Kəndli:
-- Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə,
Axund:
-- Hansı qurandır о ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.
Kəndli:
-- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!
Axund:
-- Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!
Kəndli:
-- О yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!
Axund:
-- Buna şübhən də var?
Kəndli:
-- Əlbəttə, inanmam bu sözə!
Axund:
-- Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!