Körpü və keçidlərlə yanaşı Bakıda tikilən saysız-hesabsız binalar, bu tikintilərin ətraflarındakı kələ-kötür yollar-bütün bunlar isə hər kəsdən çox sürücülərin probleminə çevrilib.
Tikintilərin hamısının eyni vaxtda başlaması paytaxtda bir çox yolların ya bağlanmasına, ya da hərəkətin məhdudlaşmasına səbəb olub. Nəticədə axşam saatlarında Bakının mərkəzi hissəsində piyada 10-15 dəqiqəyə gedilməsi mümkün olan yolu avtomobillə ən tezi 30-40 dəqiqəyə qət etmək olur.
Amma, Azad Nəqliyyatçılar Birliyindən Səyavuş İsmayılov deyir ki, körpülər və qovşaqlar tikiləndən sonra da tıxac problemi aradan qalxmayacaq. Çünki, tıxacın yaranmasına əsas səbəb paytaxta olan əhali axını və avtomobillərin sayının gündən-günə artmasıdır: «Rəsmi məlumata görə Bakıda 2 milyon sakin var, amma əslində 4 milyondur, onlarında əksəriyyətinin maşını var».
Bəzi ekspertlərə görə isə, körpülər istifadəyə veriləndən sonra sürücülər başqa bir problemlə üzləşəcəklər. Çünki, şəhərin mərkəzinə doğru yollarda tikilən körpülər nəqliyyatın hərəkətini sürətləndirib mərkəzdə yaranan tıxacları daha da artıracaq. Dövlət Yol Polisindən isə deyirlər ki, bu problemin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Bakıda hərəkəti nizamlayan mərkəzləşdirilmiş svetofor və buraxıcı sistemin qurulmasına artıq başlanıb. Bu, avtomobillərin hərəkətini nizamlayacaq.