Əvvəli
Yazıq Fətəli şahın dərdi başından aşırmış, zarafat deyil, o boyda ölkə, böyük bir külfət... Amma düşmənlərinin şər-böhtanı deyilsə, deyirlər bu İran şahı əntiqə bir hovuz tikdiribmiş, hovuzun ətrafında çəmənlikdə xalçalar döşətdirib, üstünə döşəklər, mütəkkələr düzdürüb istirahətlə məşğul olmağı çox xoşlayırmış. Sulu qəlyan da damağında. Arvadları da sağ-solunda. Bu su sonası kimi xanımlar şahın istəyilə lümlüt soyunub özlərini atırmışlar hovuza. Beş günlük dünyadı... Şah da baxıb zövq alırmış. Hətta arabir can dəftərini açıb şeir də yazırmış. Amma bir kərəm vüsalına yetmədiyi, ancaq xətrini əziz tutduğu baş hərəmi, İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağa Ağabacıya böyük bir şeir dəftərini verib deyir ki, "Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan". Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah başına döndüyüm də qulaqlarına qədər qızarır.
... Allah, sən saxla. Adamın başı da çox möcüzəli bir şeymiş ha. İndi mən yazıq neyləyim ki, televizorda Şuşaya baxdığım, Köçəryan "qaqaşın" sifətindəki adama od qoyan o ironiyadan od tutub yandığım yerdə xəyalım uçub keçmişə, İran şahı Fətəli şah Qacarın sarayına. O əziz canınız haqqı, məndə zərrəcə günah yoxdur. Hamısı bu çiynimizdə qərar tutmuş bəzəkli "qarpızdadı". Bir balaca ki qurdaladın, gərək gecə-gündüz oturub xəyala dalasan, xəyalın sənə qaytardığı o olmuş işlərə tamaşa eləyəsən.
Mətbəxdən arvadağamın səsi gəldi:
- Xeyir ola, yenə xəyalın dağda-arandadı. Ay evi yıxılmışın oğlu, xalq-xalq deyə-deyə ömrünü çürütdün. Bir gör nə gündəsən. İndi kitab-dəftərə qiymət verən var? Dur get barı o "qul bazarı"na, bir usta tap gətir. O su bakını düzəltdir. Xarabaya su da çıxmır.
Fikirli olduğumdan, əvvəl-əvvəl əziz-xələf arvadımın nə dediyini başa düşmədim:
- O nə qul bazarıdı elə? Belə bazar da var? Qul satırlar? Quldarlıq dövrü-zaddı bəyəm?
Arvadağa əlində qab dəsmalı gəlib mat-mat üzümə baxdı:
- Ayıl, özünə qayıt, ay Mətləb. Yazıqsan, bizi də yazıq günə qoymusan. Dilim-ağzım qurusun, havalanıb-eləyərsən. Yox, qul bazarında qul satmırlar, işsizlərdi də, müştəri gözləyib, ona-buna yarayırlar. Odur ey, "Xalqlar dostluğu"nun yanında toplaşıblar, indiki dövrdə qul olmaz, amma oraya camaat arasında belə deyirlər.
- Söz danışdın da sən də. Bu qar-qiyamətdə "qul" hardadı, usta hardadı?
- Ağzında "qul" deyirsən. "Qul" üşüməz, üşüməyə haqqı yoxdu. Çünki evdə arvad-uşaq çörək gözləyir axı. Sənə baxma. Sən quru bəysən, quru bəy!
- Səhvin var, bəy döyüləm, amma qul olmağa da halım yoxdur. Qoy qar kəssin, gedib usta tapıb gətirərəm.
Arvadağa arxayınlaşıb mətbəxə keçdi.
Qarın isə kəsməklə arası yoxdur. Mənim isə yaddaşımda yayın lap qorabişirən çağıdır. Qoca tacir Dərbənd bazarından 39 qul almışdı, adətə görə də qırxıncı qulu qul sahibi ona bağışlamışdı. Bu bir adət idi. Ona bağışlanan bu qul yaşca aldığı qulların hamısından balacaydı, özü də arıq-sısqa bir uşaq idi. Tacir balaca qula baxıb istədi sahibinə qaytarsın ki, neynirəm bunu, ayaq üstə ölür. Amma uşağın ona zillənmiş ifadəli iri gözlərinə baxanda fikrindən daşındı.
Qul arabaları Hələbə tərəf yol gedirdi. Ayın işığında ətrafdakı hər şey sirli-sehrli görsənirdi. Kol-kosa soxulmuş cırcıramalar, böcəklər öz dillərində yorulmaq bilmədən oxuyurdular.
Qul arabaları tozlu yolla irəliləyirdi. Bağdadda onları nə gözləyirdi, ora sağ-salamat çatacaqdılarmı — arabadakılar ancaq bu barədə düşünürdülər. Onlar artıq öz taleləri ilə barışıb susmuşdular. Qul tacirinə hədiyyə verilmiş qırxıncı qul arabaya hamıdan axırda mindiyindən yeri arabanın lap arxasına düşmüşdü.
O, susaraq ətrafa baxırdı. Ora-bura qaçışan dovşanları görəndə balaca qulun arıq, qarayanız sifətində xəfif bir təbəssüm işarırdı. Ancaq bu təbəssüm işığı dərhal da sönürdü. Ata-anası basqınçılar tərəfindən öldürülmüş bu balaca qulun bu dünyada daha sevinib-şadlanmağa heç nəyi yoxdu. Nəyə sevinəydi, nəyə güləydi! Tanrı ona heç olmasa cəlbedici bir boy-buxun da verməmişdi ki, sabah onu da almağa can atan bir insan tapılaydı.
Qoca tacir ən qabaqdakı arabanın önündə dəvənin üstəydi. Hərdən onun zümzüməsi eşidilirdi. Deyəsən, qoca tacir yuxusunu qaçırmaq niyyətilə oxuyurdu. Onun bu zümzüməsi yorğun qullara sanki layla çalırdı. Hərdən canavar ulartısı da eşidilirdi. Qullar bir an bu məşum səsdən diksinib göz qapaqlarını qaldırıb key-key ətrafa baxıb, təzədən yuxulayırdılar.
Birdən qoca tacir nəsə bir tappıltı səsi eşitdi. Ətrafa boylandısa da, əhəmiyyət vermədi. Xeyli getmiş arabaları dayandırıb satın aldığı qulları özü bir-bir nəzərdən keçirəndə qırxıncı qulu yerində görmədi. Dəvəsini geri sürdü. Qırxıncı qul yuxulu-yuxulu arabadan necə düşmüşdüsə, eləcə yolun tən ortasında qalmışdı. Qoca tacir uzun qamçısının ucuyla balaca qulu dümsüklədi:
- Ölməyəsən səni. Qalx ayağa! Yönlü zibil olsaydın, qul alverçisi səni mənə bağışlamazdı.
Balaca qul ayağa qalxıb müti halda ağasının qarşısında dayanmışdı. Daha doğrusu, dəvənin. Tacirin dəvəsi yorulmaq bilmədən çənəsini oynadırdı.
Qoca tacirin yerində donub qalmış balaca qula nədənsə bir an rəhmi gəldi.
- Adın nədi? - soruşdu.
- Eldəniz.
Qoca tacir onu bir daha süzüb "adına bax, özünə bax" düşündü.
- Yeri min arabaya.
Eldəniz ay işığında ağaran tozlu yolla xeyli aralıda dayanmış arabalara doğru yeridi.
Tacirin dayanıb səhərin açılmasını gözləmək fikri yox idi. Sərinkən yolu başa vurmağa çalışırdı. Gündüz göydən sanki od yağırdı. Adam başını soxmağa kölgəlik axtarırdı.
Qoca taciri də hərdən elə dəvənin üstündəcə huş aparırdı. Bu dəfə dəvənin fınxırtısına mürgüdən gözünü açdı. Qara nər nə üçünsə narahat idi. Əyri boynunu bir az da əyərək yerindən tərpənmirdi. Tacir dizləri ilə nəri mahmızlasa da, xeyri olmadı. O, birdən ay işığında yolun tən ortasında quyruğu üstə şahə qalxmış iri gürzə ilanını gördu. Canından xəfifcə bir üşənti keçdi. İlan yerindən tərpənmirdi, tez-tez haça dilini çıxarıb şəffaf gözləri ilə düz qoca tacirə baxırdı. Qoca tacir elə nərin üstündəcə uzun qamçısını şaqqıldatmağıyla şahə qalxmış gürzəni kənara atmağı bir oldu. Gürzə şappıltı ilə yerə düşdü və bir an sonra sürünərək tikanlığın içində görünməz oldu. Bu mənzərəni seyr edən qullar arxayınlaşıb gözlərini təzədən yumdular.
Arabalar beşik kimi yırğalanırdı. Hərdən arabanın təkərləri çala-çuxura düşüb qulları yuxudan oyadırdı. Amma yorğun qullar tezcə də yuxuya gedirdilər. Bəlkə də onlar heç vaxt bu gecəki qədər yatmayacaqdılar. Ağzında qul deyirsən, qul nədi, yatdı nədi.
Bir neçə ağac getmiş, tacir nərin ovsarını dartdı. Yenə qulları bir-bir gözdən keçirməyə başladı. Sonuncu arabaya yaxınlaşanda qəzəbdən sifətinə qan doldu. Eldəniz arabada yox idi.
Tacir nərə bir qamçı çəkdi. Qəfil qamçıdan diksinən qara nər irəli sıçradı. Yenə həmin mənzərə idi. Eldəniz yolun tən ortasında yıxılıb qalmışdı. Elə yatırdı, elə bil yumşaq yorğan-döşəkdə idi. Qoca tacirin qamçısı şaqqıldadı, amma yenə bu balaca qulu vurmağa onun əli gəlmədi. Balaca qul isə yenə toz-torpağın içindən qalxıb gözlərini ovuşdurdu. O, bu dəm ağasından hər cür cəza gözləyirdi. Gecənin bir aləmində, kəndlərdən, şəhərlərdən uzaq bir yerdə bu balaca qulun səsinə səs verən kim olacaqdı ki? O, yenə də qoca tacirin qabağında dayanıb ona veriləcək cəzanı gözləyirdi. Tacir isə nə səbəbsə, yenə ona cəza vermədi. Onu balacalığınamı, cılızlığınamı bağışladı, Allahdanmı qorxdu, bilmədi, ancaq qoca tacir onu vurmaq üçün göyə qaldırdığı qamçısını astaca endirdi.
- Eldəniz, bir də arabadan düşsən, səni qoyub gedəcəm! - dedi. - Eşitdinmi?
- Eşitdim, ağa.
- Bax, deyirəm, bir də belə eləsən, səni qoyub gedəcəm, sən də qurd-quşa yem olacaqsan.
Uzaqlarda yenə canavar uladı. Elə bil o da tacirin dediklərini təsdiq eləyirdi. Eldəniz yerə baxa-baxa arabalara doğru getdi. Ay işığında onun tozlu yolda yalın ayaqlarının ləpirləri aydınca görünürdü. Qoca tacir qara nərini onun ləpirlərinin üstü ilə sürürdü. Arabaya çatanda tacirin köməkçisi özünü yetirib onu bir göz qırpımında yerdən qaldırıb arabanın arxasına atdı.
Tacir ona bir də tapşırdı:
- Bax, sənə dediklərim yaddan çıxmasın.
Sonra qara nərini qabağa sürdü. Arabalar da onun arxasınca yerindən tərpəndi.
Eldəniz Allaha yalvardı ki, daha onu yuxu tutmasın. Əgər onu yuxu tutsaydı, yenə də yumalanıb düşəcəkdi yerə. Ağası sözünün sahibi olsaydı, qurd-quşa yem olacaqdı.
Eldəniz gözünə dolmuş yuxu ilə bacarmırdı. Doğrudan da, düz demişlər, yuxu baldan şirin imiş. O, indi bu balın lap içindəydi. Nə qədər yol getmişdilər xəbəri olmamışdı. Amma birdən hiss etdi ki, altında nəsə silkələnmir, çalxalanmır. Yuxulu-yuxulu əlini yanlarına atdı. Əlləri yumşaq toza batdı. Aha, deyəsən, yenə də yumalanıb düşüb yerə. Bircə tacir onu qoyub getməyəydi.
Gözlərini açdı, yerdə arxası üstə uzanmışdı. Günəş yavaş-yavaş qalxmaqdaydı. Ay batmışdı, göyün üzünə çilənmiş ulduzlar sönmüşdü. Balaca qul qalxıb oturdu. Qul karvanı yox idi. Qoca tacir verdiyi sözə əməl eləmişdi, onu bu çölün düzündə atıb getmişdi. Bəs o, indi neyləsin? Oturub qurd-quşa yem olacağı anımı gözləsin? Bəlkə geri qayıtsın? Hara, kimin yanına? Yox, ancaq irəli, qul karvanının ardınca getmək olardı. Karvan isə gözə görünmürdü. Eldəniz arabaların izini tutub gedirdi. Günortaya qədər dayanmadan yol getdi, amma qul karvanına çata bilmədi. Elə bil karvan yağlı əppəyə dönmüşdü. Ayaq saxladı, bərk acmışdı. Şəlliyi görüb yaxınlaşdı, salxım-salxım böyürtkənləri görəndə sevindi. Günəşin işığında bərq vuran qapqara böyürtkən gilələrindən dərib yeməyə başladı. Əlləri, ağzı bənövşəyi rəngə bulaşmışdı. Yeyib doyandan sonra yola çıxdı. Getmək lazım idi. Bilmirdi ki, qoca tacir qulları hara aparacaq, hansı karvansarada dayanacaq. Amma araba təkərlərinin izi çox aydınca görsənirdi. Dünyanın o başına qədər də olsa, bu izi tutub gedəcəkdi. Çünki başqa çıxış yolu yox idi. Bu ucsuz-bucaqsız düzənlikdə ondan başqa kimsə yoxdu. Ətraf kol-kosluq idi. Hərdənbir iri ağaclara da rast gəlirdi. Çobanaldadan quşları ayağının altında ora-bura uçuşurdu. Siçanlar yuvalarından çıxıb acından civildəşirdilər. Günəş isə göydən od ələyirdi. Bir sirkan topasını götürüb başına tutdu ki, gün onu ütməsin. Yaxşı ki, arabaların izi itmirdi. Amma bu izin sonu da görünmürdü. Ancaq o, yenə də qul karvanına çatacağına ümidini itirmirdi. Dayanmadan gedirdi. Elə bil ki, onu qabaqda səadət gözləyirdi. Amma yaxşı bilirdi ki, qabaqda onu heç bir səadət-filan gözləmir. Qul karvanına çatıb qullardan biri olmaqdan, kiməsə satılmaqdan başqa nə ola bilərdi ki?
Qul! Bu sözdən heç xoşu gəlmirdi. Kiminsə qulu olmaq faciyədi. Doğrusu, azad olmağın heç yolunu da bilmirdi. Amma, balaca da olsa, nə zamansa azad olacağına qəlbində bir ümid işarırdı. Nə zaman, bilmirdi. İndilikdə karvana, ancaq karvana çatmalı idi. Taleyi, sabahı o karvandan asılıydı.
Gün əyilmişdi, artıq havada da bir sərinlik vardı, amma qul karvanı görünmürdü. Bütün qüvvəsini toplayıb tələsdi. Gecə düşməmiş, araba təkərlərinin izini itirməmiş karvana çatmaq istəyirdi. Xeyli getmişdi ki, uzaqdan qaraltı görsəndi gözlərinə. Qəlbində ümid işardı. Bircə o qaraltıya tezcə çataydı.
Günəş artıq batmaq üzrə idi. Üfüq şəfəqdən al rəngdə idi. Bir azdan şər qovuşacaqdı. Günəşin son şəfəqləri də çəkiləcəkdi. Sonra gecə düşəcəkdi. Gecənin də ki zəhmi yaman ağırdı.
Hiss eləyirdi ki, qaraltı hərəkət etmir, dayanıb. Tələsdi. Beynində acı fikir dolaşdı: "Qul olmağamı tələsirsən? Qul olmağamı can atırsan? Sənin ki atan-anan qul olmayıb. Səni ki anan qul doğmayıb. Eybi yox, qoy səni qul zənn etsinlər, amma təki ürəyində qul olma... Qul olma... Qul olma..."
Aha, odur, qul karvanıdır. Yəqin dincəlirlər. Karvan da, qullar da, tacirin qulluqçuları da toranlıqda aydınca görsənirdilər. Amma deyəsən, onu unutmuşdular. Bəlkə belə deyildi. Hər halda karvana çatdığı üçün sevindi. Təkliyin, tənhalığın qorxusunu artıq yaşamışdı.
Qoca tacir balaca qulu qarşısında görəndə gözlərinə inanmadı.
- Sənsən?
- Mənəm.
- Bəs sən necə gəldin?
- Arabaların izini tutub gəldim.
- Mən elə bildim, sən artıq qurd-quşa yem olmusan.
- Sağ olsunlar, mənə toxunmadılar.
Tacirin dodaqları qaçdı:
- Yəqin səndən qorxublar!?
- Məndən yox, ağa, mən kiməm ki... Tanrımdan qorxublar.
Tacirin qaşları çatıldı. "Qul olsa da dərrakəsi var" - düşündü.
- Get dincəl, - dedi tacir, sonra da əmr elədi ki, ona yemək versinlər.
Yeməyini yeyib yatdı. Tacir sabah onları qul bazarına çıxaracaqdı...
Gecə keçdi, səhər açıldı. Qoca tacir qul karvanını qul bazarına çəkdi. Balaca qul bazarın darvazasından at belində onlara yaxınlaşan, zahirən də ətrafdakılardan seçilən atlıya tamaşa edirdi. Atlını görən bazar əhli ehtiramla ikiqat əyilib təzim edirdilər. Pıçapıç gəlib qullara da çatdı.
- Bu adam Sultan Mahmudun vəziri Əbu Hamid ibn Əhməd əl-Sümeyrədir.
Vəzir Əbu Hamid atını düz onlara sarı sürürdü. Qulamları da ardınca. Vəzir onlara çatıb dayandı. Cilovdar özünü yetirib, vəzirin atının cilovundan yapışdı.
Qoca tacir vəzirin qarşısına yeriyib təzim etdi.
- Xoş gördük, vəzir həzrətləri.
- Xoş gördük - deyə vəzir bir-bir qulları nəzərdən keçirdi. Balaca qulun — Eldənizin qarşısında ayaq saxladı, xeyli bu çəlimsiz, yapışıqsız, qayışbaldır oğlanı süzdü: - Xocam, bu uşaqdan başqa bütün qullarını alıram, - dedi.
Qoca tacir baş əydi:
- Buyuruq sizindir, ağa.
Qullar tacirdən ayrılıb vəzirin qulamlarının yanına toplaşdılar. Eldəniz tək qalmışdı. İndi taleyi necə olacaqdı, qoca tacir onunla necə rəftar edəcəkdi.
Bəs bütün günü karvana çatmağa buna görəmi can atmışdı? Bu zəhmətə, əziyyətə dəyərdimi? Birdən özünü vəzirin atının ayaqları altına atdı.
- Ağa, məni də götür!
Vəzir balaca qulun cəsarətindən heyrətlənmişdi:
- Sən hələ balacasan, - dedi.
- Mən də böyüyəcəm də, ağa.
- Böyüyərsən, baxarıq.
- Bilsəydim mənə sahib çıxan tapılmayacaq, heç bu qul karvanının dalınca qaçmazdım.
Vəzir Əbu Hamid üzünü qoca tacirə tutdu.
- Bu uşaq nə deyir, Xocam?
Tacir əhvalatı vəzirə danışdı. Vəzir hələ də qarşısında dayanmış balaca qulu bir daha başdan-ayağa süzüb:
- Keç qulların yanına, balaca, - dedi.
Vəzir Əbu Hamidin ürəyində balaca qula qarşı qəribə bir hiss yaranmışdı. Mərhəmət və məhəbbət... - Gedək!
... Günlər ötüb-keçirdi. Balaca qul da yavaş-yavaş böyüyür, ətə-qana dolur, ərgənlik yaşına dolurdu. Vəzir Əbu Hamid bu yeniyetmənin dərrakəsindən, bacarığından, çevikliyindən çox razı idi. Vəzir artıq heç ona qul gözüylə baxmırdı.
Eldənizin istəyi də elə bu idi. O, nəyin hesabına olursa-olsun qul adını üstündən götürmək istəyirdi. Boş vaxtlarında nişan qoyub ox atır, cıdıra çıxır, qılınc çalmağı öyrənirdi. Bir dəfə onun bu işlərini görən vəzir Əbu Hamid:
- Eldəniz, döyüş fəndlərini öyrənirsən, yoxsa sərkərdə olmaq istəyirsən? - soruşdu. Eldəniz nəzakətlə baş əyib:
- Ağam izin versə, sərkərdə də ola bilərəm.
- İnandım. Gün gələr sınayaram səni.
- Döyüş meydanında?
- Bəli, ancaq döyüş meydanında. Davadan öncə hamı qəhrəmandı, oğlan. Hərbə girmək, ölümün qabağına çıxmaq qəhrəmanların işidir.
- Hörmətli ağam. Tanrımızdan arzum budur, mən sizin gözünüzdən düşməyim, ucalım. Mənə şərəfli bir döyüş meydanı qismət olsun, sınaqdan keçim.
Bu söhbətdən heç bir ay da keçməmişdi, 1122-ci il idi. Bir gecə ismaililər vəzir Əbu Hamidin evinə hücum edib, onu öldürdülər, amma var-dövlətinə sahib ola bilmədilər. Bu hadisə o qədər gözlənilməz və sürətlə baş verdi ki, Eldəniz heç bir şücaət göstərə bilmədi. Vəzirin ortada qalmış meyitinə acı-acı baxaraq onun dediyi: "Davadan öncə hamı qəhrəmandır" sözlərini yadına salıb bərk kədərləndi. Sultan Mahmud qiyamçıları layiqincə cəzalandırdı. Ancaq vəzirinin var-dövlətinə sahib çıxmağı da unutmadı. Hətta onun qullarını da öz himayəsinə götürdü. Eldəniz də bu qulların arasındaydı. Sultan sarayında da onun bəxti gətirdi. Burda da ondan razı qalmışdılar. Fərasətinin sorağı Sultan Mahmudun da qulağına çatmışdı. Sultan Mahmud fikirləşdi ki, bu cavanın gələcəyi var, onun tərbiyəsilə məşğul olmaq lazımdır. Bir gün o, Əmir Nasehi yanına çağırıb dedi ki, bu Eldənizin təlim-tərbiyəsilə özün məşğul ol. Onunla qul kimi rəftar etmə! Qəlbində bizə kin bəslər. Kinli adamın da, bilirsən də, əlindən yaxşılıqdan başqa hər şey gələr.
Əmir Naseh baş endirib: - Buyuruq sahibisiniz, Sultanım, necə məsləhət bilirsiniz, elə də olacaq, - dedi.
Sultan Mahmud Eldənizi yanına çağırtdırdı.
- Səni Əmir Nasehə tapşırıram, ox atmağı, qılınc oynatmağı, at çapmağı ondan öyrənərsən. Siyasət dərsi keçərsən, adamlarla rəftar qaydalarını öyrənərsən.
Eldəniz təzim etdi.
- Allah sizdən razı olsun, Sultanım. Yolunuzda canımdan keçməyə hazıram.
Sultan başını ahəstə tərpədib susdu. Bu o demək idi ki, gedə bilərsiniz.
Əmir Nasehlə Eldəniz Sultanın otağını tərk etdilər.
***
... Sarayda ölüm sükutu vardı. Hamı qəmə qərq olmuşdu. Səbəb də Sultan Mahmudun gecənin yarısı qəflətən dünyasını dəyişməsi idi. Eşitdiyi xəbərdən Eldənizin də qanı bərk qaralmışdı. Artıq o, on ilə yaxın idi ki, Sultan Mahmudun sarayında yaşayırdı. Ancaq doğru deyiblər ki, hər gecənin bir hökmü var. Tanrının izni ilə Sultan Mahmud haqqa qovuşmuşdu. Ölənlə ölmək olmaz, deyirlər. Gecə-gündüz yas saxlayıb ölkəni başsız qoymaq olmazdı, ona görə də Sultan II Toğrul taxta çıxdı.
... Televizorda son xəbərləri verirdilər. Tərtər bölgəsində atəşkəs yenə də pozulmuşdu. Bir əsgərimiz snayperlə vurulmuşdu. Di gəl döz də bu dərdə. Bu da atəşkəs. Belə də atəşkəs olarmı?
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Ulu şair, hələ də yer üzündə tökülən qanların qarşısını alan kimsə yox!
Baho, bu ATƏT-in Minsk qrupu yenə Bakıya gəlib ki. Vallah, bu Merzlyakovu görəndə lap dişim bağırsağımı kəsir, gör necə tənbəl-tənbəl, dərdsiz-qəmsiz yeriyir. Bəlkə elə bu Qarabağın "açarını" vaxtı ilə Yeltsin verib ona ki, bu "açarı" bərk-bərk saxla. Hələ bu Stiven Mənə bax, sən Allah. Yaxşı, ay dünyanın başbilənləri, ay demokratiyanın ali mərtəbəsində qərar tutmuş ölkələr, bu Qarabağ münaqişəsini həll etmək istəyən kəslərin arasında niyə bir nəfər də olsun müsəlman bəndəsi yoxdur? Yəni sizcə bu müsəlmanlar sülh istəmir? Nəyə görə sizin nəzərinizdə müsəlman olan kəs barbar, geriqalmış, terroristdi? Bizə olunan bu zülmlər, haqsızlıqlar bircə gün sizə olsaydı, görərdik necə sülhpərvərsiniz. Yer üzündə heç bizim millət qədər sülh istəyən var bəyəm? Sülhsevər olmasaydıq torpaqlarımız işğal olunmazdı. Ə, qardaş, bu yalançı danışıqlara son qoyun dayna. İrəvanda bir cür, Bakıda bir ayrı cür nağıl danışmayın də. Qaraya qara, ağa ağ deyin. Bircə söz bilirlər: "qarşılıqlı güzəştlər olmalıdı". Daha hansı güzəştləri etməliyik, ay dünyanın demokratik ölkələrinin demokratik kişiləri? Torpağı işğal olunan, yurdu viran qalan, mədəniyyəti, tarixi abidələri ayaqlar altında tapdalanan bir xalq işğalçı dövlətə nəyi bağışlamalıdır?! Şəhərləri yerlə yeksan olmuş, övladları pərən-pərən düşmüş, çadırda doğulub, çadırda ölən, ünvanı çadır şəhərciyi, vaqonlar olan bu insanlar sizin sevdiyiniz, hər zaman tərəfini saxladığınız haylara daha nə bağışlamalıdır? Nəyi güzəşt etməlidir? Biz vaxtı ilə elədiyimiz güzəştlərin indi altını çəkirik. Ermənistan dövləti bəs bizim torpaqlarımızda bərqərar olmayıbmı? Yəni sizin doğrudanmı tarixdən xəbəriniz yoxdu? Doğrudanmı vaxtilə ermənilərin İrandan, Türkiyədən Azərbaycana Rusiya dövləti tərəfindən köçürülüb yerləşdirilməsindən heç kəsin xəbəri yoxdu? Axı kitab oxuyan hər kəsə tarixi qaynaqlar bəllidir. Ola bilməz ki, hər kəsə məlum olan, siz cənablara məlum olmasın. Belə olan halda biz daha neyləməliyik ki, bizi anlayasınız, cənablar? Deyirsiniz müharibə yolverilməzdir! Çox gözəl, sizinlə şərikik, bəs bu haylara özgə torpağını işğal etməyə kim haqq verib? Gəlirsiniz, xala-xətrin qalmasın, gedib hələ qaçqınlara da baş çəkirsiniz. "Bu cür şəraitdə yaşamaq olmaz, qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır" - bəyanatlarınız ürəyimizdən xəbər verir. Bəs nəticəsi? On beş ildir ki, gəlib-gedirsiniz, həmsədrlər bir-birini əvəz eləyir (təkcə Merzlyakovdan başqa - deməli, Qarabağın açarı bu kişidədir), di gəl ki, münaqişə həll olunmur. Çox fikirləşdim, götür-qoy etdim və nəhayət bu qərara gəldim ki, bu həmsədrlər, demokratik ölkələrin demokratik kişiləri bu işə qarışmasalar, beş-on gecə bizim dərdimizi çəkməsələr, gedib öz evlərində rahatca otursalar, inanıram ki, haylarla bizim şərikli malımız dərhal həll olunacaq. İntəhası, nə gizlədək, sakit oturmursuz, ağalar! Ədalət tərəzisinin gözünü əyirsiniz. Sizdən soruşan yoxdur ki, bu dünya xalqlarına sizi kim vəkil seçib? Belə də vəkillik olarmı, ağalar?
... Bu quş qripi də bir bəla olub keçib xirtdəyimizə də. Belə getsə, heç nə, başımız bir az da quş qripinə qarışar. Tanrı bəzi pis adamların üzündən yer üzünə dərmanı tapılmayan bəla göndərir ki, ağlımızı başımıza yığaq, amma nəticə çıxartmırıq da. Əməlimizdən əl çəkmirik ki, çəkmirik...
Yaxşı, bu Eldəniz necə oldu? Bu hardan gəlib yadıma düşdü?
Hə, onu da yadıma arvadımın o "Qul bazarı" kəlamı salmışdı. Üzünü görmədiyim, amma orta məktəbdə tarix kitabından adını bildiyim Eldəniz gəlib xəyalımdan keçdi. Dünyaya çox qullar gəlib-gedib, amma mən biləni bir neçə nəfərin adı tarixə düşüb — Spartak, Alptəkin, Mahmud Qəzvinin atası Səbüktəkin... bir də Atabəy Şəmsəddin Eldəniz...
Hə, qardaş, bəxt yaxşı şeydi, II Toğrul Sultan Mahmudun yerində rahatlanandan sonra Eldənizi də unutmamışdı, onu özünün "məmlük"ü eləmişdi. Sultan Toğrulun gözəl-göyçək, ağıllı, tədbirli arvadı Möminə Xatun da nədənsə ona çox iltifat göstərirdi. Hərdən fürsət düşəndə ona deyirdi ki, Eldəniz, bu saray intriqa yuvasıdır, fitnə-fəsad işlərdən həmişə uzaq dur. Belə etsən heç vaxt başın ağrımaz. Eldəniz də onu lal baxışlarıyla öpüb-oxşayır, söz verirdi ki, cəncəl işlərdən yüz ağac uzaq olacaq... Möminə Xatun da gəncin atəş kimi yanan gözlərinə qıyğacı bir nəzər salaraq uzaqlaşırdı. Möminə Xatunmu məsləhət bilmişdi, yoxsa Sultan II Toğrul özü bu fikrə gəlmişdi, nə idisə, Sultan Eldənizi bir gün azyaşlı oğlu Arslana Atabəy təyin etdi.
Amma Sultan II Toğrul da çox yaşamadı, 1135-ci ildə dünyasını dəyişdi. İndi də Sultan Məsud taxta çıxdı. Eldəniz yenə saraydaydı, yenə Arslanın Atabəyi idi. İndi o, Arslanın Atabəyi kimi Möminə Xatunla lap tez-tez görüşürdü. Artıq onun atəş saçan baxışları ürkək deyildi. Möminə Xatun da Eldənizin ona zillənmiş lal baxışlarından qaça bilmirdi. Daha doğrusu, qaçmaq istəmirdi. Bu xanım-xatın qadın artıq öz taleyi ilə barışmışdı, həmişə yas içində yaşaya bilməzdi ki. Bir gün Sultan Məsud elə bil Eldənizin gözlərindən qəlbini oxudu. Ona dedi ki, Möminə Xatunu sənə almaq istəyirəm, razısanmı? Eldənizin yanaqları allandı, başını aşağı saldı. Sultan sualını təkrar elədi:
- Razısanmı?
- Ey böyük Sultan, məsləhət sizindi. Amma bilmirəm Möminə Xatun bu izdivaca razılıq verərmi?
Sultan Məsud gülümsədi:
- O sənlik deyil. Belə bir cavan xanımın ərdə olmağı məsləhətdir.
- O sultanın xanımı olub, mən isə...
- İndi sən qul deyil, bir Atabəysən.
- Mənə belə həssas yanaşdığınıza görə sizə minnətdaram, amma mən qul olanda da qul deyildim. Sultan Məsudun qaşları çatıldı:
- Anlamadım. Necə yəni qul olanda da qul deyildim?!
- Çox-çox cah-calal sahibi var ki, ağa olsa da, qul kimi bir şeydi. Nəfsinin, tamahının quludur. Mən isə lap balacaykən bir qul kimi Həmədana gətirilsəm də, ruhum heç vaxt qul olmayıb.
***
- Mətləb, telefon... - uşaqların anasının o biri otaqdan səsi gəldi. Bağışla, Eldəniz kişi, səndən ayrılmalı olacam. Telefon zəng çalır, qoy görüm kimdi. Telefona çatıb - ya Allah, xeyir elə - deyib dəstəyi qaldırdım. - Bəli.
- Salam, - kişi səsiydi, amma hələ kimliyini anışdırammamışdım.
- Əleykəssalam. Kimdi?
- Mətləb müəllim, tanımadın məni?
- Səsin doğma gəlir, amma...
- Ə, məni nə tez unutdun, danışan Muraddı.
- Ay saqqalın ağarsın, bayaqdan adını de də, vallah, başımda min bir səs var, o saat tanıyammadım. Çoxdandı səsin gəlmir.
- Hardan gəlsin. Səsimizi batıranın səsi batsın.
- Amin! Ay Murad, indi haralardasan?
- Qaçqın harada olar? Səpələnmişik rayonlara. Mən qardaşın da Sabirabad düzündə. Qarğı-qamışdan özümə bir çavıstan tikmişəm, birtəhər başımızı girləyirik.
- Darıxma, inşallah, bir gün hər şey yoluna qoyular.
- Yaxşı ki, demirsən bu Novruz bayramı Cıdır düzündəyik.
- Yox, elə səhvə yol vermərəm, Novruza nə qalıb. İndi kiçik çillədi.
- On beş ildi özümüz-özümüzü aldada-aldada yaşayırıq, dünya dövlətləri də başımızın altına yastıq qoyur. Qorxur birdən ayılıb-eləyərik.
- Dünya dövlətləri deyil elə bizi bu günə qoyan, əl-ayağımızı bağlayan.
- Görünür bizim canımızda təpər yoxdu. Kimi dindirirsən deyir lazım gəlsə... Bu «lazım gəlsəni» bir vurub öldürən yoxdu də. Lazım gəlsə, lazım gəlsə... On beş ildi yurdumuzda ermənilər turp əkir, özü də irisindən, biz yenə də deyirik lazım gəlsə.
- Görünür bizim bilmədiyimiz işlər çoxdu.
- Biz nəyi bilmirik ey... Dünya yaranandan ağıllı fikirləşincə dəli vurub çayı keçib. Belə çıxır ki, dünyanın naz-neməti dəlilərə qismət olub. Ay qardaş, görən bir hesablayan var son bu on beş ildə nə qədər qaçqın-köçkün dünyasını dəyişib? Elə bir rayon yoxdur orada qaçqın qəbiristanlığı salınmasın. Bunu Allah götürər, qağa? Nə qədər ağsaqqal, ağbirçək Vətən deyə-deyə dünyadan köçdü. Uşaqlarımız çadır şəhərciklərində, qarğı-qamış çavıstanlarda doğuldu. İndi onlar böyüyüb on beş yaşına çatıb, hələ biz nəğmə oxuyuruq. Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan...
- Niyə susursan, qağa?
- Doğru sözə nə deyim, Murad, söz tapa bilmirəm. Yadındadı, bir vaxt Azadlıq meydanında mitinqlərdə - Qarabağ! Qarabağ! - deyə qışqırırdıq.
- Gör indi səni qoyarlar ora gedib, Qarabağ! Qarabağ! - qışqırasan.
- Başqa söz deyirəm. Onda biz özümüz qışqırıb, özümüz eşidirdik. Gərək onda millət gedib doluşaydı Qarabağın meşələrinə, kəndlərinə, qoruyaydı yurdunu.
- Deyirsən də, səni ora buraxan vardı? İstəsəydilər səni o vaxt heç o Azadlıq meydanına da buraxmazdılar, amma onda belə lazımdı... Çoxlarının sifəti çıxdı ortalığa. Sandıqlar açıldı, pambıq töküldü...
- Yox, səninlə razı deyiləm, Murad, millət ayağa qalxmışdı, onun qarşısında kimsə dayana bilməzdi. Amma bu danılmazdı ki, millətin azadlıq niyyətini başqa məcraya yönəldənlər oldu. Hakimiyyət hərisləri bu oyanışdan öz xeyirlərinə istifadə etmək istəyirdilər.
- Əşi, bunlar hamısı bəhanədi. Görünür canımızda can yanğısı yox, can qorxusu var. Qardaş, gəl etiraf eləyək, Vətən sevgimiz can sevgimizdən az imiş. Belə olmasaydı, heç nəyə, heç kəsə baxmazdıq.
- Nəsə, qardaş, olan oldu, torba da doldu.
- Mətləb, olan olub, torba hələ dolmayıb. Belə getsə heç vaxt da dolmayacaq. Xristian dünyası hər yerdə biz türkləri sıxışdırmaqdadır. Elə bil sözləşiblər, hər yerdə hayların müdafiəçisi kimi çıxış eləyirlər. Bəlkə bunlar haylardan törəyiblər, xəbərimiz yoxdu?
- Əşi, bunlar hamısı siyasətdir. Bu hayları da bədbəxt eləyiblər. Tarixdən bixəbər insanlar ağızlarını açıb, gözlərini yumurlar: 1915-ci ildə Türkiyədə erməni soyqırımı belə oldu, elə oldu. Bunlar deyir ki, qoy haylar atılıb minsin boynunuza, amma ona düş aşağı deməyin. Qoy gəmidə oturub, gəmiçiynən dava eləsinlər. Guya canıyanan çıxıblar, əslində bu söz-söhbətin hamısı biz türkləri boğmaq, parçalamaq, taqətdən salman üçündür.
- Çünki biz zaman-zaman hər şeyə laqeyd olmuşuq. Əşi, keçər-gedər demişik. Ona görə də indi başımız bəla çəkir.
- Bax, sözün düzü budur.
- Nəsə, Mətləb, Allah axırımızı xeyir eləsin. Yadındadı, sənin bir sağlıq deməyin vardı...
- Elə, sağlıqlar olmadı bizi bu günə salan? (gülüşdük).
- Əşi, sağlıqsız da keçinmək olmaz. İnsan robot deyil ha. Sənin o vaxt söylədiyin o sağlıq son vaxtlar tez-tez yadıma düşür... Baxardın evlərin pəncərələrindən gələn işığa, deyərdin, o evdən ki, işıq gəlir, deməli, orada insan var, bizim dostlarımız var, gəlin içək işığın—dostlarımızın sağlığına. Qoy həmişə dostların işığı gəlsin.
- Hə, Murad, hərdən mənim belə əsrdən uzun bir sağlıq deməyim vardı.
- Sənin dostun adicə sağlıq deyildi, nəsə çox fəlsəfi bir söhbət idi. Yaxşı, Mətləb, sağ ol. Vaxt tapıb bir gün görüşərik.
- Allah qoysa.
Güllü yaxın gəlib soruşdu:
- Kim idi zəng eləyən?
- Tələbə yoldaşım. Murad idi.
- Yazıq Murad, o boyda topdağıtmaz mülkü qaldı ermənilərə. Yaxşı ki, ürəyi partlamır.
- İnsan həm də ağır günün dostudur, ay Güllü. Bir çətən külfəti var, dözsə yaxşıdı.
- Sən Allah, o nə sağlıqdı elə?
- Yadından çıxıb? Hərdən axı xudmani məclislərdə mənim bir sağlıq deməyim vardı.
- Heyif o günlərdən, - Güllü köksünü ötürdü. - Sən də bu dünyada çox əziyyət çəkmisən, ay Mətləb, təzəcə-təzəcə ağ günə çıxırdıq, indi də bu torpaq dərdi, qaçqın-köçkün dərdi.
- Güllü xanım, dərd gələndə batmanla gəlir. Birinə cavan, birinə yaşlı vaxtlarında. Mən isə lap uşaqlıqdan tapmışdım o dərdi.
- Sən Allah, ürəyimi sıxma. Hava da açılıb, dur get usta gətir, bakı düzəltdir. Novruz bayramı qapının ağzını kəsdirib.
- Gedib gətirərəm, qoy bir az uzanım bu divana, kefim pozuldu, keçmiş-keçəcək düşdü yadıma.
- Əşi, unut getsin, sən Allah...
- İnsan hər şeyi unudar, öz həyatını, keçmişini heç vaxt unuda bilməz, Güllü... - Murada nə deyim, yenə dərdini dəbərtdi.
- Muradda nə təqsir. Allah verən talehdi... Nəsə, beş dəqiqə uzanım, gedib sənin o «qul bazarı»ndan usta gətirərəm.
- Mənim niyə bazarım olur, işsizlərin bazarıdı. Camaat balasını saxlamaq üçün əməyini satır. Onu da alan olsa... Gedim mən də bir şey bişirim.
«Sən ölməyəsən, zəmanə arvadı lap filosof eləyib». Güllü mətbəxə keçdi, mən də qaldım keçmişimlə baş-başa. Mənim uşaqlığım hərdən keçmişimin içindən kədərlə boylanırdı. Mən lap balaca olanda bir gün hiss elədim ki, evimizdə nəsə çatışmır. Mən bu çatışmayan nəsəni ondan duymuşdum ki, mənim kimi balaca uşaq olan evlərdə cavan kişilər yaşayırdılar. Belə cavan bir kişi isə bizim evimizdə yoxdu. Evimizin baş tərəfində divara bir şəkil vurulmuşdu və o şəklin üzünə qara ipək parçadan örtük çəkilmişdi. Qəlbimə dammışdı ki, mənim taleyim o üzü örtülü şəkillə çox bağlıdı. Bir gün anamdan soruşdum ki, bu şəklin üzünü niyə örtmüsünüz? Cavab vermədi, susdu, üz-gözünə kədər çökdü. Nənəmdən soruşdum, o da o saat yaylığının ucunu gözlərinə apardı. Evimizin bir küncündə ağzı daima qıfıllı bir sandıq vardı, anamın cehiz sandığı idi. Bu sandıqda da divardan asılmış üzü örtülü şəkillə bağlı nəsə vardı, çünki bizim evimizdə ağzı bağlı başqa bir şey yox idi. Özü də mənə elə gəlirdi ki, bu sandığın ağzı da mənə görə bağlanır. Nənəm, sevimli nənəm həmişə qara geyirdi, saçına xına qoymurdu, son zamanlar hətta papiros da çəkirdi. Nədənsə mən mehrimi anamdan çox nənəmə salmışdım. Gecələr də onun yanında, böyük ağac taxtın üstündə yatırdım. Bəlkə də ona görə ki, nənəm mənə şirin-şirin nağıllar danışırdı. Çox-çox sonralar bildim ki, onun mənə söylədikləri nağıl-filan deyilmiş, atamla, babamla, kəndimizlə bağlı hadisələr, əhvalatlar imiş. Yavaş-yavaş böyüyürdüm, artıq başa düşürdüm ki, divardan asılmış üzü örtülü şəkil mənim atamın şəklidi, sandıqdakı balaca xəncər, əsgər beretkası, üçkünc məktublar da o şəklin sahibinə — mənim atama məxsusdu. Mən bütün bunları ondan duymuşdum ki, hərdən nənəm bu əşyaları ortaya töküb üstündə ağı deyərdi. Sən demə, nənəmin bu əşyaları ortalığa töküb ağlamağının da səbəbi varmış. Əlbəttə, mən bunları çox sonralar, yolum kənd qəbiristanlığımıza düşəndə bildim. Atamın qəbri yoxdu orada. Bir-bir başdaşlarının üstünü oxuyurdum, amma atamın adına rast gəlmirdim. Mən onda başa düşdüm ki, atam kəndimizdən çox-çox uzaqlarda vəfat eləyib. Vəfat etdiyi yerdə də dəfn edilib.
Elə bir axşam olmazdı ki, atam haqqında düşünməyəm. Ancaq bir yaşında itirdiyim atamı heç cür xatırlaya bilmirdim. Bir gecə isə qəribə bir yuxu gördüm. Bu, yuxudan çox arzuya oxşayırdı. Yuxuda görmüşdüm ki, atam başdan-ayağa palçığa bələnib. Onu bu vəziyyətdə gətirib evimizin böyründə qazılmış su quyusunun yanına qoymuşduq. Quyudan su çəkib atamın cənazəsini yuyurduq. Palçığı yuyandan sonra atam dirilib oturmuşdu: - Tez mənim paltarımı gətirin geyinim, - demişdi. Onun səsini eşidib yuxudan oyanmışdım. Bu ana qədər onun səsi mənim başımda yoxdu.
Səhər yuxumu nənəmə, anama danışmışdım. Anam hönkürmüşdü, nənəm əlini üzünə atmışdı, qonşu arvadlar çəpəri adlayıb anamla nənəmə qoşulmuşdular. Ağlaşma səsi kəsiləndən sonra arvadlar nənəmə təsəlli vermişdilər ki, Allaha şükür, heç olmasa yurdunda oğlu qalıb. Mən bu əhvalatdan sonra anama, nənəmə, babama atamla bağlı heç bir sual vermirdim. Mən onların göz yaşı töküb ağlamasını istəmirdim. Ona görə də mənim atamla bağlı verəcəyim saysız-hesabsız suallarım həmişəlik ürəyimdə qaldı. Amma hərdən nənəm özü atam haqqında nağıla bənzər söhbətlər eliyərdi. Bu nağılların qəhrəmanlarından biri də hökmən babam olardı. Sən demə, babam kəndimizdə Sovet hökumətini quranlardan imiş. (Amma sonralar babam qurduğu hökumətdə nə görmüşdüsə - Sovet hökuməti dovşanı araba ilə tutur - söyləmişdi). Nənəm deyirdi babam heç evdə oturan deyildi. Qorxu-hürkü də bilməzdi. Amma mərdi-məzarlığı da yoxdu. Müharibədən qabaq bu Soltanbud meşəsi qaçaq-quldurnan doluydu. Bir dəfə babam lap cavan vaxtı Ağdam bazarına gedibmiş. Görür meydan adamla dolub. O da yaxınlaşır camaata. Deyirlər bəs, təzə hökumət yaranıb. Hə, bir nəfər hörmətli kişiyə söz verirlər (Mən çox-çox sonralar bildim ki, bu hörmətli kişi yazıçı Əbdürrəhim bəy Haqverdiyev imiş). O da bircə kəlmə deyir: - «Yaşasın Bakıdan gələn Şura hökuməti!» Ona görə baban sənin atanın adını Şura qoymuşdu. Yazıq Şura! - deyə nənəm yaylığının ucuyla gözünün yaşını qurulayardı. Mən gözləyərdim ki, nənəm yenə atam haqqında danışsın. Qəsdən sual verməzdim ki, birdən danışmaz. Nənəm marağımı görüb öz nağılını danışardı: — Bir dəfə yaylağa getmişdik. Bıy, başıma xeyir, deyirəm bir dəfə yaylağa getmişdik. Bir dəfə yox ey, hər il gedirdik. Nəsə, getmişdik yaylağa. Hər kəsin öz yurd yeri vardı. Alaçıqlar tikib bütün yayı qalardıq göy yaylaqlarda. Nəsə, getmişdik yaylağa, baban da qalmışdı kənddə əkin-biçinlə məşğul olmağa. Yayın o qorabişirən vədəsində bir də görürdün dağların başını bulud aldı. Az keçməzdi göy guruldayıb şimşək çaxardı, leysan yağış başlardı, deyərdin bəs qiyamət günüdür. Belə bir yağışlı havada alaçığımızın qabağında at kişnədi. Elə bildim gələn babandı. Çölə çıxdım, beş nəfər atlı alaçığın yanındaydı. Onlar qaçaqlardı. Bellərində patrondaş, çiyinlərində beşatılan vardı. Başçıları soruşdu: - A gəlin, evdə kim var? Dedim, başıpapaqlımız kənddədir. Dedi, isti çayınız olmaz? Dedim, — olar, düşün qonağımız olun. Atdan düşdülər. Sənin atan Şura da onda heç dil də açmamışdı, totuq bir uşaqdı. Uşağı verdim baldızım Sürəyyaya, getdim çay qaynadam gətirəm. Qaçaqların böyüyü alar uşağı qucağına, bir az atar-tutar. Sürəyyadan soruşar ki, qızım, bu uşağın adı nədi? Sürəyya da nə bilsin, deyər ki, Şura. Qaçağı elə bil ilan vurar. Tapançasını çəkər uşağı vursun. Qaçaq onda atanı vurub öldürsəydi, indi sən dünyada olmazdın. Hə, çay əlimdə girdim içəri, gördüm qaçaq tapançasını çıxarıb. O saat dalağım sancdı. Qardaş, dedim, ona lağınan Şura deyirik, əsl adı Sabirdi. Qaçaq çəp-çəp mənə baxıb Şuranı qaytardı özümə. Elə bil üstümə gün doğdu. Bir bəladan sovuşdum. Amma sonra onu elə Sovet hökuməti əlimdən aldı. Müharibədən bir neçə il sonra onu əsgər apardı. Bir il keçdi. Nə oldu, yad yerdə, yad ölkədə, tifilimin başına nə gəldi, bilmədim. Bir gün ölüm xəbərini aldıq. Çox ağır günlər idi. Babam getdi atanın cənazəsini gətirsin, amma gətirə bilmədi. Yad ölkədə torpağa tapşırıb qayıtdı. Sənin onda bir yaşın vardı. Allah mənə ömür versin, sənin toyunu görüm. Əhd eləmişəm, onda qırmızı geyinəcəm.
Mən onda Allaha yalvarırdım ki, bircə tez böyüyəm, nənəm əhdinə çata, qırmızı tuman geyinib toyumda oynaya. Axı nənəm heç vaxt toylarda oynamırdı. Kəndimizdə hamı da bilirdi ki, nənəm toyda niyə oynamır. İllər ötdü, böyüdüm, amma mən evlənmək yox, ali məktəbdə oxumaq eşqinə düşdüm. Bizim vaxtımızda ali məktəblər az idi. Gəlib günlərlə Bakının küçələrində qalırdıq. Mənim o sağlığa oxşar söhbətim də burdan başlayırdı. Xudmani məclislərdə söz demək məqamı mənə çatanda qalxırdım ayağa. Deyirdim ki, mən sağlıq demirəm ha, bir balaca dözün. Gözlərinizin qabağına on yeddi-on səkkiz yaşlı bir cavan gətirin. O oğlan axşam Yevlaxda qatara minib səhər tezdən gəlib düşüb Bakıya. Tanıdığı bir kimsə yox, gedəcəyi ünvan yox. Gərək imtahanı verib axşam qatara minib qayıtsın evlərinə. Üçüncü imtahan nə üçünsə günbatana qalmışdı. Kitablarını universitetin qabağındakı bağda bir daşın altında gizlədib getdi imtahana. Onda imtahanlar indiki kimi bir günün içində, özü də tapmacasayaq suallarla keçirilmirdi. Biletini çəkib otururdun üç-dörd müəllimin qabağında, cavabını verirdin, əgər verə bilsən... Müəllimlər səni, atanı, ananı tanımırdılar. (Yəqin ki, tanıdıqları, tapşırılanları da vardı, yoxsa adamsızlar illərlə «konkursa» düşməzdi, professorlar öz sorğu-suallarıyla adamın suyunu çıxardıb buraxırdılar.) Nəsə, imtahan çox gec başlamışdı. Oğlanı nigarançılıq üzürdü, çünki imtahan belə uzansa, qatara çatmayacaqdı. Bəs onda bu oğlan harada qalacaqdı? İmtahan ağır və gərgin keçirdi. İki professorun arasında nə üstəsə mübahisə düşmüşdü. Onların üz-gözlərindən zəhər-zəhqum yağırdı. Talelərin həll olunduğu bir zamanda onların nəyi şərikli düşmüşdü görəsən? İki alıb çıxanların sayı çoxalmışdı. Növbə oğlana çatdı, bilet çəkib oturdu. Bir az keçmiş professor çağırdı ki, gəl cavab ver. Oğlan biletə düşən sualların cavabını verdi. Qaş-qabağından zəhər tökülən professorun eyni bir balaca açıldı, oğlanın qiymət vərəqəsinə bir yağlı dörd yazdı. Oğlan imtahandan çıxanda axşamdan xeyli keçmişdi. Bu vaxta qatar qalmazdı. Bir az çöldə dayanıb gözlədi. Bayaq onun yanında oturan oğlan da qımışa-qımışa ona yaxınlaşdı. İmtahandan kafi qiymət almışdı. Qoşalaşıb üzüaşağı düşdülər. O zamanın ən məşhur «Naxçıvan» mehmanxanasına gəldilər. İlahi, necə biganə adamlar vardı. Dodağı poamadalı xanım heç onları adam yerinə qoymadı, «yerimiz yoxdu» deyib durdu. Gecə keçirdi. Bu boyda qonaq evində onlara rəhmi gələn yoxdu. Əlacsız qalıb çıxdılar çölə. Sonradan qiymət alan oğlan dedi ki, qardaş, bizim bir tanış var, mən gedirəm onlara. Oğlan ona yaxşı yol dedi, qaldı küçənin ortasında tək-tənha. On səkkiz yaşlı bir gəncin gecənin yarısı kimsəni tanımadığı bir şəhərdə tək qalması bilirsinizmi nə deməkdi? Oğlan ətrafa baxırdı, uca binaların pəncərələrindən işıq gəlirdi. (Deməli, bu şəhərdə ondan başqa hər kəsin işığı vardı.) Amma o, bu işığın birini tutub kimsənin qapısını döyə bilmirdi, çünki o işıq sahiblərindən heç kəsi tanımırdı. Bir anın içində onun üçün sevdiyi nağıllar yalan olmuşdu. Axı nağıllarda yolu azmış qəhrəman işığı tutub gedirdi, qarşısına çıxan ilk evin qapısını döyürdü:
- Ay ev yiyəsi.
Ev sahibi soruşurdu:
- Kimsən?
- Allah qonağı.
- Allaha da qurban olum, qonağına da, - qapılar taybatay açılırdı qonağın üzünə.
Yox, indi nağıllardakı kimi deyildi. İndi qapının bambalaca gözlüyündən baxırlar, qapının ağzında duranı tanımasalar, heç orada yıxılıb öləsən səslərini də çıxartmazlar.
Oğlan məcbur olub üz tutdu Sovetskinin yastı-yapalaq məhəllələrinə. Gecə keçirdi, yorulmuşdu, qıçları taqətdən düşmüşdü. Hava isti olduğundan adamlar küçələrə su səpib oturmuşdular. Kişilər nərdtaxta oynayır, qadınlar dərdləşirdilər. Oğlan ürək eləyib kimsəyə bir söz demidi. Ondan soruşan da yoxdu ki, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən? Burası şəhər idi, burada bir-birini tanımayanlar salam-kalamsız ötüşürdülər. Oğlan qəlbinə yatan, ona doğma olan, anasını, nənəsini, babasını xatırladan bir insan axtarırdı. Burda elə bil qadınlar qocalmırdı. Hamı qarasaç idi. Nəhayət, oğlan bir topa adamın içində ağsaç bir qadın gördü, ürəklənib ona yaxınlaşdı.
- Ana, bir gecəlik qalmağa yeriniz olarmı?
Qadının mehriban səsi eşidildi:
- Olar, oğlum, keç içəri. Oğlan içəri keçəndə gözlərinə inanmadı, bura əməlli-başlı yataqxanaydı. Oğlan içəri göz gəzdirdi, yaşıdları çoxdu. Amma evin baş tərəfindəki çarpayının üstündə iki canlı «kuklanı» görəndə diksindi. İstədi geri qayıtsın, amma gec idi. Çünki ömründə bu boy-buxunda adamlar görməmişdi. Onların biri qadın, biri kişi idi. Hər ikisi qırx, qırx beş yaşında olardı. Onların bədənləri qurşaqdan aşağı inkişaf eləməmişdi. Amma hərəkətləri çox çevik idi. Qadının sifəti təkəmseyrək tük gətirmişdi, kişi isə nə barədəsə üyüdüb-tökürdü. Onlar artıq talelərilə barışmışdılar, deyib-gülürdülər. Arada oğlanlardan biri kişini balaca uşaq kimi qoltuğuna vurub ayaqyoluna apardı. Yəqin ki bu oğlan bu evdə çoxdan lövbər salmışdı, özünü çox sərbəst aparırdı. Qonşu otaqdan üzünü hələ də görmədiyimiz bir qadının deyintisi gəlirdi. Qadın, deyəsən, hələ də gəlib çıxmayan ərinin qarasına danışırdı.
Gecə keçirdi. Nəhayət, yerlər salındı. Nazik, ensiz ocaqqırağı döşəklər idi. Balaca, özü də xeyli nimdaş yastıqlar qoyulmuşdu. Oğlan yatağın ürəyincə olmadığını görüb paltarını soyunmadan yerinə uzandı. Anası onu o qədər təmizliyə öyrətmişdi ki... Oğlanı nə vaxt yuxu tutdu, bilmədi. Yuxudan səsə oyandı. Axşamdan üzünü görmədiyi o qadın hardansa qayıdıb evinə gələn kişisini divara qısnamışdı. Kişi günahkar olduğundanmı, abır-həya etdiyindənmi, səsini içinə salmışdı. Qadın isə susmaq bilmirdi. Onun hikkəli səsi oğlanın başına düşmüşdü... «Rayonun gədələrini yığıbsınız bura. Xaraba qalmış elə bil yataqxanadı, yataqxana». Qadının bu sözləri elə bil oğlanın yeddi qatından keçdi. Yerindən sıçrayıb qalxdı, əlini cibinə salıb yer haqqını nimdaş yatağın üstünə atıb evdə çıxdı. Kimsə gözə görünmürdü. Dan yeri yavaş-yavaş ağarırdı... Söhbətinin bu yerində badəsini qaldırırdı yuxarı: - O oğlan mən idim. İndi çıxıram balkona, şəhərin hansı səmtinə baxıram, ürəkdolusu nəfəs alıram. Ona görə ki, dostlarımın, tanışlarımın o sayrışan işıqlar içində öz işıqları var. Ona görə deyirəm qoy həmişə işığınız gəlsin. İşığı yanmayan ev görəndə qəlbim sıxılır...
- Mətləb, hələ evdəsən? - Güllünün qınaq dolu səsi məni xəyaldan ayırdı. Fikirləşdim ki, lap ağ elədim. - İndi gedirəm usta gətirməyə - deyib yerimdən qalxdım. Arvadımın «şükür» kəlməsi ürəyimdə evdən çıxdım.
Yola çıxıb maşının sürətini artırdım. Maşının pəncərəsindən baxıb gördüyüm uzundraz binalar bir az kefimi korladı. Ona görə yox ki, gözüm götürmədi, yox, istəməyənin gözü çıxsın. Sadəcə, Bakı mənim gördüyüm şəhər deyildi. Axı bu uzundraz binaları niyə harda gəldi, necə gəldi tikirlər? Qorxuram axırda bu şəhərdə görk üçün bir qədim tikili qalmaya. İlahi, doğrudanmı, bu uzundraz evləri tikənlərin qəlbində müqəddəs heç bir hiss qalmayıb... Deyirəm, yaşa doldum, saç-saqqalım ağardı, amma uşaq kimi sadəlövh qaldım. Yenə deyirəm, ağıllı fikirləşincə dəli vurur çayı keçir. Ona görə ki, dəlinin qabağına çıxan yoxdur. Budur, iş adamları bizim bu şəhərlə bağlı xatirələrimizi gözümüz baxa-baxa şumlayırlar. Belə getsə bir nişanə qalmayacaq. Ə, qardaş, o Sovetski deyilən yerdə, damına qır basılmış meynəli evlərdə gəncliyimiz keçib axı. Əşi, bu Hacı Zeynalabdinin də pulu olub də. Axı bu kişi özünə əriştə kəsəndə, xalqı üçün də umac ovub. Tikdikləri budur ey, gözümüzün qabağında. Sağlığında ona millət atası deyirdilər. Di gəl ki, Sovet hökuməti o kişini də müflis elədi. Hələ Nərimanov olmasaydı, bolşeviklər o yaşda kişini elə şəhərin ortasındaca güllələyəcəkdilər. Muzdur hökumətinə bəy, xan, zadəgan gərək deyildi. Onunku oraq-çəkic idi, nökər-nayıb idi, başını salsın aşağı, işini görsün. Varlı adam görəndə Sovet hökumətinin canına qaşınma düşürdü. Yazıq Hacı dünyasını dəyişəndən sonra canı qədər sevdiyi Sonası çöllərdə qalıbmış, bir tikə çörəyə möhtac imiş. Hə, Hacının arvadı Sona xanımı görməsəm də, qızı Sara xanımı görmüşdüm. Çiynində köhnə bir meşin çanta (deyirdilər ki, o, çantada Hacının bəzi-bəzi sənədləri var), beli bir az əyilmiş, nimdaş geyimli, arıq vücudlu Sara xanımla Nizami muzeyinin yanında çox rastlaşmışdıq. Onun üzündə əbədi bir kədər donub qalmışdı. Və mən biləni, o, bu dünyadan üzü gülmədən getdi. Onu göstərib deyirdilər ki, çiyni çantalı bu qadın milyonçu Tağıyevin qızı Sara xanımdır. Biz Sara xanıma heç əhəmiyyət də vermirdik, ona görə ki, o, vaxtilə milyonçu qızı olmuşdu. Müəllimlərimiz bizi başa salmışdılar ki, bu milyonçular bizim xalqımızın canını alıblar (amma sonralar oxuyub bildim ki, bu kişilər milyonları alınlarının tərilə qazanıblar, bizim indiki bəzi məmurlar kimi oğurluq pulla sahibkar olmayıblar), Nəsə, Sovet hökumətinin muzdurdan xoşu gəldiyi üçün, biz də fürsəti əldən vermirdik, tərcümeyi-halımızda fəxrlə yazırdıq ki, bəs, mən muzdur oğlu, muzdur nəvəsiyəm. Ona görə belə yazırdıq ki, onda bizi Kommunist partiyasının üzvü eləyirdilər, sonra vəzifə verirdilər və biz bundan sonra adam balası kimi yaşayırdıq. Bir sözlə, biz muzdur sözündən qətiyyən utanıb-eləmirdik. Çünki Sovet hökuməti muzdur hökumətiydi. Ona görə də biz muzdur nəvələri milyonçu qızı Sara xanımın yanından saymazyana keçib-gedirdik. Halbuki Sara xanım bizə nisbətdə daha yoxsul bir gündəydi. Biz Tağıyevi unudub, Murtuza Muxtarova dalımızı çevirib, bərk-bərk Leninin ətəyindən yapışmışdıq. Bu kişi hələ uşaq bağçasından bizim ən əziz «babamız» olmuşdu. Biz bu babalar babasının şərəfinə qoyulmuş heykəllərinin ətrafında əl-ələ tutub yallı gedirdik. Şairlərimiz onun adına zırpı-zırpı şeirlər qoşurdular. Ona görə ki, onda ad-san sahibi olurdular. Heyif deyil can rahatlığı. Xalq-xalq deyib Bayılda yatmaqdansa, Lenin babanın şərəfinə şeirlər yazıb pərqu yorğan-döşəkdə, arvadın isti qucağında yatmaq yaxşıdı. Yoxsa Cavidin, Müşfiqin gününə düşərdilər. Amma bir dəfə bizim rayonda bu Lenin babaya bağışlanılmaz bir hörmətsizlik eləmişdilər. Hansı qudurmuşsa zibil dolu zənbili nə yollasa Lenin babanın həmişə qabağa uzanan əlinə keçirtmişdi. (O kişi qabağa uzatdığı əli ilə bizə cənnətin — Kommunizmin yolunu göstərirdi.) Onda rayon bir-birinə dəymişdi.
davamı