BMT Rusiyanın işğal etdiyi ərazilərdə səsvermə keçirməsini pisləyib

Səsvermə

BMT Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirməsini pisləyib.

Martın 15-də Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib ki, beynəlxalq hüquqa əsasən bu seçkinin heç bir hüquqi qüvvəsi yoxdur.

“Dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsipi kollektiv təhlükəsizliyimizin təməl daşıdır. İstər təhdid altında, istərsə də güc yolu ilə bir dövlətin ərazisinin digər dövlət tərəfindən ilhaq edilməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Ancaq Rusiya Federasiyasının Ukraynada etməyə çalışdığı, saysız-hesabsız iztirablara və dağıntılara səbəb olan məhz budur” – BMT baş katibinin müavini Rozmari Dikarlo belə deyib. O əlavə edib ki, BMT-nin İnsan Haqları Monitorinq Missiyası sözügedən seçkini sənədləşdirib.

İclasda o da bildirilib ki, Beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət olan Rusiya Federasiyası işğal olunmuş ərazilərdə Ukrayna qanunlarına riayət etməyə borcludur. Həmçinin bildirilib ki, bu hərəkətlərin heç bir beynəlxalq hüquqi qüvvəsi olmadığına görə, Ukraynanın bu regionlarının statusunda hər hansı dəyişiklik üçün əsas ola bilməz.

Rusiyada president seçkisinə səsvermə martin 15-dən başlanıb, 3 gün davam edəcək. Rəsmi Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında da 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni "qanunsuz" adlandırıblar.

Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.