“Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik”
Bunu bugün, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Belarus lideri Alyaksandr Lukaşenka ilə birgə mətbuata bəyanatlarında qeyd edib.
Azərbaycan prezidentinin sözlərinə görə, Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə ediblər:
“Mən Alyaksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktik olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik”.
Azərbaycan prezidenti qeyd edib ki, Belarus da Azərbaycan üçün belə ölkədir:
“Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.
Belarus lideri Alyaksandr Lukaşenka Azərbaycana aprelin 13-də gəlib.
Onun təklikdə və geniş tərkibdə Azərbaycan prezidenti ilə görüşləri olub. İki ölkə arasında baytarlıq, turizm və energetika sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. Alyaksandr Lukaşenkanın Azərbaycan səfəri artiq başa çatıb.
Buna da bax: İlham Əliyev bununla nə demək istəyir?Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Ötən il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.