Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.
ƏFRADI-ƏHLI-MƏCALIS
L ə n k ə r a n v i l a y ə t i n i n x a n ı .
Mirzə Həbib – onun vəziri.
Ziba xanım – vəzirin əvvəlimci hərəmi.
Şölə xanım – vəzirin istəkli ikimci
hərəmi.
Nisə xanım – Şölə xanımın bacısı ki,
qızdır, vəzirin evində olur.
P ə r i x a n ı m – Şölə xanımın anası ki, o
da vəzirin evində olur.
Teymur ağa – xanın qardaşı oğlu ki,
Nisə xanıma aşiqdir.
H a c ı S a l a h – tacir.
Ağa Bəşir – vəzirin naziri.
Heydər – vəzirin fərraşı.
Kərim – vəzirin mehtəri.
Xacə Məsud Qara – vəzirin xacəsi.
Səlim bəy – xanın eşik ağası.
Q ə d i r b ə y S ə l i m b ə y – onun naibi.
Səməd bəy – xanın fərraşbaşçısı.
Əziz ağa – xanın pişxidmətbaşçısı.
Vəzirin bir neçə başqa fərraşları
və bir neçə bəylər.
Xanın bir neçə başqa fərraşları.
Bir neçə ərizəçilər xan imarətində.
ƏVVƏLIMCI MƏCLIS
Əvvəlimci məclis əlli il bundan əqdəm.1 dəryayi-Xəzərin kənarında, Lənkəran
şəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikimci arvadının
otağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur.
Və z i r . Hacı Salah, eşitdim ki, Rəştə2 gedirsən doğrudurmu?
H a c ı S a l a h . Bəli, ağa!
Və z i r . Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən.
Onun üçün səni çağırtmışam.
H a c ı S a l a h . Buyur, ağa, can-baş ilə bitirməyə hazıram!
Və z i r . Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeri
abi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş
ola; xülasə
Bir nimtənə kim, ta ola zərbəftü nikutər,
Diba ona möhtac.
Mətnində tamam rabitə mövzun sərasər,
Tək haşiyə qıyqac,
Üstündə onun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac.
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,
Nəzzarəsi bəhhac.
Tiri-nəzəri əhli-təmaşaya müqərrər,
Hər butəsi amac.
Içində onun şölə verə tələti-dilbər,
Tabəndeyi-vəhhac.
Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac.
Kəbə evinin örtüyünə tuta bərabər,
Simasını hüccac3.
Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasından
kiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasına
düzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlli
qızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın da
qayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan?
H a c ı S a l a h . Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqd
pul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsü
məlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, gen
oldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam.
Və z i r . Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düz
gəlməsə, düzəldərik.
H a c ı S a l a h . Ağa, olmazmı parçasın və düyməsin gətirdim,
burada hər kəs ki geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz?
Və z i r . Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, öz
mərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıb
sənə danışam? A, kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm,
nə qalmağala düşəcəyəm?
H a c ı S a l a h . Xeyr, ağa, mən nə bilirəm?
Və z i r . Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm və
illa gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-belə
qulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləb
budur ki, Novruz bayramına iki ay qalıbdır. Mən istəyirəm ki, bayramda
bir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burda
tikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafə
xərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldan
xilas olmayacağam!
H a c ı S a l a h . Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsini
istəməzmi?
Və z i r . Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var?
Sənə hər nə buyururam, elə eylə!
H a c ı S a l a h . Baş üstə, ağa!
Və z i r . Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın
arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanım
məni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vay
sənin halına!
H a c ı S a l a h . Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrini
xalqa yayam?
Və z i r . Di get, mürəxxəssən!
Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez Ziba xanım otağın o birisi qapısını
bərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub, səksənib geri baxır.
Z i b a x a n ı m . Istəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan;
barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onu
Şölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan?
Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyuğ çöldən əppək batırır, elə
oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi?
Və z i r . Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəli
olubsan?
Ziba xanım. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək Hacı
Salah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu;
xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarək
eyləsin, arvadına yaxası qızıl düyməli nimtənə... Teymur ağanın
gözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onun
qabağında süzsün.
Və z i r . Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsan
ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumu
batırırsan?
Ziba xanım. Sənin namusunu mən batırsaydım, mən də bir
oğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecəgündüz
Teymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə gözilə
görübdür.
Vəzir (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşına
inanmanam!
Ziba xanım. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran bu
işi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə,
təmiz adını-sanını itiribsən.
Və z i r . Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu?
Z i b a x a n ı m . Sən özün tanıdıbsan, özün göstəribsən!
Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm?
Ziba xanım. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidin
ki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağında
bəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə və
qaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıb
oturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa,
iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb.
Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axır
kim bilsin nə hiylə edib onu ələ salıbdır ki, bir gün görməsə, aramı
yoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qız
almaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır!
Və z i r . Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam.
Ziba xanım çıxıb gedir.
Vəzir (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola,
amma çox ehtimalı var ki,Teymur ağanın gücü ona xoş gəlib, cahıl qız
uşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Bu
arvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır.
Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan
güclü deyil, o basdığı uşaqlar tamam colma-çocuq idilər, bəlkə bu
tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durum
gedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm.
(Ayağa durur, istir getsin, Ziba xanım girir içəri).
Z i b a x a n ı m . Bu gün nahara, şama nə buyurursan, hazır etdirim?
Və z i r . Zəhrimar, zəqqum! Sən mənə belə xörək yediribsən ki,
bir ay da yeməsəm acımanam. (Istir gedə, otağın ortasında bir xəlbir
düşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağının
bir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edib
dizin tutur, əylənir, qaşqabağı tökülmüş, üzün arvadına tutub çığıraçığıra).
Bu xəlbir burda nə qayırır?
Ziba xanım (təəccüblə). Mənim heç xəbərim yoxdur!
Və z i r . Fərraş!
Heydər fərraş dəhlizdən otağa daxil olub, əl-əli üstə baş əyir. Ziba xanım üzün
örtüb, çəkilir otağın bir tərəfinə.
Vəzir (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır?
F ə r r a ş . Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kərim
əlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiri
burda qoyub gedibdir.
Və z i r . Bu saatda mehtəri buraya çağır.
Fərraş gedir.
Və z i r . Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımda
nə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxt
ki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam.
Ziba xanım. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanım
yoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımın
otağına.
Fərraş və mehtər daxil olurlar.
Vəzir (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var?
Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan?
Mehtər. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki,
cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim.
Və z i r . Bəs bu xəlbiri bura niyə salıb gedirsən?
Mehtər. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim.
Yadımdan çıxıb burda qalıbdır.
Və z i r . Sonra niyə gəlib aparmadın?
Mehtər. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiri
axtarırdım.
Vəzir (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, bu
saatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünlə
gətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər.
Fərraş gedir.
Mehtər (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başına
çevir məni!
Vəzir (qeyzlə). Kəs səsini, it oğlu it!
M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm,
atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm,
dəxi heç vaxt buraya ayaq basmanam!
Və z i r . Səsin kəs, eşşək toxumu, eşşək!
Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqə
və başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər.
Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə!
Fərraşlar naziri yıxırlar, ayağın fələqqəyə salırlar, ikisi fələqqəni tutur, ikisi
çubuq götürür.
V ə z i r . Vurun!
Fərraşlar vururlar.
N a z i r . Ağa, başına dönüm, mənim təqsirim nədir?
Vəzir (qeyz ilə əlin xəlbirə sarı uzadır). Bu xəlbir mənim otağımda
nə qayırır?
N a z i r . Necə xəlbir, ağa?
Və z i r . Çubuq dəyəndə bilərsən necə xəlbir!
Fərraşlar vururlar.
N a z i r . Ay haray, ay dad! A başına dönüm, axır mənim təqsirim
nədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür!
Vəzir (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki,
bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıda
qulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini,
işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın;
xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtər
Kərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyub
gedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfi
qalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm.
Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdən
bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən!
N a z i r . Ağa, sənin başını və ağlını Allah böyük yaradıbdır; mən
necə sənə tay ola bilərəm?
Vəzir (fərraşlara). Vurun!
N a z i r . Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan
sonra heç vaxt belə iş olmaz.
Vəzir (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım,
əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə,
özünü ölmüş bil!
Nazir (durub ayağa). Bəli, ağa, xatircəm ol.
Və z i r . Di get!
M e h t ə r (yavaş). Allah, sənə şükür!
Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra da
vəzir çıxır.
Pərdə salınır
IKIMCI MƏCLIS
Ikimci məclis Şölə xanımın otağında vaqe olur. Teymur ağa və Nisə xanım
qabaq-qabağa ayaq üstə danışırlar.
Teymur ağa. De görüm, bu işin çarəsi nədir? Bu nə xəyaldır ki,
vəzir düşübdür? Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə
bilə? Axır bu qərabətdən onun mənzuru nədir?
Nisə xanım. Mənzuru nədir? Məgər özün bilmirsən? Əlbəttə,
mənzuru ixtiyar axtarmaq və izzətdə olmaqdır!
Teymur ağa. Məgər xan ona verdiyi ixtiyar və izzət bəs deyil?
Nisə xanım. Bəs olsa da, amma bietibardır: istir ki, qərabət
səbəbi ilə bu ixtiyar və izzət payidar olsun.
Teymur ağa. Qəribə axmaqdır. Məgər xan öz yaxın əqrəbalarına
etdiyi işləri gözü ilə görmür? Bəhər surət işə çarə tapmaq gərəkdir.
Sən əbəs yerə bu vaxtadək məni qoymadın ki, onu xəbərdar edim;
indi mən istirəm ki, sabah onun yanına adam göndərib məlum edəm ki,
bu niyyətdən düşsün, yoxsa xeyir götürməz.
Nisə xanım. Amandır, Teymur ağa! Bu fikirdən düş ki, bu işi
hərgiz vəzirə bildirmək olmaz; ondan ötrü ki, o həmişə deyir: xan səni
öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrər
məşvərət edibdir; əgər vəzir bizim məhəbbətimizi anlasa, öz xeyri
və səlahı üçün haman saat gedib xana bildirəcəkdir ki, sən, guya onun
namizədinə göz dikirsən, xüsusən ki, vəzir səndən çox incikdir!
Teymur ağa. Xan mənim atamdan qalan ölkəni və xanlığı zəbt
etdiyini yetişməz, indi məni öldürmək fikrinə də düşür? Onun xam
xəyalıdır!
N i s ə x a n ı m . Əlbəttə, çünki ehtiyat edir ki, sən atan məmləkəti
ondan iddia edəsən, səni özünə müxill görür. Mən eşitmişəm ki, ancaq
el üzünə sənə hörmət edir; əgər fürsət tapsa, bir gün səni sağ qoymayacaqdır.
Teymur ağa. Heç vaxtda onun kimi xanlar məni öldürə bilməz!
Bəylər və xalqın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə
ixlaskeşdir. Mən o quşlardan deyiləm ki, ətim yeyilə. Xub, mən vəzirə
nə eyləmişəm ki, məndən incik olubdur?
Nisə xanım. Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib
özünə mirzə eləmisən. Vəzir belə bilir ki, əgər sənin əlinə bir ixtiyar
düşsə, Mirzə Səlim bişək qabağa çıxacaq, atasın yerin tutacaq, indi bu
fikirdədir ki, xana desin, onu bu vilayətdən qovdursun.
Teymur ağa. Onun ağzı deyil, mənim mirzəmi qovdura!
Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bir
tövr bədniyyət olubdur! Inşallah taala onun tədbirlərinin hamısını
pozub öz mətləbimə çataram. Amma doğru deyirsən; hələ gərək vəzir
bizim məhəbbətimizi anlamaya. Şölə xanım hardadır? Mənim ona bir
para deyəsi sözüm var.
Nisə xanım. Anamın otağındadır.
Teymur ağa. Olmazmı gedib onu buraya çağırasan?
Nisə xanım. Anam evdə yoxdur, ikimiz də gedək ora.
Teymur ağa. Yaxşı.
Hər ikisi çıxıb gedirlər, sonra Ziba xanım otağa daxil olur.
Z i b a x a n ı m . Ay ləçər, axır işi o yerə yetiribsən ki, mənim qaravaşımı
söyüb mənim üstümə göndəribsən? Vəzir səni belə qudurdubdur?
(Görür ki, otaqda heç kim yoxdur. O yana-bu yana baxıb söyləyir).
Ax, hardadır bu dilaram çəngi? Evi yıxılsın Mirzə Həbib vəzirin
ki, bizim axırımızı bu günə çıxartdı. (Istir geri dönsün, kişi sədası
eşidir, səksənir, əylənir). Vay, yad kişinin səsi gəlir! Vay, indicə qapıdan
girəcəkdir, qapıdan çıxa bilmənəm, necə edim? (O yana-bu yana
vurxunub girir pərdə dalısında gizlənir, sonra Teymur ağa ilə Şölə
xanım içəri girir).
Teymur ağa. Anan nə tez hamamdan qayıtdı, qoymadı ki, otaqda
danışaq, burda münasib deyil idi, çünki mənim danışası sözüm
çoxdur, olur ki, vəzir bura gəlsin.
Ş ö l ə x a n ı m . Xatircəm ol, bu gün vəzir bura gələ bilməz.
Teymur ağa. Necə gələ bilməz?
Ş ö l ə x a n ı m . Ondan ötrü ki, bu gün növbəti Ziba xanımın otağındadır.
Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq
basa bilməz.
Teymur ağa. Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə
xatircəm olmaq olamaz; genə gərək ehtiyatı əldən qoymamaq, bəlkə
bir ittifaq ilə bura gəlmək istədi.
Ş ö l ə xanım. Fikir eləmə, Nisə xanıma tapşırmışam ki, dəhlizdən
dişqarı bir yerdə oturub gözətləsin; Əgər vəzir görünsə, tez bizi
xəbərdar etsin. Yoxsa qorxursan?
Teymur ağa. Mən qorxan adam deyiləm, bir para səbəblərə
görə mən istəmirəm ki, vəzir məni burda görə, gedib xana xəbər verə.
Bir neçə fikrim var; gərəkdir əvvəl onları itmamə yetirəm.
Ş ö l ə xanım. Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa
xana bildirər, iş bilkülliyyə pozular.
Bu halda Nisə xanım başın içəri uzadıb.
N i s ə xanım. Ay Aman, vəzir gəlir!
Şölə xanım iztirab halətində qapıdan dışqarı baxır.
Ş ö l ə x a n ı m . Ay aman, vəzir düzbədüz qapıya sarı gəlir. Teymur
ağa, sən qapıdan çıxa bilməzsən!
Teymur ağa. Bəs mən necə gərək edim! Olur ki, mənim burda
olmağımı bir adam ona xəbər veribdir. Vallah, hər kəs mənim bura
gəlməyimi açmış ola, bu xəncəri dəstəsinədək ürəyindən çıxacağam
(Əlini xəncərinə uzadır).
Ş ö l ə x a n ı m . A kişi, söyləmək vaxtı deyil, hələ gir bu pərdənin
dalısına, görüm bir tövr ilə vəziri geri qaytara billəmmi?
Teymur ağa girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağa
daxil olur.
Və z i r . Şölə xanım, nə işdəsən, kefin yaxşıdırmı?
Şölə xanım. Allaha şükür, sənin dövlətindən kefim həmişə yaxşıdır,
sənin kefin yaxşı olsun. Niyə qaşını əyibsən, nə əcəb axsıyırsan?
Və z i r . A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən
keçməzdi. Ovqatım lap təlx olubdur. Xacə Məsud, get mənə bir
qəhvə bişir gətir.
Xacə Məsud baş vurub gedir.
Ş ö l ə xanım. De görüm, başına nə qəziyyə gəlibdir? Amma olur
ki, söyləməyi uzun çəkə, nə lazım zəhmət vermək!
Və z i r . Xeyr, uzun çəkməz. Iş budur ki, mən bir neçə bəylər ilə
xanın hüzurunda oturmuşduq. Teymur ağanın güclülüyündən söz
düşdü. Hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclü
bir kimsənə tapılmaz; xan da təsdiq elədi. Mən inkar etdim ki, Teymur
ağada heç güc yoxdur; əgərçi oruc bayramında bir neçə uşaq basdı;
amma olar tamam çolma-çocuq idilər. Teymur ağa da hüzurda durmuşdu.
Xan mənim sözümü qəbul etməyib dedi: “Sən nə dəlillə bunu
isbat edirsən?”. Mən cavab verdim ki, əgər mənə yaraşaydı, bu əlli
yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. Xan ki,
həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa ilə
güləşəsən. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib,
bir dəqiqə çəkməyib Teymur ağanı çəkdim pişləngə, dəxi bilmirəm
necə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş bağladı, ancaq
yarım saatdan sonra özünə gəldi; zordan mənim də onbam bərk ağrıyıb,
indi axsayıram.
Şölə xanım (təbəssüm ilə). A kişi, bu nə işdir sən edibsən?
Bəlkə kişinin oğlu öləydi, anasının günü qara olaydı?
Və z i r . Bəs özüm də çox peşman oldum, amma çifayda, belə ittifaq
düşdü.
Ş ö l ə x a n ı m . A kişi, bəs biçarə elə yerdə qaldı? Sən çıxdın gəldin
mənə hünərini söyləməyə?
Və z i r . Xeyr, fərraşlar onu dala götürüb apardılar anasının yanına.
Bu halda Teymur ağa pərdənin dalısında gülməyin saxzlaya bilməiyb pıqqıldayır.
Vəzir tez yeriyib pərdəni qaldırır. Teymur ağanı və Ziba xanımı pərdənin dalısında
görüb mat qalır və habelə Şölə xanım.
Və z i r . Sübhanallah, bu nə işdir? (Sonra üzün Teymur ağaya tutub
acıqlı, qaim sövt ilə). Ağa, sən burda nə qayrırsan? (Teymur ağa başın
aşağı salır). De görüm, axır sən burda nə qayrırsan? (Teymur ağa cavab
vermir, pərdədən çıxıb başı aşağı istir getsin. Vəzir onun qolundan
tutub). Qoymanam gedəsən, ağa, de görüm, sən burda nə qayrırsan?
Teymur ağa (qolun çəkir). Əldən qoy!
Vəzir (ona bərk-bərk suvanıb). Qoymanam gedəsən, mənə
cavab ver!
Teymur ağa təncə gəlib, bir əlilə yapışır onun boynunun ardından, bir əlilə paçasından
qaldırıb tullayır. Vəzir otağın ortasında palaz kimi sərilir. Teymur ağa tez qapıdan
çıxıb gedir.
Vəzir (bir dəqiqədən sonra hala gəlib, üzün tuturu Ziba xanıma).
Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən?
Ziba xanım. Mən sənin başına məkr gətirirəm? Vay sənin
halına! Vay sənin halına ki, qəflət gözünü ortübdür!
Və z i r . Kəs səsini, ay ləçər! Məni dilə basdırma, dəxi səni tanıdım;
bu qədər fitnə və fel tamam sənin işin imiş, Allah qoysa sənin
axırına çıxaram!
Z i b a x a n ı m . Ay biçarə, bir de görüm nə səbəbə mənim axırıma
çıxacaqsan?
Və z i r . Səlitə, dəxi bundan artıq səbəb olar ki, yad adam ilə pərdə
dalısına girib gizlənibsən?!
Z i b a xanım. Ay biçarə, bir arvadın Şölə xanımdan soruşsana ki,
yad adam onun otağında nə qayırır?
Və z i r . Ay ləçər, hələ sən bir özün mənə cavab ver ki, sən
naməhrəm ilə bir pərdənin dalısında nə qayırırsan?
Ziba xanım. Yaxşı, mən deyim. Arvadın Şölə xanım mənim
qaravaşıma söymüşdü, mən gəlmişdim onun ilə dalaşam ki, niyə həddindən
çıxır; ittifaqən onu otaqda görmədim. Istəyirdim geri qayıdam,
gördüm ki, qapı tərəfdən bir yad adam Şölə xanım ilə danışa-danışa
gəlir. Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayracaqlar
ki, sonra səni xəbərdar edim. Xüsusən ki, üzüaçıq yad adama
görükə bilməzdim. Ittifaqən sən bura gələndə o adam da girdi pərdənin
dalısına gizləndi.
Və z i r . Niyə çıxıb o saat məni xəbərdar etmədin, əgər doğru
deyirsən?
Z i b a x a n ı m . Necə çıxıb xəbərdar edəydim ki, xəncəri dəstəsinədək
ürəyimə çaxacaq idi?!
Vəzir (bir az təəmmül edib, üzün Şölə xanıma tutub). Şölə, doğrusunu
de: bu adam sənin yanına gəlmişdi?
Şölə xanım. Sənin arvadın tutuquşu cinsidir; dil-dil ötmək,
yalan danışmaq peşəsidir. O adamı mən ömrümdə görməmişəm və heç
tanımanam.
Və z i r . Necə tanımazsan? Teymur ağanı sən tanımırsan?
Ş ö l ə x a n ı m . Teymur ağa burda nə qayrır? Məgər sən Teymur
ağanı yıxıb anasının üstünə göndərməmisən?
Və z i r . Ay ləçər, sən mənim sözümə cavab ver, Teymur ağa
səninmi yanına gəlmişdi?
Şölə xanım. Temur ağa mənim yanıma gəlsəydi, onu mənim
ilə bir yerdə görərdin, Ziba xanım bilirdi ki, mən bu gün hamama
getdim; belə xəyal edib ki, mənim otağım xalidir, öz sevgilisini bura
çağırıb istirmiş eyş-işrətə məşğul olsun; çünki bu gün sənin növbətin
onun yanında olmaq səbəbilə sevgilisini öz otağına gətirə bilməzdi.
Ittifaqən hamam suyu kəsilmək səbəbilə biz qəflətən geri qayıtdıq.
Ona binaən qaça bilməyib, hər ikisi giriblər bu pərdənin dalısına ki,
bəlkə mən çölə-bayıra çıxan zamanda fürsət tapıb qaçsınlar. Doğru
söz budur, əqlini başına yığ, bu bihəyanın məkrinə uyub, mənim haqqımda
nahaq bədgüman olma!
Ziba xanım (Şölə xanıma çığıra-çığıra). Ay ləktə, bu necə sözdür
ki, özündən qayrırsan? Öz işini mənim üstümə qoyursan? Vay,
vay, mən özümü öldürrəm!..
Şölə xanım. Ləktəsən də, ləçərsən də, kovulsan da! Istər
özünü öldür, istər qoy, sənin məkrü felin tamam Lənkəran xalqına
məlumdur. Çığırmaq ilə özünü təmizə çıxara bilməzsən! Ərin gözü
var, görür ki, bu iş sənin işindir, ya mənim işimdir?
Z i b a x a n ı m . Ay Aman, mən özümü öldürrəm! A kişi, bu ləçərin
ağzına niyə vurmursan ki, mənə belə böhtan deyir?..
Ş ö l ə x a n ı m . A ləktə, o mənim ağzıma niyə vurur? Əgər o kişidir,
gərək səni tikə-tikə doğraya ki, yad oğlan ilə bir yerdə tutubdur.
Vəzir (Ziba xanıma). Əlbəttə, səni gərək tikə-tikə doğramaq!
Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşən
axırına çıxım, sonra sənin haqqında fikir çəkərəm. Sən ömrünü
yalançılığa sərf edibsən!
Ziba xanım (acıqlı). Mən yalançıyam? Doğru danışan sənsən?
Necə ki, söylədiyin nağıldan məlum oldu...
Və z i r . Itil gözümün önündən, ləçər! (Ziba xanım otaqdan çıxır).
Şölə doğru de, bu işdən xəbərin varmı?
Ş ö l ə x a n ı m . Mən hərgiz bu xüsusda təqsirli deyiləm!
Bu halda xacə Məsud əlində qəhvə fincanı daxil olub vəzirin dal tərəfindən ərz edir.
Xacə. Ağa, qəhvə buyurursunuzmu?
Vəzir (geri dönüb, əlilə qəhvə fincanına vurub xacə Məsudun
üstünə dağıdır). Itil cəhənnəmə, məlun! Bu hövsələmin dar vaxtında
nə qəhvə içmək yeridir! Mən bu saat xan qulluğuna gedirəm.
Xacə Məsud geri dönüb dağılan qəhvəni üstündən silə-silə.
Vəzir (kəsrəti-pərişanlıqdan). Buyur, tez mənim qırmızı cübbəmi
versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi?
Xacə Məsud. Eşitdim, ağa, necə ki, buyurursan əmələ gələr.
Ondan sonra vəzir də çölə çıxır.
Ş ö l ə x a n ı m . Allahu əkbər, əcəb işə rast gəldim! Canım qurtuldu,
Allah, sənə şükür! (Nisə xanım içəri girir) Nisə, qəribə iş ittifaq
düşdü; vəzir Ziba xanımı Teymur ağa ilə pərdə dalısında gördü.
N i s ə xanım. Nə danışırsan? Ziba xanım pərdənin dalısında nə
qayırırdı?
Ş ö l ə x a n ı m . Bilmirəm, evi yıxılmışın qızı haçan gəlib ora girmişdi
ki, mənim canım qurtuldu. Amma xan bişək və şübhə Teymur
ağanı öldürəcək! Onu qurtarmağa bilmirəm nə çarə edək?
Nisə xanım. Qorxma, xan Teymuru öldürə bilməz! Amma gərək
idi bu iş olmayaydı; indi mətləb uzanacaqdır. Anam çağırır, gedək
onun otağına və xacə Məsudu da göndərək xanlığa, bir xəbər bilsin.
Hər ikisi gedirlər.
Pərdə salınır
ÜÇÜMCÜ MƏCLIS
Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur.
Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur Səlim bəy eşik
ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər,
qapının ağzında fərraşbaşı Səməd bəy və pişxidmətbaşı Əziz ağa və bir-iki cavan pişxidmət
qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy
müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında oturublar.
Xa n . Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə
bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki,
dərya kənarında lötgə hazır etsinlər!
Əz i z a ğ a . Baş üstə.
Çölə çıxır.
Xa n . Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.
E ş i k a ğ a s ı (talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa
gətir.
Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.
Ə r i z ə ç i l ə r d ə n b i r i s i . Xan, başına dönüm, ərzim var!
Xa n . Kişi, de görüm, ərzin nədir?
Ə v v ə l i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bu gün atımı çaya
suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan
gəlirdi; çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən
bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü.
Indi at məsrəfdən çıxıbdır; diyəsini istirəm,vermir; mənim ilə cəngü
cədəl edir.
Xan (ikinci ərizəçiyə). A kişi, belədir?
I k i m c i ə r i z ə ç i . Başına dönüm, belədir, amma mən qəsdən daş
atmamışam.
Xa n . Pərpuc danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar.
Sənin də atın varmı?
I k i m c i ə r i z ə ç i . Vardır başına dönüm.
Xan (əvvəlinci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir
gözün çıxart! “Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cürufə qisas”.4
Bu şübhəli iş deyil, Səməd bəy, fərraşlardan birini qoş getsin, buları
haqlaşdırsın!
Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.
Xa n . Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər; tez olun, bu
gün seyrə çıxacağam!
S ə l i m b ə y . Qədir bəy, o birilərini irəli gətir!
Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir.
Xa n . Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz
əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm,
dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan
ərizəçiləri rədd etməmişəm!
Səlim bəy. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə
bu qədər xalq sizə əyal hesab olunur. Bu, Lənkəran vilayətinin abadlığı
sizin ədalətinizin bərəkətindədir.
Ərizəçilər baş əyir.
Əvvəlimci ə r i z ə ç i . Xan, başına dönüm, mənim qardaşım
naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna
verib qardaşımın üstünə gətirdim. Bu ümid ki, qardaşımı sağaldacaqdır.
Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşım
canın tapşırdı. Indi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu
vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ
genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!
Xan (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi
pis olacaqdı?
I k i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa
mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra
bişək və şübhə öləcək idi; qan almaqla bu kişinin altı ay ona bica xərc
və zəhmət çəkməkdən xilas etmişəm.
Xa n . Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə
sənə artıq zad bağışlasın?
I k i m c i ə r i z ə ç i . Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!
Xan (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını
necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!
B ə y l ə r d ə n b i r i s i . Başına dönüm, həkim taifəsinin ehtiramı
vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin,
onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox haziq həkimdir.
Xa n . Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə
çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd
bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.
Səməd bəy aşağı enir. Bu halda vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanın
aparır qoyur xanın qabağına.
Və z i r . Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim.
Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti hər kəsə ki,
layiq görürsən, ona ver; Mən başımı götürüb bu vilayətdən dərbədər
olacağam!
Xan (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nə
halətdir?
Və z i r . Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətin
dillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindən
bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma sənin
qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün
günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın.
Xan (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edə
bilərmi?
Və z i r . Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm!
Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdən
dartınıb çıxıb getdi.
Xa n . Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma bu
xüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aram
tut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar!
Və z i r . Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad
və əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən5 öz övladlarına
xalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. Sultan
Mahmud Qəznəvi6 bu günə cürm üçün müqərrəblərindən birisinin
boynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfi
aləmdə məzkurdur.
Xa n . Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan
və Sultan Mahmud Qəznəvidən əskik deyil.
Bu halda Səməd bəy Teymur ağa ilə içəri girir, hər ikisi baş əyirlər.
Xan (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncər
ilə mənim hüzuruma daxil olma?!
Teymur ağa. Mən xəncər qurşamamışam!
Xa n . Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işin
nə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, sənin
kimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnam
olam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saat
bir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna,
sürüyün aşağı!
Fərraşlar şalı salmağa hazırlanırlar, tamam bəylərin gözü dolur yaş ilə.
E ş i k a ğ a s ı v ə t a m a m b ə y l ə r . Xan, qurbanın olaq, cavandır,
bu səfər bağışlayın bunun təqsirini!
Xa n . Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib).
Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdan
özlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağa
düşürlər, yalvarırlar).
B ə y l ə r . Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər).
Xa n . Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm,
köpək uşağı!
Fərraşlar əllərində şal, yavıqlaşdıqca Teymur ağa cəld əlin uzadıb dalısında sancılmış
tapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər;
Teymur ağa aralıqdan çıxıb gedir.
Xan (dalısınca). Ay tutun, ay qoymuyun getsin!
Hamı hərəkət edir, amma dalısınca düşən olmur.
Xan (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənim
mərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?!
(Heç kəs cavab vermir). Səməd bəy!
Səməd bəy qabağa yeriyir.
Xa n . Bu saatda əlli nəfər cəzairçi7 özünlə götür, Teymuru hər
yerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm,
ölkə dincəlməz!
S ə l i m b ə y . Baş üstə. (Qapıdan çıxır).
Xan (bəylərə). Dağılın!
Bəylər dağılırlar.
Xa n . Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı?
Əz i z a ğ a . Hazırdır!
Xan (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, sənin
qisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsus
onun üçün zərgərdən gətirtmişdim. Və onu köçürmək tədarükünə
məşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın!
Və z i r . Bəli, fərmanınıza əməl edəcəyəm.
Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə çıxır.
Pərdə salınır
DÖRDÜMCÜ MƏCLIS
Dördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım
qayət nigaranlıqda oturublar.
Nisə xanım. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki,
bir xəbər gətirə; ürəyim çox iztirabdadır.
Şölə xanım. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymur
ağaya bir zad edə bilməyəcəkdir.
Nisə xanım. Doğrudur ki, bir zad edə bilməz amma qorxuram
ki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir.
Bu halda xacə Məsud girir.
Ş ö l ə x a n ı m . Xacə Məsud, söylə görək nə oldu!
Xacə Məsud. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymur
ağanı gətirib istirdi boğdursun. Teymur ağa tapança çəkib fərraşları
dağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdə
tapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. Indi tamam şəhəri və
evləri ondan ötrü axtarırlar.
Nisə xanım qüssədən ah çəkir; bu halda qapı açılır. Teymur ağa içəri girir.
Şölə xanım. Vay, dədəm vay, sən bura necə gələ bildin?
Məgər Aslan ürəyi yemisən? Məgər canından qoxmursan?
Teymur ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam?
Şölə xanım. Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün.
Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə!
Gələn olmasın!
Xacə Məsud çıxır çölə.
Teymur ağa. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan
bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam
onun uğrunda! Amma mən işsiz də gəlməmişəm. Istirəm, bu gecə
Nisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaq
olmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur;
mən dəxi öz nişanlımı onun əlində qoyub, ondan sonra bura gəlibgedə
bilmənəm?
Ş ö l ə x a n ı m . Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüz
bura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdən
pusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin.
Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısında
at və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımı
çıxarıb sənin əlinə tapşırram, apararsan.
Teymur ağa. Nisə xanım, razısanmı?
N i s ə xanım. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb.
Bu halda Xacə Məsud qapıdan çığırır.
Xacə Məsud. Ay aman, vəzir gəlir!
Şölə xanım və Nisə xanım (rəngləri təğyir tapmış). Vay,
dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında
gizlən, görək bu zalımı qaytara billikmi?
Teymur ağa (heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mən
hərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy gəlsin məni burda
görsün!
Şölə xanım və Nisə xanım (onun ayağına düşüb dizlərindən
qucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama!
Baban goru xatiri üçün gizlən pərdənin dalısında!
Teymur ağa. Heç vaxt!
Xacə Məsud (genə başın içəri uzadıb). Ay Aman, vəzir yetişdi!
Ş ö l ə xanım və N i s ə xanım. Ay başına dönüm, bizə rəhm
elə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişək
ölümə gedərik!
Teymur ağa. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına,
bir saniyə keçmiş vəzir içəri daxil olur).
Və z i r . Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki,
siz ilə danışıq edim. Qulaq asın. Şö lə xanım, heç bilirsənmi ki, sənin
bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq
olacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adını
itirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlər
ilə həmişə aşnalığı var.
Şölə xanım (arami-qəlb ilə). Buyur, görək, mən hansı naməhrəmlərlə
aşnalıq edirəm?
Və z i r . Məsələn, Teymur ağa ki, sənin otağında gördüm.
Ş ö l ə x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında?
Vəzir. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm;
olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü deyirəm
ki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman söz
deyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdan
ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək
tədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisə
xanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur).
Nisə xanım. Bir qız ki, onun bacısının haqqında bədgüman
olalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onun
barmağına tax! (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır).
Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgüman
oluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım.
Şölə xanım. Olmazmı bu nəsihətləri arvadın Ziba xanıma
verəsən?
Və z i r . Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm.
Ş ö l ə x a n ı m . Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən?
Vəzir. Dəxi saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymur
ağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi, ya tapılıb
ölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundan
sonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçmək
tədarükünə gərək məşğul olmaq.
Şölə xanım. Get anamın otağına, bu sözləri ona danış; bu
mənim işim deyil.
Və z i r . Get ananı bura çağır, burda danışaq.
Bu halda qapı açılır, Pəri xanım və Nisə xanım içəri girirlər.
Və z i r . Əcəb oldu gəldin. Buyur otur!
P ə r i x a n ı m . A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdən
çıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlun var ki, səni görmək
olmur.
Və z i r . Bəli, ələlxüsus bu günlərdə heç bir macalım yox idi. De
görüm, ana, mətləbin nədir?
P ə r i x a n ı m . A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçı
Qurbana dua yazdırmağa ki, Allah sən qızım Şölə xanımdan bir oğlan
kəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç
ağırı buğda səməni qoyub füqəraya paylayasan. Indi gərək sənin başının
üç ağırını tutam, səməni vaxtı keçir.
Və z i r . Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırını
tutacaqsan, madam ki, başım bədənimdədir.
P ə r i x a n ı m . A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir.
Bir dərin qab qoyarıq başına, əgər başın tamam ola sığsa, onun
dolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir!
Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanı
gətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır.
Və z i r . Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necə
ki, deyiblər əməl elə, taki Allah Şölə xanımın arzusun bitirsin.
P ə r i x a n ı m . Bəli, qadan alım. Nisə xanım, badyanı qoy başına!
Nisə xanım badyanı geydirir. Badya vəzirin qaşına qədər girib aşağı getmir. Nisə
xanım zor edir.
Və z i r . Ay aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (Iki əlli
badyanı qaldırır).
P ə r i x a n ı m (tez). A qız, o böyük badyanı gətir.
Nisə xanım yüyürüb tez böyük badyanı gətirir.
Və z i r . Ay ana, Allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala?
Indi səninlə vacibi danışası mətləbim var.
P ə r i x a n ı m . Olmaz, vaxtı keçər, a qadan alım! Incimə, bir dəqiqəlik
işdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs bu
axır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul
görməyim ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur).
A qız, qoy badyanı, əvvəldən gərək bunu gətirəydin.
Nisə xanım badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şölə
xanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Temur ağanı çıxarıb
qapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır.
Və z i r . Ana, indi otur səninlə söz danışacağam.
P ə r i x a n ı m . Baş üstə, oğul!
Istir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmiş
Teymur ağa əlində tapança otağa daxıl olur. Vəzir onu görən kimi başlayır titrəməyə.
Teymur ağa. Mənim atamın yaxşılıqları sənə haram olsun!
Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səni
öldürməmiş özüm ölmənəm.
Tapançanı qalxızır vəzir tərəfinə. Şölə xanım düşür onun ayağına, yalvarır.
Ş ö l ə x a n ı m . Amandır, Teymur ağa, təəmmül et, əl saxla!
Teymur ağa əl saxlayır. Bu halda Səməd bəy bir neçə cəzairçi ilə otağa daxil olur,
qapı ağzında durur.
Teymur ağa. Səməd bəy, qərəzin nədir?
Səməd bəy. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiz
nədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanın
buyruğudur, gərək səni onun yanına aparaq.
Teymur ağa. Məni diri onun yanına apara bilməzsiniz! Məgər
mənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah,
əgər hünəriniz var, ayaq irəli qoyun. (Tapançanı yuxarı qalxızır).
Səməd bəy. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənim
ilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlər
nə lazımdır? Inanın ki, xan əhd edibdir sizə bir zad etməsin.
Teymur ağa. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. O
hansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim.
Bu halda həyətdə dübarə qalmağal qopur. Səlim bəy eşik ağası, Teymur ağanın
süd qardaşı Riza ilə içəri girir.
Səlim bəy. Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun!
Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib,
lötgə çevrilib, xan dəryaya qərq olubdur. Indi xalq xanlıq imarətinin
ətrafına cəm olub özlərinə xan istirlər. Təşrif gətirin!
Teymur ağa. Riza belədirmi?
Riza. Bəli başına dönüm, belədir. Buyurun gedək (Bu halda vəzir və Səməd
bəy yeriyib torpağa düşürlər. yalvarırlar). Ağa, bizi başına çevir!
Teymur ağa. Səməd bəy, sən dur geri çəkil. (Səməd bəy durub geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki mənim sənin evinə gəlməyim ondan ötrü idi ki mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib Allahın əmrilə onu almağa talib idim. Amma çüki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub kamali asayişdə güzəran edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki bir həftədən sonra gərəkdir ki, toy başlansın. Anam Pəri xanım, bacım Şölə xanim, xudahafiz!
Pəri xanım və Şölə xanım. Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən!
Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır.
Cəzairçilər (qışqırır). Teymur xan sağ olsun!
Pərdə salınır.
Tamam olur.