Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də ölkədə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə istənilən nəticəni almadığını etiraf edib.
Seçki məntəqələrindən gələn protokolların 99.81 faizi hesablanıb.
Bələdiyyə seçkilərində ana müxalifət- Xalq Cümhuriyyət Partiyası 37.74 faiz, hakim AKP isə 35.49 faiz səs toplayıb.
Müxalifət 20 ildən çox müddət ərzində ilk dəfə olaraq bütün böyük şəhərlərdə, o cümlədən Adana, Ankara, Antalya, Bursa, İzmir və İstanbulda qalib gəlib.
"2023-cü ilin mayında keçirilən [parlament və prezident] seçkilərində qələbəmizdən doqquz ay sonra, təəssüf ki, yerli hakimiyyət seçkilərində istədiyimiz və gözlədiyimiz nəticəni əldə edə bilmədik", - Türkiyə lideri Ankarada çıxışı zamanı deyib.
O, bunun onlar üçün "son deyil, dönüş nöqtəsinin başlanğıcı" olduğunu iddia edib.
Ərdoğan seçkiləri demokratiyaya layiq adlandırıb. "Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı", - prezident vurğulayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
+++
Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb.
"Reuters" yazır ki, bu seçkidə əsas hədəf prezident R.T.Ərdoğanın İstanbula nəzarəti rəqibi Əkrəm İmamoğludan (Xalq Cümhuriyyət Partiyası) geri almaq idi.
Səsvermə öncəsi təhlilçilər bildirirdilər ki, İmamoğlu İstanbuldakı hakimiyyətini qoruya bilsə, qarşıdakı 2028-ci il prezident seçkisində müxalifətin qalib olacağına dair böyük ümidlər yaranacaq.
Sizin brauzer HTML5-i dəstəkləmir
+++
"Reuters" səsvermə zamanı üç adamın öldüyünü xəbər verir.
Yerli mediada yazılana görə, Diyarbəkir vilayətində mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahla bir-birinə hücum ediblər. Orada bir nəfər ölüb, 11 nəfər yaralanıb.