J&J vaksininin vurulmasına fasilə verilir

Hindistanda dini festivala polis müdaxilə edir, 12 aprel, 2021-ci il

Hindistanın dünyada həcmcə ən böyük vaksin istehsalçısı olan Serum İnstitutunun rəhbəri xəbərdarlıq edib ki, hasilat gücü “böyük stress altındadır”

Birləşmiş Ştatlarda Johnson & Johnson şirkətinin COVID-19-a qarşı birdozalı vaksininin vurulmasına fasilə verilib. Belə bir tövsiyə ilə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Ərzaq və Dərman Administrasiyası (FDA) çıxış edib. Şirkət potensial qan laxtalanması hallarını tədqiq edir.

“Aşırı ehtiyatlılıq səbəbindən vaksindən istifadədə fasilə tövsiyə edirik”, – qurumlar aprelin 13-də birgə bəyanatda deyirlər.

Altı qadında vaksin vurulandan sonra qan laxtalanması, eləcə də trombositlərin sayının azalması müşahidə olunduğundan ABŞ rəsmiləri təhqiqat başladıb.

CDC bildirib ki, aprelin 14-də İmmunlaşdırma üzrə Məşvərət Komitəsinin iclasında bu hallar nəzərdən keçirilərək potensial əhəmiyyəti dəyərləndiriləcək. FDA da həmin analizi nəzərdən keçirəcəyini bildirib.

“Proses tamamlanana qədər bu fasiləni tövsiyə edirik”, – birgə bəyanatda deyilir.

İndiyədək Birləşmiş Ştatlarda 6.8 milyon dozadan çox Johnson & Johnson vaksini vurulub.

***

Hindistan Sputnik V-ni təcili istifadəyə təsdiqləyir

Hindistan Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksinini təcili istifadəyə təsdiqləyib. 1.3 milyard əhalisi olan ölkədə yoluxmaların ikinci dalğası tüğyan edir, vaksin qıtlığı var. Sputnik V istifadə olunacaq üçüncü vaksindir.

“Dr Reddy's Laboratories” farmaseptik şirkətinin aprelin 13-də bildirməsinə görə, Hindistanın dərmanlara nəzarət edən orqanı bu vaksinin idxalına icazə verib. Daha öncə isə ekspert qurumu vaksini təsdiqləyib.

Buna da bax: Pandemiya dövrünün ikinci Ramazanı başlanır

Dünya əhalisinin 40 faizi

“Hindistan Rusiya vaksinini qeydiyyata alan, ən çox əhalisi olan ölkədir. Sputnik V-nin təsdiqləndiyi 60 ölkənin ümumi əhali sayı 3 milyard, yaxud dünya əhalisinin 40 faizi qədərdir”, – vaksinin xaricdə marketinqinə cavabdeh Rusiya Birbaşa İnvestisiya Fondu bəyanatında bildirir.

Hindistanda indiyədək özünün hazırladığı Covaxin və Covishield vaksinlərinin 100 milyondan çox dozası vurulub. Covishield Oksford-AstraZeneca vaksininin ölkədə hazırlanmış versiyasıdır.

Rusiya fondu bildirir ki, Hindistanın beş dərman şirkəti ilə 850 milyon dozadan artıq vaksin istehsalı üzrə razılaşma əldə edib. Vaksinlər Hindistan əhalisi və dünyaya paylanmaq üçün nəzərdə tutulub.

Buna da bax: DST rəhbəri: Pandemiya ‘bir neçə aya’ cilovlana bilər, əgər…

Vaksin ixracı məhdudlaşdırılıb

Hindistan dünyanın ən böyük vaksin istehsalçılarındandır.

Moskvanın Gamaleya İnstitutunun hazırladığı Sputnik V-yə ilkin dövrdə skeptik yanaşma olmasına baxmayaraq, fevralda “The Lancet” tibb dərgisində çıxmış təhlildə onun COVID-19-a qarşı 91.6 faiz effektli olduğu bildirildi.

Hazırda Hindistanda COVID-19-a rekord yoluxma və ölüm halları qeydə alınır. Artıq yoluxma sayına görə bu ölkə Braziliyanı geridə qoyub.

Pandemiya başlanandan 13.5 milyon yoluxma, 170 mindən çox ölüm təsdiqlənib. Amma real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Hindistanın dünyada həcmcə ən böyük vaksin istehsalçısı olan Serum İnstitutunun rəhbəri xəbərdarlıq edib ki, hasilat gücü “böyük stress altındadır”. Həm yoxsul, həm də zəngin ölkələrdən bəzilərini AstraZeneca vaksini ilə Serum təchiz edir. Amma ötən aydan Hindistan daxili ehtiyacı önə çəkərək ixracı məhdudlaşdırıb.