Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!
Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!