Rusiyada martin 15-də - səsvermənin ilk günündə seçki qutusuna yaşıl boya tökən 20 yaşlı Alina Nevmyanova istintaq təcridxanasına salınıb. Bu barədə Moskvanın Butırski Rayon Məhkəməsi qərar çıxarıb.
Alina Nevmyanova qarşı bir qrup şəxs tərəfindən səsvermə hüququnun həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olma ittihamı ilə cinayət işi açılıb. Bu ittihamı məhkəmə də haqlı sayarsa, onu beş ilə qədər həbs gözləyir.
Martın 15-də baş verən hadisənin videosunu Kreml yönümlü bəzi teleqram kanalları yayıb. Seçki məntəqəsindəki müşahidə kameraları qızın seçki qutusuna bülleteni atdığını və əlindəki mürəkkəbi də qutuya tökdüyünü lentə alıb. Bundan sonra bir polis ona yaxınlaşıb və onu aparıb. Bildirilir ki, Alina Nevmyanova mürəkkəb tökərkən “Ukraynayönlü şüar” qışqırıb.
Rusiyanın mərkəzi seçki komissiyasının sədri Ella Pamfilova martın 16-da bildirib ki, Rusiyanın 20 regionunda iki gündən az müddətdə səsvermə zamanı 21 nəfər seçki qutularına maye tökməyə, daha 8 nəfər isə yanğın törətməyə cəhd edib. Ən azı 16 cinayət işi başlanıb.
Rusiyada prezident seçkilərində səsvermə martın 15-dən 17-dək keçiriləcək. Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.
2000-ci ildən Rusiyaya rəhbərlik edən Vladimir Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür.
Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.
Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi qeydə alınmayıb.
Müstəqil müşahidəçilər və ekspertlər Rusiyadakı seçkiləri qeyri-azad və ədalətsiz qiymətləndirirlər. Bildirilir ki, hakimiyyət seçki prosesinə müdaxilə edir, iqtidaryönlü namizədlərə üstünlüklər yaradır, bəzi hallarda isə birbaşa saxtakarlığa yol verilir.