ABŞ milli təhlükəsizlik müşaviri Əliyevə və Paşinyana zəng edib

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan

Ermənistanla Azərbaycan sərhədində bir neçə gündür gərginlik qalmaqdadır.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mayın 17-də ayrıca olaraq Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Ağ Evin rəsmi internet saytında dərc olunmuş məlumatda deyilir ki, C.Sallivan Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın yaradılmasına sadiqliyini bildirib.

Milli təhlükəsizlik müşaviri, bununla yanaşı, Ermənistan və Azərbaycan arasında yaranmış son gərginlikdən narahatlığını ifadə edib. O vurğulayıb ki, demarkasiya olunmamış sərhədlərin yaxınlığında hərbi hərəkətlər məsuliyyətsizlikdir və təxribat xarakteri daşıyır. O, iki tərəf arasında davam edən kommunikasiyanı və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb.

C.Sallivan habelə tərəfləri rəsmi müzakirələr aparmağa və iki ölkə arasındakı beynəlxalq sərhədi demarkasiya etməyə çağırıb.

Milli təhlükəsizlik müşaviri deyib ki, Birləşmiş Ştatlar regional barışığın əldə edilməsi üçün həm ikitərəfli, həm də Minsk qrupunun həmsədri kimi danışıqlara sadiqdir.

***

"Prezident İlham Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib".

Azərbaycan prezidentinin mətbuat xidmətinin mayın 18-də yaydığını məlumatda bildirilir.

Açıqlamaya görə, İ.Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldıqlarını bildirib. O, bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Məlumata görə, İ.Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib, bütün mübahisələrin sülh yolu ilə, danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kəlbəcərlə sərhəddəki erməni kəndlərdən reportaj

Kreml Paşinyanın Putinə məktubu ilə bağlı sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda üçtərəfli bəyanatın alternativinin olmadığına inanır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov mayın 17-də deyib.

"Gərginliyin azaldılması və sərhəddə vəziyyətin düzəlməsi üçün enerji dolu cəhdlər edilir", – Peskov vurğulayıb.

Ancaq Peskov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hərbi yardımla bağlı məktubunu Putinin alıb-almamasına dair sualı cavablandırmaqda çətinlik çəkib. O qeyd edib ki, bütün bu məsələlər dəfələrlə ikitərəfli kontaktlar zamanı müzakirə olunub.

Kremlin təmsilçisi Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi ilə əlaqədar Azərbaycan və Ermənistanla daimi təmas saxladığını vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanın Azərbaycanla sərhədində gərginlik - Veraşen kəndindən reportaj

"Danışıqlar nəticə verib"

Ermənistanın hakim partiyasının üzvü sərhəddə gərginliklə bağlı danışıqların dünənki mərhələsinin yetərincə nəticəsi olduğunu bildirir. Bunu "Mənim addımım" fraksiyasının üzvü Armen Xaçatryan bu gün – mayın 17-də Gorusda deyib.

Ermənistanla Azərbaycan sərhədində bir neçə gündür gərginlik qalmaqdadır. Ermənistan tərəfi iddia edir ki, mayın 12-dən başlayaraq Azərbaycan hərbçiləri onun ərazisinə azı üç istiqamətdən daxil olub, bir neçə kilometr irəliləyib. Azərbaycan isə, sadəcə, hava şəraitinin düzəlməsiylə əlaqədar öz mövqelərini tutduğunu bəyan edir.

Yaranmış vəziyyətlə bağlı Ermənistan hərbi kömək üçün KTMT-yə, Rusiyaya müraciət edib.

Xaçatryan danışıqların nəticəsinin nədən ibarət olduğunu açıqlamayaraq deyib ki, "istənilən halda dünənki danışıqlar nəticə verib. Düşünürəm ki, Müdafiə Nazirliyi yaxın vaxtlarda bu haqda informasiya açıqlayacaq".

O, danışıqların davam etdirilməsinin vacibliyini də vurğulayıb. Hakim fraksiya üzvü danışıqlarda Qarabağdakı Rusiya sülhməramlılarının komandiri general Rüstəm Muradovun da iştirak etdiyini bildirib.

Həftəsonu Azərbaycanın sosial mediasında da Qaragöldəki vəziyyətlə bağlı üçtərəfli şifahi razılaşma əldə olunduğu iddia edilib, hətta ilkin detallar kimi bəzi müddəalar yayılıb. Ancaq bu informasiya rəsmilər tərəfindən nə təkzib, nə də təsdiq olunub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanla sərhəddə baş verənlər - erməni tərəfinin çəkdiyi kadrlar

Prezidentlər danışıb

Mayın 17-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü (mayın 17-də 68 yaşı tamam olub) münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Açıqlamaya görə, dövlət başçıları iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər: "Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Açıqlamaya görə, Qazaxıstan prezidenti bu məlumata görə İ.Əliyevə təşəkkür edib.

ABŞ və Fransa Qarabağı müzakirə edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Jan İv Lö Drian ilə İsraildə, Qərb sahildə və Qəzzədə baş verənləri müzakirə edib, davam edən zorakılıqdan narahatlıq bildirib. Departamentin sözçüsü Ned Praysın sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsimi də götür-qoy ediblər. Blinken və Lö Drian ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıqdan danışıb, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinin vacibliyini vurğulayıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

'İqtidar şuşalıların fikrini bildirmək haqqını əllərindən alıb'

Azərbaycan və Fransa nazirləri danışıb

Dünən, mayın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı qarşı tərəfin təşəbbüsü ilə gerçəkləşib.

Məlumatda yazılıb ki, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər .

Açıqlamaya görə, C.Bayramov deyib ki, uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirləri həyata keçirilir və bu xüsusda Azərbaycan sərhəd qüvvələri öz ölkələrinə aid mövqelərdə yerləşiblər: "Tərəflər arasında mövcud olan fikir ayrılığı, yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edilməsi və danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib".

Bildirildiyinə görə, C.Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsinin, siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Məlumata görə, nazirlər, həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovun quruma Ermənistan-Azərbaycan sərhədində insident barədə məlumat verdiyi açıqlanıb. KTMT-yə Ermənistandan başqa, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

2020-ci il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.