Mirzə Ələkbər Sabir. Olmur, olmasın














Ata:

-- Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!

Sənətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın!

Oğul:

-- Kəsbinə getməyə, ata, fürsətin olmur, olmasın!

Gündə bir arvad al, boşa, qeyrətin olmur, olmasın!

Ata:

-- Axşam olanda çıx çölə, gəlmə sabaha tək hələ,

Neyləsən eylə, bir belə ismətin olmur, olmasın

İffətin olmur, olmasın!

Oğul:

-- Axşam olanda yax həna, düz zəvəcatı yan-yana,

Girdin о dəm ki yorğana, halətin olmur, olmasın!

Qüdrətin olmur, olmasın!

Ata:

-- Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,

Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!

Himmətin olmur, olmasın!

Oğul:

-- Saqqalı bağlı hər səhər isti həmamə qıl güzər,

Qorxma, azarlasan əgər; səhhətin olmur, olmasın!

Behcətin olmur, olmasın!

Ata:

-- Uşqoladan çıxan zaman, hər yeri vurnuxan zaman,

El sənə pis baxan zaman, ibrətin olmur, olmasın!

Xiclətin olmur, olmasın!

Oğul:

-- Tək həyətə girən zaman, qonşu qızın görən zaman,

Şövq ilə dindirən zaman, övrətin olmur, olmasın!

Qismətin olmur, olmasın!

Başına eşqi dolmasın!

Rişini Zalxa yolmasın!