Blinkenlə Əliyev danışıblar

İ.Əliyev/E.Blinken

Azərbaycan Prezidentinin Mətbuat xidməti sentyabrın 6-da 5 gün öncə ABŞ Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) Prezident İlham Əliyevə zəngi barədə məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açıqlamaya görə, İ.Əliyev vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, dəstəkləməkdə davam etdiyi separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir.

Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır... Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər”, - məlumatda vurğulanıb.

Məlumata görə, Prezident İlham Əliyev qeyd edib ki, onlar ilə razılaşdırılmadan “Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi”, onların daxili işlərinə qarışmaqdır, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Buna da bax: Lavrov deyibmiş ki, əvvəlcə Ağdam yolu açılsın, bir gün sonra Laçın – Rusiya mediası

Dövlət Departamentindən açıqlama

Bu telefon danışığı ilə bağlı ABŞ Dövlət Departamentinin saytı da məlumat yayıb.

"Azərbaycandan əlavə marşrutların vacibliyini nəzərə alaraq Laçın dəhlizini humanitar, kommersiya və sərnişin daşımaları üçün yenidən açmaq çağırışımızı təkrarlayıb"

Məlumata görə, Blinken “dialoq və kompromisin, həmçinin tərəflər arasında inamın möhkəmləndirilməsinin vacibliyini” vurğulayıb, " ABŞ-ın sülh prosesinə dəstəyini davam etdirəcəyini vəd edib”, - deyib.

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir.

Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 10 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Buna da bax: Blinken Qarabağa alternativ marşrutlar üzrə kompromisə çağırır

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.