Mirzə Ələkbər Sabir. Töhmət edir qəzetçilər, -- məşəri-nasi bir belə














Töhmət edir qəzetçilər, -- məşəri-nası bir belə....

Özlərinin inan ki, yox fəhmü zəkası bir belə....



Mən kimi aqil olsalar şüğl edələr oğurluğu, --

Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə....



Cümlə maarif əhlinin haləti göz önündədir,--

Vəchi-məaşı bir belə!.... Dərdü, bəlası bir belə....



Madəri-elmə söylənir Məryəmə söylənən tühəm,

Elmin anası bir belə!.... Cəhlin atası bir belə....



Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?

Dərsin əzası bir belə!.... Xəlqin ədası bir belə....