Sentyabrın 7-də ABŞ Azərbaycanla Ermənistanı humanitar yüklərin Dağlıq Qarabağa çatdırılması üçün Laçın və digər marşrutları dərhal, eyni zamanda açmaqdan ötrü birlikdə işləməyə çağırıb.
"Turan"ın xəbərinə görə, bu barədə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bildirib.
"Marşrutların açılması və birbaşa danışıqlar həll olunmamış məsələlərin həlli üçün açardır", - məlumatda vurğulanır.
Sentyabrın 7-də Y.Kim Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda söhbət edib.
Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, bunun 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.
Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.
Xatırlatma
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə iki aylıq İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.