Facebook sosial şəbəkəsi İranın mühacirətdən işləyən təşkilatına bağlı, İran hökumətini tənqid edən kontent yerləşdirən yüzlərlə saxta hesabı bağlayıb.
Həmin hesablar islam respublikasını devirməyə çalışan Mücahidini-Xalq (MEK) təşkilatını dəstəkləyib. Facebook aprelin 6-da hesabların saxta olduğunu bildirib.
Buna da bax: Tehran Şərqi Azərbaycan ostanında 'casusların' həbs olunduğunu deyir
Eyni məkandan idarə olunan hesablar
Sosial şəbəkə hesabların Albaniyada MEK üçün işləyən bir qrup şəxs tərəfindən eyni məkandan idarə olunduğunu müəyyənləşdirib.
ABŞ 2012-ci iləcən MEK-i terrorçu qrup hesab edir. Lobbiçilik fəaliyyəti, zorakılığa son qoyulacağı vədlərindən sonra qrup bu təsnifatdan çıxarılıb.
Facebook bildirir ki, hesablar bir neçə il ərzində əhəmiyyətli auditoriya toplaya bilməsə də, əməliyyata “sərt təşkil olunmuş troll fabriki”nin cəlb olunduğu, adamlara sosial mediada daha çox dezinformasiya yaymaq üçün pul verildiyi aydın görünür.
Fəaliyyət Mərkəzi Avropa vaxtıyla idarə olunub. Məsələn, postlar səhər saat 9-da çoxalıb, nahara azalıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
300-dən çox hesab, səhifə
“Trollar da yeməlidirlər”, – Facebook-da qlobal təhdid üzrə kəşfiyyat əməliyyatına başçılıq edən Ben Nimmo konfrans zəngi zamanı jurnalistlərə deyib.
Saxta hesablar şəbəkəsi 2017-ci ildə və 2020-ci ilin sonunda daha aktiv olublar. Ümumilikdə Facebook və Instagram-da 300-dən çox hesabın, səhifənin, qrupun silindiyi bildirilir.
Sosial şəbəkənin bildirməsinə görə, saxta hesabların bəziləri İranın tanınmış şəxsləri və vəfat etmiş dissidentlərinin forolatından istifadə ediblər.
Facebook 2019-cu ildən belə fotolardan istifadə olunan yeddi əməliyyatı pozduğunu, bu işi davam etdirəcəyini bildirir.
“Bilirik ki, bizim fəaliyyətə cavab olaraq nüfuzetmə əməliyyatları təkamül edəcək və yeni aldadıcı davranışlar peyda olacaq”, – şəbəkə vurğulayıb.