Ermənistanda parlamentin hakim “Mənim addımım” fraksiyası Nikol Paşinyana alternativ axtarmır.
Bu bəyanatı AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun sualına cavab verərkən Milli Məclisin spikeri Ararat Mirzoyan verib.
44 günlük müharibədən sonra ölkədə yaranmış siyasi böhranın çözülməsi məqsədilə baş nazir Paşinyan və onun istefasını tələb edən parlament müxalifəti arasında erkən seçkinin keçirilməsinə dair razılaşma əldə olunub.
Lakin hakim “Mənim addımım” fraksiyası dəfələrlə bəyan edib ki, onun erkən seçkidə də vahid və yeganə namizədi Paşinyan olacaq.
Medianın baş nazir postunda Paşinyanı əvəz etməyə layiq namizəd kimi gördüyü Ararat Mirzoyan aprelin 28-də bildirib ki, onun fraksiyası Paşinyana alternativ axtarmır.
Paşinyan istefa verdikdən sonra komandası baş nazir vəzifəsinə yenidən onun namizədliyini verib.
Hələlik sürpriz olmayacaq
Lakin erkən seçkinin keçirilməsi üçün parlamentin onu bu vəzifəyə təsdiqləməkdən iki dəfə imtina etməsi lazımdır. Yalnız bu halda parlament buraxıla, erkən seçki keçirilə bilər.
Parlamentdə ikinci böyük fraksiya – “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən İveta Tonoyan deyib ki, onun partiya yoldaşları artıq seçki hazırlığına başlayıblar və seçkiqabağı kampaniyanı partiyanın lideri Qagik Tsarukyan şəxsən koordinasiya edir.
Xanım Tonoyan deyib ki, “Çiçəklənən Ermənistan” fraksiyasının qəti əmin olduğu proqram var: Partiya 20 iyun seçkisinə Tsarukyanın başçılıq etdiyi siyahı ilə gedir və partiyanın qələbəsi məhz onun baş nazir olması ilə nəticələnməlidir.
Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə bildirib ki, “hələlik heç bir sürpriz olmayacaq” və təşkilat baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək.
Buna da bax: Freedom House: 'Azərbaycan möhkəmlənmiş avtoritar rejimdir'Müxalifət Ter-Petrosyana cavab verir
Azatutyun yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bugünlərdə məhz bu iki partiyanı “Paşinyanı vəzifəsində saxlamaq üçün iqtidarla qanunsuz sövdələşməyə girməkdə” ittiham etmişdi.
Ter-Petrosyan bəyan etmişdi ki, konstitusiyaya görə Paşinyan vəzifəsindən istefa verdikdən sonra həmin vəzifənin icraçısı kimi qala bilməz.
İveta Tonoyan Azatutyuna müsahibəsində birinci prezidentə konstitusiya hüququ üzrə başqa ekspertlərlə də danışmağı məsləhət görüb.
O deyib iki, “Çiçəklənən Ermənistan”, “Maariflənmiş Ermənistan” və prosesdə iştirak edən başqa partiyaların öz gündəlikləri var.
Xanım millət vəkili Ter-Petrosyana işarə edərək bildirib ki, onun partiyasını tənqid edənlər başqalarının gündəliyinə xidmət edirlər:
“Çox yaxşı olardı ki, onlar hansı gündəliyə xidmət etdiklərini açıq bildirəcək qədər səmimi olaydılar”.
Bu arada aprelin 28-də Ermənistan hökuməti seçki kampaniyasına maneçilik törədilməsinə qarşı məsuliyyəti sərtləşdirib.
Bununla əlaqədar aprelin 28-də Cinayət Məcəlləsinə düzəlişlər haqqında qanun birinci, ikinci və sonuncu oxunuşda qəbul olunub.
Sizin brauzer HTML5-i dəstəkləmir
“İnqilaba qədər seçki yadınızdadırsa...”
Azatutyun yazır ki, bu qanunvericilik təşəbbüsü ilə də hakim “Mənim addımım” fraksiyasından Vaaqn Ovakimyan çıxış edib.
O deyib ki, bundan sonra seçkiyə maneçilik törədilməsinə qarşı qanun daha sərt olacaq:
“İnqilaba qədər seçki vaxtı yadınızdadırsa, hansısa qruplar müxalifətin təşviqat kampaniyasına maneçilik törətməyə çalışırdılar. Onlar bunu etsələr də, cəzasız qalırdılar. Yeni normalara görə siyasi baxışlarından asılı olmayaraq, istər müxalifət olsun, istərsə də iqtidar, təşviqat kampaniyasına mane olmaq istəyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Qanuna düzəlişdə belələri üçün 6 aydan 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qanuna görə seçki təşviqatına mane olarkən zoralkılıq və ya təhdidə əl atanlar isə 6 il müddətinə azadlıqdan məhrum edilə bilrələr.
Seçicilərin maddi cəhətdən ələ alınması cəhdlərinə görə isə 5 ilədək həbsxana cəzası nəzərdə tutulur.
Hakimiyyət əmindir ki, qanuna düzəlişlər qarşıdan gələn erkən seçkilərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Buna da bax: Ter-Petrosyan Paşinyana qarşı (Video)Koçaryanın bu seçkiyə təsirini azaltmaq
Lakin müstəqil deputat Arman Babacanyan iqtidara xitabən deyib ki, hakim “Mənim addımım” fraksiyası keçmiş hakimiyyətə “öz şərtlərini diqtə etməkdə” mane olacaq heç nə etməyib:
“Siz sadəcə olaraq sizi gözləyən və bizə gətirdiyiniz fəlakəti bilmirsiniz. Biz indi sakitcə oturmuşuq və Koçaryanın və onun başqa satqın əlbirlərinin seçkiyə daha az təsir edə bilmələri üçün nə etməli olduğumuzu düşünürük. Mən bu dəyişikliklərlə seçki prosesinin azad, ədalətli və şəffaf keçirilməsi üçün prinsipial həll tapdığımızı düşünməkdən uzağam”.
“Maariflənmiş Ermənistan” fraksiyasından deputat Ani Simonyan isə deyib ki, iqtidarın təşəbbüsü müxalifəti seçkidə iştirak üçün vəsait əldə etməkdən məhrum edir. Onun fikrincə, hakim partiya isə inzibati resurslardan faydalanmaq imkanına malik ola bilər.
Azatutyun yazır ki, qanun dəyişiklikləri prezident tərəfindən təsdiq edilməlidir. O bu sənədi imzalamasa və Konstitusiya Məhkəməsinə müraciət etsə, bu proses aylarla uzana bilər.
Hakim “Mənim addımım” fraksiyasının lideri Lilit Makunts deyib ki, prezident dəyişikliklərdən xəbərdardır və lazım gələrsə, detallar üzərində onunla müzakirələr aparıla bilər.