Mirzə Ələkbər Sabir. Fisincan














Sanma əzdikcə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.

Qarışıqdır hələlik millətin istedadı, --
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Kim ki, insanı sevər, -- aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,
Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur.

Ürəfa dersən özün, əhli-xəta dersən özün,
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?....

Gözünü xiyrələdirmi günəşi irfanın?
Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?!

Tanırıq biz sizi artıq, demə, ha! Biz beləyik!
Tanılır ol kişi kim, tutduğu meydanlıq olur.

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,
Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur.