğurların Çin hökumətinə qarşı qısa üsyanının 31-ci ildönümündə bu hadisə ilə bağlı bəyanat vermişdilər.
Akşener Twitter-də yazmışdı ki, “biz uyğurların təqibinə və 1990-cı ildə baş vermiş şəhidliyinə biganə qala bilmərik”.
Söhbət müxalifətdən getsə də
Çin səfirliyi Türkiyə siyasətçilərinin bəyanatına sərt reaksiya verdikdən sonra səfir Liu Şaobin Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə rəsmilərinin verdiyi məlumata görə Xarici İşlər Nazirliyində səfir Liuya Twitter postunda işlətdiyi sərt ifadələrdən narazılıq bildirilib.
Çin səfirliyinin bəyanatında deyilirdi:
“Çin tərəfi hər hansı şəxs və ya ölkə tərəfərindən Çinin suverenliyinə və ərazi bütövlüyünə qəsd edilməsinə qarşıdır. Çin tərəfi belə iddialara cavab vermək hüququnu özündə saxlayır”.
Səfiri qəzəbləndirən “Şərqi Türküstan” adı
Meral Akşener başqa bir Twitter postunda “Şərqi Türküstan bir gün mütləq müstəqil olacaq” yazıb.
Hazırda Türkiyədə 40 min uyğur sığınacaq tapıb. Onlar Türkiyə ilə Çin arasında ötən dekabrda qarşılıqlı ekstradisiyaya dair sazişin imzalanmasından narazıdırlar.
Uyğurlar narahatdırlar ki, Türkiyə onları sazişə uyğun olaraq Çinə ekstradisiya edə bilər.
Ötən ay Çin xarici işlər naziri Ankaraya səfər edərkən yüzlərlə etirazçı küçələrə çıxmışdı.
BMT ekspertləri bildirirlər ki, Çində azı 1 milyon uyğur və başqa müsəlman azlıqların nümayəndələri Sintzyandakı əmək düşərgələrində saxlanır.
Birləşmiş Ştatlar yanvar ayında Çinin uyğurlarla rəftarını “soyqırım və insanlığa qarşı cinayət” adlandırmışdı.
Akşener və Yavaş potensial olaraq 2023-cü ilin prezident seçkisində Recep Tayyip Erdoğanın rəqibi ola bilərlər.