Rusiyada Dövlət Duması ekstremist elan edilmiş təşkilatların üzvlərinin və yaxud bu təşkilatları dəstəkləyən şəxslərin parlament seçkisində iştirakını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu qanun layihəsi həm də keçmişə şamil edilə bilər.
Qanun layihəsinin mətninə görə parlament seçkisində habelə qadağan olunmuş təşkilatı qadağana qədər üç il müddətində dəstəkləmiş şəxslərin iştirakına da icazə verilmir.
Potensial baxımdan bu qanun layihəsi prezident Vladimir Putinin qatı tənqidçisi Aleksey Navalnının nəinki indiki tərəfdarlarının, hətta onu keçmişdə dəstəkləyənlərin də parlamentə seçilmək üçün yolunu bağlayır.
AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, Navalnının Antikorrupsiya Fondunun ekstremist təşkilat olub-olmaması məsələsinə hazırda baxılır.
Buna da bax: Navalnının müttəfiqləri seçkilərə buraxılmaya bilərMəxsusi qanun
Navalnının komandasına daxil olan Leonid Volkov deyib ki, bu qanun məxsusi olaraq müxalifətçinin və onu dəstəkləyənlərin əleyhinə qəbul edilir.
Onun təxminlərinə görə söhbət 200 min nəfərdən gedə bilər. Bura Navalnının təşkilatına nəvaxtsa ianə verənblər də daxildir.
Məhz keçmişə də şamil olunmasına görə qanun layihəsi hətta Dövlət Dumasının özündə də tənqidlə üzləşib.
Dumada keçirilən debatlarda “Ədalətli Rusiya” və Liberal-Demokrat Partiyasının deputatları sözü gedən layihəni tənqid ediblər.
Hətta hakim Vahid Rusiya partiyasından millət vəkili, Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas da bəyan edib ki, layihə üzərində hələ ciddi iş aparılmalıdır.
Aleksey Navalnının Antikorrupsiya Fondu Rusiyada “xarici agent” kateqoriyasına aid edilib.
Rusiyada son vaxtlar xarici agent qanunu vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olan bir çox başqa təşkilatlara da şamil edilib.