Mirzə Ələkbər Sabir. Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!














Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qovun-qarpızı, bostan da qapandı!

"Ülfət" kəsilib toxdadı "Bürhani-tərəqqi",
Məhv oldu "Həmiyyət", ədəbistan da qapandı!

"Rəhbər" yorulub, yuxladı "İrşad", "Təkamül",
Aslanlara ox dəydi, neyistan da qapandı!

Meydani-rəqabətdə bizim himmətimizdən
Dəva qapanıb Rüstəmi-dəstan da qapandı!

Ətfali-vətən qoy bağırıb ölsün acından,
Yandı analar sinəsi, püstan da qapandı!

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
Darüzzəfəri-tazəpərəstan da qapandı!