Kommersant qəzetinin Rusiyanın xaric işlər naziri Sergey Lavrovun mayın 6-da Yerevana və mayın 10-da Bakıya gözlənilən səfəri barədə məqaləsində qeyd edilir ki, Ermənistan tərəfi üçün son dərəcə prinsipial olan əsirlərin qaytarılması məsələsi hələ də açıq qalır.
Ermənistan tərəfi Azərbaycanda saxlanan erməni hərbçilərin qaytarılmasını israrla tələb edir.
Lakin məqalədə deyilir ki, tərəflər arasında hətta bu əsirlərin sayı barədə də fikir ayrılığı var.
Ermənistan rəsmilərindən biri qəzetin müxbirinə deyib ki, Yerevanın təxminlərinə görə Azərbaycan əsirliyində 200-dək erməni var.
Rəsmi izah edib ki, bunlardan 72-si təsdiq olunub. Onun sözlərinə görə daha 48 nəfəri Azərbaycan tərəfi təsdiqləmək istəmir. Qalan əsirlər barədə 100 faizlik dəqiq informasiya yoxdur və hələ məlumatlar toplanır.
Lakin Azərbaycan prezidentinin administrasiyasından Kommersant qəzetinə deyiblər ki, əsirlikdə yalnız 59 erməni qalır.
Həmin rəsmi vurğulayıb ki, rəsmi Bakı onları hərbi əsir yox, “diversant və terrorçu” hesab edir, çünki onlar atəşkəs razılaşmasından sonra Azərbaycan qüvvələrinin nəzarətində olan ərazidə tutulublar.
Buna da bax: Azərbaycanla Ermənistan sərhədi necə müəyyən edilir?Alver predmeti?
Azərbaycan rəsmisi deyib ki, “potensial baxımdan bunların da dəyişdirilməsi mümkün ola bilər”.
Rusiya və Ermənistan diplomatlarına istinad edən Kommersant müxbiri yazır ki, əsirlər artıq “alver predmetinə” çevrilib.
Bu diplomatların sözlərinə görə, Azərbaycan əsirlərin qaytarılmasını cidd-cəhdlə öz tələbləri ilə bağlamağa can atır.
Kommersant müxbirinin Yerevanda söhbət etdiyi mənbə deyib ki, Azərbaycan Şuşaya daha rahat çıxış verən Şuşa-Qırmızı Bazar yolunun onun nəzarətinə verilməsini tələb edir.
Bu yola hazırda Rusiya sülhməramlıları və ermənilər nəzarət edirlər.
Mənbələr bunu da deyirlər ki, Azərbaycan əsirlərin qaytarılması müqabilində Qazax rayonunun işğalda olan kəndlərinin qaytarılmasını istəyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
20 iyun seçkisinədək əsirlər çətin ki, qaytarılsın
Ermənistanda bu məsələni Moskvanın həll edəcəyinə inanırlar. Mənbə deyib:
“Ümid edirik ki, bizim müttəfiqimiz və Azərbaycanın strateji partnyoru olan Rusiya Azərbaycanı 10 noyabr razılaşmasının şərtlərinə əməl etməyə sövq edə bilər”.
Bütün əsirlərin Yerevana qaytarılmasına ATƏT-in Minsk qrupunun həmsədrləri də çağırıblar. ABŞ dövlət katibi Entoni Blinken Bakıya bu məqsədlə birbaşa müraciət edib.
Kommersant yazır ki, Yerevanda 20 iyun seçkisinədək əsirlərin qaytarılacağına inanmırlar.
Qəzet yazır ki, böyük bir ehtimalla bu və digər məsələlər Sergey Lavrovun mayın 10-da Bakıya səfəri zamanı müzakirə olunacaq.
Buna da bax: Ekspert Sergey Lavrovun səfəri üçün ‘sürprizlər var’ deyirMoskva Bakını özünə çəkməkdə maraqlıdır
Məqalədə deyilir ki, Moskva bu kimi məsələlərin sürətlə həll olunmasında maraqlıdır.
Müəllifin fikrincə, bu məsələ həll olunmadan razılaşmanın digər bəndləri, məsələn nəqliyyat yolları və kommmunikasiyaların açılması çətin olacaq. Hərçənd Lavrov Yerevanda olarkən bu istiqamətdə “uğurlu addımların” atıldığını dilə gətirib.
Kommersant yazır ki, Bakı və Yerevan arasında gərginliyin azalmaması Moskvanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ODKB kimi inteqrasiya birliklərinə çəkməsini çətinləşdirir.
Ermənistan hazırda hər iki qurumun üzvüdür və Azərbaycanın baş naziri Əli Əsədovun Aİİ-nin aprelin 29-da keçirilən hökumətlərarası sammitinə dəvət olunmasını bloklayıb.
Kommersant müxbirinin yazdığına görə Bakı Kazanda keçirilən forumda iştirak etmək istəyirdi.
Buna da bax: Lavrov Qarabağda vəziyyətin normallaşdığını deyirXatırlatma
2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayonu və daha bir çox kəndi işğal edilmişdi.