Ekspert: “Hesab etmirəm ki, bu ABŞ və Türkiyə arasında strateji qırılma yaradacaq”
ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsi işlətməsi Azərbaycanda da gündəmin müzakirə predmetinə çevrilib. Əsas sual da dövlət başçısının açıqlamasının Vaşinqton-Ankara münasibətlərində nəyi dəyişəcəyi barədədir.
Siyasi ekspert Şahin Cəfərli hesab etmir ki, Prezident C. Baydenin yanlış addımı ABŞ və Türkiyə arasında strateji qırılma yaradacaq:
“Aprelin 23-də telefon söhbətində C. Baydenin R.T.Ərdoğana “soyqırım” kəlməsini işlədəcəyini söylədikdən sonra onların iyundakı NATO zirvəsində ikitərəfli görüş barədə razılığa gəlməsi də bunu göstərir. Şübhəsiz ki, C. Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti, əlavə bir çalar olacaq.”
Ekspert hesab edir ki, bu məsələdə Türkiyə rəsmilərinin şifahi bəyanatları yazılı mətnlərdən daha kəskin olacaq:
“Bunu Vaşinqtonda da bilirlər”
“ Çünki ilk növbədə daxili ictimaiyyətə yönəlir. Ola bilər ki, Vaşinqtondakı səfir də məsləhətləşmələr üçün geri çağırılsın. Amma bu hadisə Türkiyənin öz strateji kursuna yenidən baxıb, ABŞ-la əlaqələrini kəsməsinə, NATO-dan uzaqlaşaraq, tutaq ki, Rusiya və ya Çinlə müttəfiqlik qurmasına səbəb olmayacaq. Bunu Vaşinqtonda da bilirlər.”
Onun fikrincə, Türkiyənin indiki rəhbərliyi Rusiya ilə ikitərəfli əlaqələri ölkənin maraqları naminə inkişaf etdirməkdən əlavə, son illər Moskva ilə yaxınlaşmadan həm də Vaşinqtona qarşı bir təzyiq amili kimi istifadə edirdi:
“Yəni əlində bir alternativin olduğunu göstərməyə çalışırdı. Bu siyasət C.Bayden gələnə qədər effekt verdi, amma artıq potensialını tükədib…”.
O, Ankaranın çox praqmatik siyasət apardığı qənaətindədir:
“Məncə, həm doğru, həm də yanlış”
“C.Baydenin bu dəfə “soyqırım”ı tanıyacağı da əvvəldən bəlli idi. Ankara bunun qarşısını almaq üçün ciddi cəhdlər etdimi? Xeyr. Ola bilər səhv düşünürəm, subyektiv qənaətim ondan ibarətdir ki, bu dəqiqə məsələn, “Halkbank” olayı ( Söhbət ABŞ-in İrana sanksyalarının pozulmasından gedir.ABŞ-da qurulan məhkəmədə Türkiyənin qeyd edilən bankının əməkdaşı və başqa şəxslər də istintaqa cəlb edilib) Ankaranı daha çox narahat edir, nəinki “soyqırım”. Belə bir sual yarana bilər ki, Türkiyənin “soyqırım” məsələsinə əvvəlki qədər həyati önəm verməməsi doğru siyasətdir, yoxsa yanlış? Məncə, həm doğru, həm də yanlış.”
Ekspert hesab edir ki, Türkiyənin bu məsələyə həddən artıq əhəmiyyət verməsi qarşı tərəfi daha da motivə edir:
“ Onlar apardıqları işin dövlətləri qarşı-qarşıya gətirəcək qədər böyük miqyaslı iş olduğunu görüb, daha da həvəslənirlər. Digər yandan, hər il “Amerika prezidenti görəsən, soyqırım deyəcək, ya yox?” stresini yaşamaqdansa, bu məsələyə birdəfəlik nöqtə qoyulması daha yaxşıdır. Amma bəzi riskli ehtimallar da var”.
Şahin Cəfərlinin fikrincə, Türkiyə “erməni soyqırımı”nın dünyada tanınmasının qarşısının alınmasına əvvəlki dövrdə olduğu qədər güc və enerji sərf etməyib. O, deyir ki, R.T.Ərdoğan iqtidarı dönəmində, xüsusən prezident üsul-idarəsi tətbiq olunduqdan sonra, Türkiyə diplomatiyası, Xarici İşlər Nazirliyi sistemini bir qədər kənara itələyib:
“Bütün işlər, prezident sarayından idarə olunmağa başladı”
“Bütün işlər, o cümlədən xarici siyasət tamamilə bir mərkəzdən - prezident sarayından idarə olunmağa başladı. Xarici siyasətdə buraxılan səhvlərdən biri də İsrail dövləti və yəhudi icmaları ilə əlaqələrin korlanması oldu. Halbuki ABŞ-dakı İsrail lobbisi Konqresdə erməni və yunan lobbilərinin Türkiyə əleyhinə təşəbbüslərini dəfələrlə əngəlləmişdi…”
***
XİN: ABŞ Prezidentinin bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur
“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”
Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin çıxışı ilə bağlı dəyərləndirməsində yer alır.
“Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.”, deyə qurum vurğulayıb.
Açıqlamaya görə, “yüz il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir”.
Habelə qeyd edilir ki, 1915-ci il hadisələrini siyasətçilər deyil, tarixçilər araşdırmalıdır:
“... Baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.
***
Azərbaycan və Türkiyə rəhbərləri ABŞ Prezidentinin bəyanatını dəyərləndiriblər
Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.”, məlumatda yazılıb.
Məlumata görə, Prezident İlham Əliyev Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb:
“Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı”
Açıqlamaya görə, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər
***
Azərbaycan və Türkiyə xarici işlər nazirləri məsələyə münasibət bildiriblər
Bu ilin 24 aprel tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, "nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb".
Xəbərdə həmçinin vurğulanır ki, "bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu Türkiyəli həmkarın diqqətinə çatdırılıb".
Məlumatda bildirilir ki, nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.
***
Ağ Ev 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında erməni əhalisi ilə bağlı baş verənləri soyqırım kimi tanıyır.
Bu açıqlama ABŞ prezidenti Co Bayden tərəfindən 106 il əvvəl baş verən hadisələrin növbəti anım günü - aprelin 24-də səsləndirilib.
Ağ Ev ənənəvi olaraq bu tarixdə qurbanların xatirəsinə həsr olunmuş açıqlamalar yayımlayır, lakin bu dəfəki bəyanatda ilk dəfə "soyqırım" ifadəsi işlədilir.
Bəyanatda milyon yarım erməninin 1915-ci ildə və sonrakı illərdə Osmanlıda kütləvi məhv kampaniyasının qurbanı olduğu qeyd edilir.
Açıqlamada bildirilir ki, ABŞ bununla qurbanların xatirəsinə hörmət etmək istədiyini bəyan edir və kimisə günahlandırmır.
2019-cu ildə bu məsələ ABŞ Konqresinin hər iki palatası tərəfindən tanınmışdı, lakin daha sonra bu qərar icra hakimiyyətinin dəstəyini almadı.
Bir sıra qərb mediası hələ bir gün əvvəl yazmıdı ki, ABŞ prezidenti aprelin 23-də türkiyəli həmkarı Recep Tayyip Erdoğana, Ağ Evə gəlişindən bəri ilk telefon zəngində ona 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırım” kimi tanımaq niyyətində olduğunu deyib.
Buna da bax: Reuters: Bayden Erdoğana ‘erməni soyqırımını tanımaq niyyətini” bildiribElə Baydeyin çıxış etdiyi gün BMT baş katibinin rəsmi nümayəndəsi isə bu məsələyə məhkəmənin qərar verməli olduğunu bildirmişdi.
Buna da bax: BMT-yə görə, soyqırımı faktına məhkəmə qərar verilməlirTürkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankaranın Co Baydenin 1915-ci ildə Osmanlı İmperatorluğunun ermənilərinə qarşı soyqırımı etməsi iddialarına "qəti şəkildə qarşı olduğunu" söyləyib.
Türkiyə soyqırım ittihamlarını qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.
Bundan başqa Türkiyə prezidenti ölkəsinin 1915-ci ilə bağlı bütün arxivləri açmağa və üçüncü tərəfin də iştirakı ilə bütün sənədləri araşdırmağa hazır olduğunu bəyan edib və rəsmi Yerevanı da onda olan arxivləri açmağa çağırıb.