“The Washington Post” qəzeti COVID-19-a qarşı peyvənd olunandan sonra koronavirusa yoluxanlardan yazır. Tampada bir pediatr Pfizer-BioNTech vaksininin ikinci dozası vurulandan yeddi həftə sonra yenidən virusa yoluxub.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) bu yaxınlarda bildirməsinə görə, azı 5 min 800 nəfərdə Pfizer-BioNTech, yaxud Moderna vaksinlərinin hər iki dozası vurulandan azı iki həftə keçəndən sonra koronavirus aşkarlanıb.
95.9 milyondan çox amerikalı artıq tam peyvənd olunub.
Buna da bax: Braziliya Sputnik V-ni rədd edir
Gözləntilərə baxmayaraq...
CDC bu “görünməmiş” yoluxmaların bütün yaş qrupları üzrə qeydə alındığını bildirir. Səhiyyə rəsmilərinin bildirməsinə görə, təkrar yoluxmalar gözlənilən idi, çünki elə vaksin istehsalçıları da vaksinlərin 100 faiz qoruyucu olmadığını demişdi.
Pfizer və Moderna vaksinləri azı altı ay ərzində 90 faizdən yuxarı effekt göstərib. Amma araşdırmalar bu vaksinlərin 100 faizədək effektini üzə çıxarıb. Yəni az sayda peyvənd olunmuş şəxs yenidən virusa yoluxacağı halda vəziyyətləri ağırlaşmayacaq, yaxud xəstəxanaya yerləşdirilməyəcəklər.
Buna da bax: Açıq havada maska taxmaq vacibdirmi
Qəzet yazır ki, bütün bunlara baxmayaraq, adamlar qəfildən belə halla üzləşəndə şok olurlar. AzadAvropa/AzadlıqRadiosu-nun keçmiş əməkdaşı, hazırda “New Yorker”in yazarı Maşa Gessen də peyvəndin ikinci dozasını vurandan bir ay sonra yenidən xəstələnib. Bu onun oğlunda və partnyorunda virus aşkarlanandan sonra baş verib. Gessen bunu “narahatedici, hətta travmatik” adlandırır.
Elə həkimlər də dilxor olurlar. Floridanın qərb sahilində yerləşən Tampada yoluxucu xəstəliklər üzrə həkim Kami Kim deyir ki, baş verənlər, gözlənilən olmasına baxmayaraq, həm adamlar, həm də həkimlər üçün çaşdırıcıdır. “Prosesin gedişində öyrənirik, pasiyentlər və özümüz üçün nəyin yaxşı olmasına mühakimə yürüdürük”, – o vurğulayıb.
Buna da bax: NYT pandemiyada depressiyaya aparan hissdən yazır
Peyvənd olunsanız da maska taxın
“The Washington Post” başqa bir yazısında hətta vaksin olunanların belə maska taxmasının vacibliyindən yazır.
“Maskalar bir adamdan digərinə yoluxmanın qarşısını almağın ən yaxşı yoludur”, – epidemioloq Liza Maragakis deyib.
CDC martda tam peyvənd olunmuş şəxslər üçün təlimat açıqlayıb, bəzi qadağaları yüngülləşdirib. Belə ki, vaksinin hər iki dozası vurulanlar maska taxmadan və fiziki məsafəni gözləmədən bir-birilə ünsiyyət saxlaya bilərlər. Vaksin vurdurmasa belə bir evdə yaşayanlar da qaydaları gözləməyə bilərlər.
Amma ictimaiyyət arasında hər kəsin maska taxması vacibdir, CDC bildirir. Bu qaydalar “indiki məqamda tamamilə məqsədəuyğundur”, – Braun Universitetinin professoru Meqan Ranni bildirir.