Azərbaycan hakimiyyəti ötən il Ermənistanla müharibə və COVID-19 pandemiyasından narazılara təzyiqləri artırmaq üçün istifadə edib. Onlarla müxalifət lideri, fəal qanunsuz olaraq saxlanıb, həbs edilib. İctimai narazılıq artdıqca sərbəst toplaşma və ifadə azadlıqları daha da məhdudlaşdırılıb. Vəkillər təqib olunub, hökumətin tənqidçiləri saxlanan zaman işgəncələrə, pis rəftara məruz qaldıqlarını deyiblər. “Amnesty International” insan haqları təşkilatı aprelin 7-də açıqladığı hesabatda belə deyir.
Buna da bax: Dövlət Departamenti Azərbaycanda insan haqlarından nə yazır
Müharibədə insan haqları pozuntuları
Hesabatda 44 günlük müharibə zamanı mülki əhalinin hüquqlarının pozulduğu, münaqişəylə bağlı zorakılığın ölümlə, xəsarətlə, evlərin dağılması ilə nəticələndiyi vurğulanır.
Qurum Qarabağ müharibəsində Azərbaycan və Ermənistanın klastr bombalarından istifadə etdiyini, beynəlxalq hüquqla yasaqlanmış bu silahların Xankəndinə, Bərdəyə atıldığını bildirir. Hər iki tərəfim qanunsuz edamlara, əsirlərə qarşı işgəncəyə, meyitlərin təhqirinə yol verdiyi vurğulanır. Amma həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatlarının daha öncə yaydığı oxşar hesabatlarda deyilənləri Azərbaycan hakimiyyəti təkzib edib. Əsirlərlə pis rəftara görəsə bir neçə hərbçinin saxlandığı haqda açıqlama yayılıb.
Azərbaycan ötən il hərbi əməliyyatlar və daha sonra atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Buna da bax: İşgəncə şikayətləri obyektiv araşdırılırmı?
Narazılar sıxışdırılıb
Hesabatın Azərbaycana aid hissəsində daha sonra deyilir ki, küçələrə çıxaraq, sosial media və digər vasitələrlə narazılığını bildirənlərə hakimiyyətin təzyiqi gücləndirilib. 12-dən çox şəxs, o cümlədən hakimiyyətin pandemiya ilə mübarizəsini tənqid edən jurnalist və müxalifət fəalları qondarma ittihamlarla 10-30 günlük inzibati cəzaya məhkum ediliblər. Onlar polisə müqavimətdə, karantin qaydalarını pozmaqda suçlanıblar.
“Amnesty” ötən ilin martında tanınmış müxalifətçi Tofiq Yaqublunun saxta xuliqanlıq iddiaları ilə saxlandığını, oktyabrda ev dustaqlığını buraxıldığını, insan haqları müdafiəçisi Elçin Məmmədin oğurluq ittihamıyla dörd illiyə həbs olunduğunu qeyd edir. İyulda Bakıda orduya dəstək yürüşülə əlaqədar isə AXCP fəalları saxlanıb. Noyabrda onlar ev dustaqlığına buraxıldılar.
Ötən il bəzi vəkillərin də təzyiqlərə məruz qaldığı; sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığı; saxlanmalar zamanı işgəncə və pis rəftar iddialarının geniş yayıldığı qeyd edilir.
Azərbaycan hakimiyyəti hələlik, bu hesabata münasibət açıqlamayıb. Amma ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidlər bir qayda olaraq rədd edilib. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda suçlayır.
Buna da bax: Blinken: 'Şəhla Hümbətovanın yanında olacağıq'
Regionda da vəziyyət yaxşı deyil
“Amnesty International” ötən il koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən bəzilərinin Avropada və Orta Asiyada insan haqları pozuntuları və bərabərsizliyi daha da dərinləşdirdiyini vurğulayır.
Bəzi hökumətlər böhrandan “hakimiyyəti ələ keçirmək, azadlıqları boğmaq üçün tüstü pərdəsi, insan haqları öhdəliklərini gözardı etməkdən ötrü bəhanə kimi istifadə edib”, qurum bildirir.
“Dünyada İnsan Haqlarının Vəziyyəti” adlı hesabatda deyilir ki, region ölkələrinin təxminən yarısı COVID-19-la əlaqədar fövqəladə vəziyyət elan ediblər, hökumətlər hərəkət, ifadə, dinc toplaşma azadlığını məhdudlaşdırıblar.
Hesabatda karantin qadağalarının və digər səhiyyə tədbirlərinin gözümçıxdıya salınmış fərd və qruplara “qeyri-mütənasib” təsir göstərdiyi, onların zorakılıq, mənsubiyyət yoxlaması, karantin, cərimələrlə üzləşdiyi bildirilir. Bu sırada Romaların, qaçqınların və sığınacaq axtaranların adları çəkilir.
Azərbaycandan savayı Ermənistan, Belarus, Fransa, Macarıstan, Qazaxıstan, Polşa, Türkiyə və digər ölkələrin “ifadə azadlığını məhdudlaşdırmaqdan ötrü mövcud və yeni qanunvericiliyə əl atdığı” vurğulanır.