Mayın 3-də Prezident Co Bayden Birləşmiş Ştatlara qaçqın qəbuluna bu il üçün limiti 62 min 500 nəfərə qaldırıb. Bu, “dünya ölkələrində qaçqınlarla bağlı görünməmiş fövqəladə vəziyyət”lə izah olunur.
Bayden sələfi Donald Trampın qoyduğu rekord aşağı səviyyəni qaldırmadığına görə tənqid olunurdu.
Prezident bəyanatında deyib ki, onun addımı “əvvəlki administrasiyanın tətbiq etdiyi 15 minlik tarixi rekordu aradan qaldırır”, həmin rəqəm “Amerikanın qaçqınları qarşılayan və dəstək verən ölkə kimi dəyərini əks etdirmirdi”.
Tramp qaçqın proqramını davamlı olaraq məhdudlaşdırırdı, ötən ilin oktyabrında 15 minlik limit təyin etdi.
Buna da bax: ABŞ iqtisadiyyatı bu il 7 faiz arta bilər
Vacib mesaj
Qaçqın qəbulu üzrə yeni rəqəm “Birləşmiş Ştatların dünyada ən həssas adamların bir hissəsi üçün təhlükəsiz sığınacaq kimi qalmasına dair vacib mesaj göndərir”, – Bayden bəyanatında deyib.
Amma prezident onu da etiraf edib ki, ABŞ sentyabrda bitən maliyyə ilinin sonunadək yeni 65 minlik hədəfi qarşılaya bilməyəcək, səbəb isə COVID-19 pandemiyası və ölkənin təkrar məskunlaşdırmasına məhdudiyyətlərdir.
ABŞ sərhədlərinə gedən miqrantlar üçün sığınacaq sistemindən fərqli olaraq qaçqın proqramı dünyanın hər yerindən gedənlər, o cümlədən münaqişədən qaçanlar üçündür. Onlar hələ öz ölkələrində ikən hərtərəfli yoxlamadan keçir, sonra Birləşmiş Ştatlara daxil olmalarına icazə verilir.
Avropa və Orta Asiyaya 4 min, Afrikadan qaçqınlara 22 min, Şərqi Asiyaya 6 min, Latın Amerikası və Karib bölgəsi üçün 5 min, Cənubi Asiyaya 13 min yer ayrılıb. Qalan 12 min 500 yer də tezliklə açıqlanacaq.
Buna da bax: Pentaqon: Rusiya Dağlıq Qarabağa birbaşa müdaxilə etməsə də... (Video)
Tənqiddən dərhal sonra...
Bayden ötən ay imzaladığı fərmanda bu ilin qəbul limitini 15 min səviyyəsində saxlayanda sərt tənqidlə üzləşdi. Ağ ev açıqlamasında bildirdi ki, “dolaşıqlıq yaranıb”, Bayden mayın 15-dək limiti artıracaq.
Prezident mayın 3-də deyib ki, ona verilən əlavə informasiya limiti 62 min 500-ə qaldırmaqla bağlı təcili fərman imzalamasına səbəb olub.
Dövlət katibi Entoni Blinkenin deməsinə görə, yeni limit çərçivəsində mümkün qədər çox qaçqın qəbul etməkdən ötrü ABŞ-ın gücünü təkmilləşdirmək işləri görülür. Bu maliyyə ilində Birləşmiş Ştatlara 2 mindən bir az artıq qaçqın yerləşib.
Trampın ötən oktyabrdakı fərmanı nəticəsində kənarda qalmış 2 mindən çox qaçqın üçün hazırda səyahət hazırlığı görülür.