Marina Ottavey: «Azərbaycan tam avtoritarizmə doğru gedir»

«Yarıavtoritar dövlətlərdə hakimiyyətin real olaraq kimin əlində olduğunu bilmək çətindir»

Vaşinqtondakı Karneqi Fondunun aparıcı elmi işçisi Marina Ottavey «Demokratiya sınaq qarşısında: Yarıavtoritarizmin dirçəlişi» adlı araşdırmasında Azərbaycanı «yarıavtoritar rejimli» dövlətin klassik nümunəsi kimi təsvir edib. «Azadlıq» radiosuna müsahibəsində amerikalı ekspert bu cür dövlətlərin qarşılaşdığı sınaqlardan və üzləşdiyi problemlərdən danışıb. Xanım Ottavey «yarıavtoritar rejimli» dövlətlərin «avtoritar» dövlətlərdən fərqini belə izah edir: «Yarıavtoritar dövlətlərdə bir qayda olaraq, demokratik sistemin görüntüsü var. Siyasi partiyalar var, parlament var, çoxpartiyalı seçkilər keçirilir və sair. Lakin, reallıqda hakimiyyətin ötürülməsi seçki yolu ilə baş vermir, manipulyasiya olduğu üçün seçkinin nəticələri əvvəlcədən məlum olur. Parlamentin əlində real hakimiyyət olmur. Bir sözlə, bu cür dövlətlərdə demokratiyanın fasadı var, amma mahiyyəti yoxdur. Yarıavtoritar rejimli dövlətlərin bir xüsusiyyəti də var. Bu tipli ölkələrin siyasi sistemi qeyri-sabit olur. Yəni vaxt keçdikcə, bu rejimlər ya demokratiya yolunu seçir, ya da daha da avtoritar olurlar. Son üç ilin hadisələri göstərir ki, Azərbaycan tam avtoritarizmə doğru gedir».

Ekspert deyir ki, çox vaxt «yarıavtoritar rejimli» dövlətlərdə hakimiyyətin real olaraq kimin əlində olduğunu bilmək çətindir: «Misirə baxaq. Misirdə demokratiyanın atributları var. Güclü prezident institutu var. Parlament var. Və belə baxanda elə təəssürat yarana bilər ki, prezidentin mövqeyi güclüdür və əgər Hüsni Mübarək hakimiyyəti oğlu Kamala ötürmək istəyirsə, bu, onun üçün çətin olmayacaq. Əslində isə, bu, belə deyil. Prezidentin arxasında təhlükəsizlik qüvvələri durur. Ona görə də, Misirdə hakimiyyət prezidentlə yanaşı, həm də təhlükəsizlik xidmətlərinin əlindədir».



«Azərbaycan da bu kateqoriyaya daxildir. Azərbaycan ilk növbədə, neft deməkdir. Ona görə də, Buş hökumətinin hər hansı təzyiqini görməyəcəksiniz. Bu yaxınlarda Qazaxıstanın prezidenti Vaşinqtona gəlmişdi. Onu burada az qala demokrat kimi qarşılayırdılar»
Xanım Ottaveyin sözlərinə görə, Azərbaycanda prezidentin insanlar üzərində geniş səlahiyyəti var. Lakin, hakimiyyətdə prezidentin arxasında olan ayrı-ayrı adamlara və qruplara baxmaq lazımdır. «Kimdir bu adamlar? Ölkədə baş verənlərlə bağlı qərarları kim verir?» - deyə o, sual edir.

Amerikalı ekspert deyir ki, bu cür ölkələrə təsir vasitələrindən biri kimi ən yüksək səviyyədə güclü diplomatik təzyiq seçilə bilər. Lakin burada iki problem meydana çıxa bilər: «Birincisi odur ki, güclü diplomatik təzyiq heç də həmişə nəticə vermir. İkincisi isə odur ki, Buş hökuməti bir sıra məsələlərə görə vacib sayılan ölkələrə siyasi sistemlərini dəyişdirmək məqsədilə təzyiq etməkdə tərəddüd edir».


Karneqi Fondunun əməkdaşı bildirir ki, demokratiyanın təlqini ilə bağlı deyilən sözlərə baxmayaraq, İraq, İran və Əfqanıstanda baş verənləri nəzərə alan Buş hökuməti Yaxın Şərqdə və qonşuluqda sabitliyi qoruyub saxlaya bilən ölkə liderləriylə münasibətlərinin qorunub saxlanmasında maraqlıdır: «Azərbaycan da bu kateqoriyaya daxildir. Azərbaycan ilk növbədə, neft deməkdir. Ona görə də, Buş hökumətinin hər hansı təzyiqini görməyəcəksiniz. Bu yaxınlarda Qazaxıstanın prezidenti Vaşinqtona gəlmişdi. Onu burada az qala demokrat kimi qarşılayırdılar».


Xanım Ottavey deyir ki, demokratiyanın yayılması ilə bağlı ritorikanın olmasına baxmayaraq, Birləşmiş Ştatlar və ya istənilən ölkə xarici siyasətdə öz maraqlarının müdafiəsindən çıxış edir. Və hazırda ABŞ-ın Azərbaycan, Misir kimi ölkələrdə sabitliyin qorunması ilə bağlı maraqları demokratiyanı üstələyir. Neft faktoru isə vəziyyəti daha da çətinləşdirir. Nefti olan «rejimlər» digər ölkələrin mövqelərini ala bilirlər: «Əgər ölkənin daxilində dəyişiklik üçün mübarizə aparan güclü qruplar, təşkilatlar yoxdursa, xaricdən təzyiqin olması belə fərq etməyəcək. Biz Karneqi Fondunda bir çox ölkələrin demokratiyaya keçidinin uğurlu və uğursuz nümunələrini araşdırmışıq. Demokratiyaya keçidin uğurlu olmasında ən vacib faktor xarici təzyiq deyil, daxildən edilən təzyiqdir. Xarici təzyiq kömək edə bilər, lakin əsas faktor ola bilməz».


Ekspert deyir ki, «neftlə zəngin ölkələrdə adi vətəndaşların rejimdən narazı olub-olmamasından asılı olmayaraq, mütəşəkkil müxalifət olmasa, bu cür rejimlərin ömrü uzun olur. Yarıavtoritar rejimlər bir qayda olaraq, ölkədəki müxalifətin əzilməsində uğurlu olurlar. Məsələn, Misirdə bu, polis, təhlükəsizlik qüvvələrinin gücü və həbslərlə edilir. Eyni zamanda, potensial rəqiblər ələ alınır, onlar müxtəlif vəzifələrə çəkilir, bu cür susdurulurlar. Onlara aydın bildirilir ki, rejimə yaxın olmaq, ona qarşı olmaqdan daha sərfəlidir».


Lakin Ottavey bildirir ki, demokratik transformasiyanın əleyhinə faktorların olması hələ o demək deyil ki, dəyişiklik gec də olsa, mümkün olmayacaq: «Azərbaycanda illər keçdikcə, neft gəlirlərinin artması bütöv cəmiyyətin görünüşünü dəyişəcək və bu hansısa bir dəyişikliyə təkan verə bilər».