Türkiyənin xəbər agentlikləri və Reuters bu ölkənin rəsmilərinə və diplomartik dairələrinə istinadən xəbər verirlər ki, ABŞ hərbi gəmilərinin Bosfordan Qara dənizə aprelin 14 və 15-nə planlaşdırılan keçidi baş verməyəcək.
Mənbələr bildirirlər ki, ABŞ gəmilərin Bosfordan keçəcəyinə dair Türkiyəyə verdiyi bildirişi geri götürüb.
Montrö Konvensiyasına uyğun olaraq qeyri-Qara dəniz ölkələri hərbi gəmilərinin Bosfordan keçməsi üçün Türkiyəyə müraciət etməlidirlər.
ABŞ aprelin ortalarında Qara dənizə iki hərbi gəmi göndərəcəyini Rusiya-Ukrayna sərhədində gərginliyin eskalasiyası və Rusiyanın burada qoşun cəmləşdirdiyi bir vaxtda bildirmişdi.
O vaxt bildirilirdi ki, ABŞ-ın bu manevrindən məqsəd onun və müttəfiqlərinin Ukraynaya dəstəyinin nümayişi olmalıdır.
Buna da bax: Rusiya sərhədə qoşun yığmaqla ‘provokasiya’ yaratmağa çalışırBayden-Putin danışıqlarından sonra
Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, aprelin 13-də ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon söhbəti olub.
Ağ Evin bəyanatında deyilirdi ki, Bayden söhbət zamanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə Vaşinqtonun “sarsılmaz” dəstəyini ifadə edib.
Bayden habelə Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşməyi təklif etmişdi.
Bayden aprelin 14-də Ukrayna ətrafında yaranmış vəziyyəti Almaniya kansleri Angela Merkellə müzakirə edib.
Bu söhbət zamanı qeyd olunub ki, Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırılması üçün Rusiya qoşunlarının sərhədə yaxın ərazilərdən çıxarılması məqsədəuyğun olardı.
Rusiya-Ukrayna gərginliyi ilə bağlı məsələlər NATO ölkələri xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında da müzakirə olunub.
Bu görüşdə ABŞ müdafiə naziri Lloyd Ostin demişdi ki, Vaşinqton Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstəyini davam etdirəcək.
Buna da bax: Bayden Putinlə danışıbKeçidin ləğv edilməsinə səbəb göstərilməyib
Ukrayna məsələsi habelə xüsusi xidmət rəhbərlərinin iştirakilə ABŞ Senatında müzakirə olunub.
Bu müzakirə zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib ki, Rusiya Ukrayna ilə sərhədə qoşun cəmləşdirməsi ilə çox güman Kiyevə siyasi təzyiqini artırmağa çalışır.
Reuters xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi gəmilərin Bosfordan keçidinin ləğv olunmasına dair məlumat verib, lakin bu addımın səbəbi açıqlanmayıb.
Anadolu agentliyi bildirir ki, ABŞ yaxın gələcəkdə hərbi gəmilərinin keçidi üçün də müraciət verməyib.
ABŞ rəsmiləri bildirirlər ki, ola bilsin, Türkiyə tərəfi ilkin bildirişi “yanlış başa düşüb”, çünki gəmilərin keçidi barədə rəsmi təsdiq verilməyib.
ABŞ rəsmiləri bunu da əlavə ediblər ki, ABŞ Türkiyəyə potensial keçidlər barədə vaxtaşırı bildiriş göndərir, lakin bu, heç də gəmilərin Bosfordan mütləq keçəcəyi anlamına gəlmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
NATO və Erdoğan da çağırış ediblər
Rusiya Vaşinqtona xəbərdarlıq etmişdi ki, Krımdan və onun Qara dəniz sahilindən kənar dursun.
Moskva bildirir ki, Rusiya qoşunlarının hərəkəti üçhəftəlik qəfil manevrlərlə bağlıdır və “NATO-nun təhdidli davranışına” reaksiyadır.
Rusiya ABŞ hərbi gəmilərinin Qara dənizə gətiriləcəyinə dair xəbərlərlə eyni vaxtda, aprelin 14-də hərbi dəniz təlimlərinə başlayıb.
Təlimlər zamanı dəniz və hava hədəflərinin vurulması məşq edilir.
NATO-nun baş katibi Yens Stoltenberq aprelin 13-də Moskvanı Ukrayna sərhədi yaxınlığında qoşun cəmləşdirilməsini dayandırmağa çağırmışdı.
Türkiyə prezidenti Recvep Tayyip Erdoğan da Ukraynanın Donbas regionunda “narahatlıq doğuran” hərəkətlərə son qoyulmasına çağırış edib.
Aprelin 14-də Merkel və Bayden Rusiyanı öz qoşunlarını Ukrayna sərhədindən çəkməyə çağırıblar.