Getdikcə daha çox şirkət Belarusun hava məkanından uçuşları dayandırır. Buna sərnişin təyyarəsinin Minskdə məcburi endirilməsi və dissident jurnalistin həbsi səbəb olub.
Air France, Finnair, Singapore Airlines mayın 25-dən Belarus üzərindən uçuşları dayandırıblar. Bir gün öncə Avropa Birliyi liderləri blokun aviasiya sənayesini bu şərqi Avropa ölkəsinin səmasına girməməyə çağırıb, Belarus şirkətlərinin AB-nin hava məkanından və aeroportlarından istifadəsinin də dayandırılacağını bildirib.
Buna da bax: Bayden Belarusun ‘azğın’ hərəkətini pisləyir
Ukrayna, “Air France”
Mayın 23-də Yunanıstandan Litvaya uçan “Ryanair” təyyarəsi zorla Minskə endirilib. Təyyarədə olan belaruslu jurnalist və müxalifət fəalı Roman Prataseviç və sevgilisi saxlanıblar. AB-nin bızi liderləri insidenti “dövlət səviyyəsində təyyarə qaçırma” adlandırıblar.
Ukrayna hökuməti bildirib ki, mayın 26-dan ölkənin hava şirkətlərinin Belarus səmasından tranzitinə icazə verilməyəcək, Belarusdan uçuşlar da dayandırılacaq.
“Air France” bəyanatında bildirib ki, AB-nin sammitinin nəticələrini “nəzərə alıb” və “əlavə məlumat verilənədək” Belarus üzərindən uçuşları dayandırıb.
Artıq havada olan təyyarələrin uçuş planları isə dəyişdiriləcək, “Air France-KLM”in tərkibində olan Fransa şirkəti bildirib.
Şirkətin Niderlanddakı tərəfdaşı KLM mayın 24-dən Belarus üzərindən uçuşları dayandırıb.
Buna da bax: Avropa Belarusla hava sərhədini bağlamağa hazırlaşır
Təhlükəsizlik
“Singapore Airlines” da uçuş marşrutlarına dəyişiklik olunduğunu, Avropa reyslərinin Belarusun hava məkanından yan keçəcəyini açıqlayıb.
“Müştərilərimizin və heyətin təhlükəsizliyi bizim üçün prioritetdir”, – şirkətin sözçüsü “Frans Pres”ə deyib.
“Finnair” marşrutların dəyişdirilməsi planının həftədə üç reysə təsir göstərəcəyini bildirib.
Skandinaviyanın SAS, Almaniyanın “Lufthansa”, Latviyada yerləşən regional airBaltic şirkəti mayın 24-də oxşar bəyanatlar veriblər.
Litva mayın 24-də bildirib ki, Belarusun hava məkanından keçən istənilən uçuşa icazə verməyəcək.
Britaniya da öz təyyarələri üçün oxşar təlimat yayıb.