Hindistanda koronavirus pandemiyası ilə bağlı durum ağırlaşır, xəstəxana çarpayıları, oksigen ehtiyatı, dərman azalır. Onlarla ölkə təcili tibbi yardım göndərirlər.
1.3 milyard əhalisi olan ölkədə baş verənlər COVID-19-un digər yerlərdə də baş qaldıra biləcəyi sarıdan narahatlıq yaradır.
Afrika Hindistanda baş verənlərə “tam bir inamsızlıq”la baxır, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Con Nkenqasong aprelin 29-da jurnalistlərə deyib.
“Bizim qitəmiz Hindistanda baş verənləri gözardı edə bilməz. Yetərincə tibb işçimiz, oksigen ehtiyatımız yoxdur”, – o xəbərdarlıq edib.
Buna da bax: Braziliyada koronavirusdan ölüm 400 minə yaxınlaşır
Cəmi 17 milyon vaksin
Afrikada pis amil odur ki, 1.3 milyard əhalinin yaşadığı qitədə indiyədək 17 milyon vaksin vurulub. Həm də Afrika vaksin təchizatına görə Hindistandan asılıdır. Serum İnstitutunun hazırladığı AstraZeneca vaksinləri COVAX təşəbbüsü çərçivəsində inkişaf etməkdə olan ölkələrə paylanır.
Bu arada Hindistan öz əhalisinə daha çox peyvənd vurdurmaqdan ötrü vaksin ixracını dayandırıb.
Bu qadağa “vaksinasiya proqramlarının perspektivinə təsir göstərir, gələn həftələr, ola bilsin aylar ərzində bu davam edəcək”, – Nkenqasong deyib.
Alimlər Hindistanda yoluxmaların gigiyena qaydalarına tam əməl olunmaması və ştammlarla əlaqələndirirlər. Özəlliklə ilk dəfə Britaniyada aşkarlanmış B.117 ştammı, ötən dekabrda Hindistanda qeydə alınmış B.1.617 ştammı bu ölkədə geniş yayılıb.
Buna da bax: Həkim: '18 yaşdan yuxarı hamıya peyvənd vurulmalıdır'
Avropa acılıma gedir
Müəyyən ləngimədən sonra, Avropada vaksinasiya kampaniyaları vüsət almaqdadır. Bəzi ölkələr iqtisadiyyatı tədricən açırlar.
Almaniyada bir günə rekord sayda – 1.1 milyon nəfərə vaksin vurulub. Amma ölkənin əksər hissəsində qadağalar qüvvədə qalır.
Fransa Prezidenti Emmanuel Makron deyib ki, gələn aydan kafelər, mədəniyyət obyektləri, bizneslər mərhələli şəkildə açılacaq. Ölkəiçi səyahətə qadağanın gələn həftə götürüləcəyi gözlənir.
İrlandiyanın Baş naziri Maykl Martin mayın 10-dan lokdaun qadağalarının qaldırılacağını açıqlayıb.
Yanvarda pandemiyanın böyük zərbə vurduğu Portuqaliya mayın 1-dən COVID-19 məhdudiyyətlərinin tədricən qaldırılmasının yekun mərhələsinə başlayacaq. Üç aylıq fasilədən sonra İspaniya ilə quru sərhədi açılacaq, normal səyahət bərpa olunacaq.
“Bu heç də ölkənin pandemik vəziyyəti həll etməsi anlamına gəlmir”, – Baş nazir Antonio Kosta deyib.
Buna da bax: Azərbaycan pandemiya dövründə vətəndaşlarına ən az pul xərcləyən ölkələrdən olub
Xəbərdarlıq
Avropada vəziyyətin yaxşılaşmasına baxmayaraq, Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, qaydaların yüngülləşdirilməsi Hindistandakı kimi yoluxmalarda “partlayış”a səbəb olar.
“Hindistandakı yoluxmaların istənilən yerdə baş verə biləcəyini anlamaq çox vacibdir”, – DST-nin Avropa üzrə rəhbəri Hanz Kluge deyib.
Aprelin 30-dan Avropada üç həftəlik qapanma başlayıb.
Birləşmiş Ştatlarda isə əhalinin 43 faizinə azı bir, 30 faizinə isə hər iki doza vaksin vurulduğundan şəhərlər və ştatlar açılıma gedir.
Nyu York şəhəri iyulun 1-də “tam açılacaq”, – deyən mer Bill de Blasio vaksinasiya kampaniyasındakı proqresi vurğulayıb.