Xarici diplomatlar Laçındakı keçid-buraxılış məntəqəsində olub

Azərbaycan-Ermənistan sərhəddi, Laçın rayonu

İyunun 24-də Laçın rayonuna səfər çərçivəsində xarici diplomatlar Azərbaycanla Ermənistan arasındakı sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Azərtacın məlumatına görə, diplomatlara Ermənistan tərəfindən atılan atəş nəticəsində bir Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən hadisə haqqında məlumat verilib.

"Bildirilib ki, silahlı təxribata qədər sərhəd-keçid məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər."-Azərtac yazır.

Buna da bax: Separatçılar Laçın dəhlizinin bağlandığını deyirlər

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iyunun 15-də Laçında, Azərbaycan-Ermənistan sərhəddindəki keçid buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.

Məlumata görə, iyunun 15-i, saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində buraxılış məntəqəsində xidmət aparan DSX hərbi qulluqçusu yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) isə bildirib ki, iyunun 15-də saat 08:40 radələrində Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru hərəkət etməyə cəhd göstərib. Xidmətin bu cəhdin qarşısının alındığını bildirib.

Azərbaycan tərəfi isə bayrağın Azərbaycan ərazisində asıldığını bildirir.

Azərbaycan Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini bu ilin aprelində quraşdırıb. Ermənistan tərəfi isə bu addımı 2020-ci il üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.

Buna da bax: Ceyhun Bayramov: Qarabağ ermənilərinə xüsusi qarantiyalar verilməyəcək

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.