İsraildə küçədə maskasız gəzməyə icazə verildi

İsrail, 18 aprel, 2021-ci il

1.3 milyard əhalisi olan Hindistan pandemiyanın ən ağır mərhələsini yaşayır, xəstəxanalarda yer, ağır xəstələr üçün oksigen ehtiyatı çatışmır

Birləşmiş Ştatlarda böyüklərin yarısına COVID-19 vaksininin azı bir dozası vurulub. Dünyanın digər yerlərində tüğyan edən virus dalğası gələnəcən ölkə əhalisini peyvəndləmə çalışır.

Artıq yaşı 18 və yuxarı olanlardan 130 milyonuna, yaxud böyüklərin 50.4 faizinə vaksinin azı bir dozası vurulub. İnformasiyanı aprelin 18-də Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb. Böyüklərdən 84 milyon nəfər, yaxud əhalinin üçdə biri isə tam peyvənd olunub.

Buna da bax: 300 milyon doza vaksin artıq qalır. Stress ili – Qərb mediası

Günə 3 milyon doza

Birləşmiş Ştatlarda günə 3 milyon dozadan çox peyvəndin vurulduğu bildirilir.

Ancaq bu yaxınlarda keçirilmiş rəy sorğusuna görə, hər 5 amerikalıdan biri peyvənd vurmağa tərəddüd edir.

İsraildə aprelin 18-dən son bir ildə ilk dəfə olaraq açıq havada maska taxmaq qadağası qaldırılıb. Əhalinin yarıdan çoxuna peyvəndin hər iki dozası vurulub.

İsrail dünyada COVID-19-a qarşı vaksinasiyasını sürətlə aparan ölkələrdəndir. 5 milyon nəfərə Pfizer/BioNTech vaksininin hər iki dozası artıq vurulub.

Yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm hallarında dramatik azalma nəticəsində məktəblər, barlar, restoranlar yenidən açılıb, qapalı məkanlarda toplanmağa icazə verilib. Ancaq qapalı məkanlarda maska qadağası qüvvədə qalır.

Buna da bax: Cənubi Koreya da Sputnik V buraxacaq

İsrail

İsrailin Baş naziri Bencamin Netanyahu deyib ki, gələcəkdə vaksinin əlavə dozasına ehtiyac yarana bilər. ABŞ-ın səhiyyə rəsmiləri və vaksin istehsalçıları da oxşar fikir səsləndiriblər.

“Hələlik, koronavirusla işimiz qurtarmayıb, o qayıda bilər”, – deyən Netanyahu “əlavə milyonlarla doza vaksin” əldə etməyin vacibliyini vurğulayıb.

“Gec, ya tez, daha bir doza lazım olacaq”, – o deyib.

Buna da bax: Açıq havada yoluxma riski ‘daha azdır’ – Qərb mediası

Bu arada Hindistan, Pakistan, Türkiyədə yoluxmalarda rekord qeydə alınmaqdadır.

1.3 milyard əhalisi olan Hindistan pandemiyanın ən ağır mərhələsini yaşayır, xəstəxanalarda yer, ağır xəstələr üçün oksigen ehtiyatı çatışmır.

Avropada virusun üçüncü dalğası yaşanır, vaksinasiya ləng gedir. Almaniyada pandemiyanın 80 minə yaxın qurbanı üçün anım mərasimi keçirilib.

Qonşu Fransa isə Argentina, Çili, Cənubi Afrika və Braziliyadan gedənlər üçün yeni səyahət qadağaları tətbiq edib. Cənubi Amerikada virusun xüsusilə yoluxucu variant yayılmaqdadır.