Prezident hərbi qənimətlər parkının açılışında

Hərbi Qənimətlər Parkı

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Parkda Ermənistan Ordusuna məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.

Dövlət başçısına parkda sərgilənən hərbi texnikalar barədə məlumat verilib.

Parkla tanışlıqdan sonra prezident İ.Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb və çıxış edib.

Hərbi Qənimətlər Parkının inşasına Bakıda, Dənizkənarı parkın yeni hissəsində 2021-ci ilin fevralından başlanmışdı.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.