Zeynalabdin Marağayi "İbrahimbəyin səyahətnaməsi" (Roman)


-

BİRİNCİ CİLD


İLK SÖZ

İşıq zehinli bilik sahiblәrinә (mәnim sözüm dә onlaradır) mәlumdur ki, bu gün yer üzündә millәtlәrin tәrәqqisi, mәdәniyyәti, sәadәti vә xoşbәxtliyinin ilk sәbәblәrindәn biri mәtbuatdır. Bәli, mәtbuat sahiblәri qәrәzsiz olub, әyri yolla mәnfәәt әldә etmәkdәn çәkinsәlәr, özlәrini mәsxәrәbazlıq vә yaltaqlıqla lәkәlәmәyәrәk mәnliklәrini qorusalar, vәtәn mәhәbbәtini vә hәmvәtәnlәrinә sevgini öz şüarlarına çevirsәlәr, dövlәtә xidmәti qarşılarına mәqsәd qoyub, fikirlәrini hәmişә ölkәnin vә millәtin hәqiqi tәrәqqisi vә inkişafı yollarını axtarıb tapmağa yönәltsәlәr, özlәrinin heç bir mehriban dostunu yersiz tәriflәmәsәlәr, heç bir düşmәninә dә qәrәz üzündәn iftira söylәmәsәlәr, insanlıq şivәsinә zidd sayılan böhtanı böyük günah hesab etsәlәr, әlbәttә, onların sözlәri böyükdәn tutmuş kiçiyә qәdәr hәr bir hәmvәtәnә tәsir göstәrib, işlәrimizdәki nöqsanların aradan qaldırılmasına sәbәb olacaqdır. Xüsusilә tarixçilәr vә sәyahәtnamә yazanlar öz gözlәri ilә gördüklәri vә ya inanılmış adamlardan eşitdiklәrindәn başqa bir söz yazmamalı vә bu mәsәlәlәrә hәr şeydәn çox fikir verib diqqәt yetirmәlidirlәr.

Bu gün hamıya aydındır ki, Qәrb millәtlәrinin tәrәqqisinin әsas sәbәbi o xoşbәxt ölkәlәrin mәtbuatının bәrәkәtindәndir. Onlar vәtәnlәrindәki bütün nöqsanları, millәtin hәr hansı sinfinә vә mәmlәkәtin hәr hansı bir sahәsinә aid olmasından asılı olmayaraq, gördüklәri kimi yazırlar. Әgәr eşitmiş olsalar, doğruluğunu yoxlayıb tam arxayınlıq әldә etdikdәn sonra eşitdiklәrini heç bir şәxsi mülahizә vә qәrәzә yol vermәdәn mәtbuat sәhifәlәrindә әfkari-ümumin qarşısına çıxarıb, sәlahiyyәtli dairәlәri bu nöqsanları aradan qaldırmağa çağırırlar. Mәsul mәqamlar da mәtbuatın xәbәrdarlığını eşidәn kimi bircә dәqiqәni belә fövtә vermәdәn әvvәlcә o mәtlәbin doğruluğunu yoxlayır, sonra nöqsanı islah etmәk vasitәlәrini tәşkil etmәklә bәrabәr onu yazıb göstәrәnә tәşәkkürünü bildirir, әgәr bir yanlışlıq baş vermiş olsa, bunu xoş dillә qeyd edәrәk mәtbuatın sәhvini düzәltmәyә çalışırlar. Belәliklә demәk olar ki, o ölkәlәrin xoşbәxt әhalisinin hәm danışan dili, hәm görәn gözü, hәm dә eşidәn qulağı var. Tәәssüflәr olsun ki, bәdbәxtlik üzündәn biz bu nemәtlərin üçündәn dә mәhrumuq.

Bu müqәddimәni söylәmәkdәn mәqsәdimiz odur ki, hәr cür qәrәz vә mübaliğә lәkәsindәn tәmiz olan vә әziz vәtәnimizin bir sıra nöqsanlarından danışan bu sәyahәtnamәnin üzü bir yerdәn bizim әlimizә düşdü. Vәtәnpәrvәrlik alәmindә rәva görmәdik ki, bu xәzinә torpaq altında qalsın. Buna görә dә mәhz vәtәn mәhәbbәtini vә hәmvәtәnlәri nәzәrә alaraq bu әsәrin çap olunması vә nәşrinin xәrcini öz üzәrimizә götürdük. Bunu da yәqin bilirik ki, bilikli vә insaflı hәmvәtәnlәrimizdәn heç birisi onun bir kәlmәsinin belә üstünә barmaq qoyub etiraz etmәyәcәkdir. Çünki qeyrәtli sәyyahımızın görüb, öz sәyahәtnamәsindә qeyd etdiklәrinә hәr kәs azca diqqәt yetirәrsә, vәtәnimizin o yerlәrindә bu hadisәlәrin hәr gün vә hәr saat artıq-әskiksiz şahidi ola bilәr.

Demәli, burada heç bir qәrәz-mәrәz ola bilmәz. Bu, yalnız onun üçündür ki, hәrgah vәtәnimizin başçıları bu sәyahәtnamәdә yazılanlara insaf gözü ilә baxıb, әcnәbilәrin nәzәrindә dövlәt vә millәtin başıaşağılığına, xarlığına vә xәcalәtinә sәbәb olan bu nöqsanları aradan qaldırmaq üçün mәrdliklә ayağa qalxsınlar. Bәlkә belәliklә axıb getmiş olan su bir daha arxa qayıda, İran abad ola, iranlılar keçmişdә olduğu kimi, öz tay-tuşları arasında başıuca olalar. Belә etsәlәr onlar öz adlarını da әbәdilәşdirmiş olarlar. Çünki bu kimi fәdakarlıqdan sonra millәtin tarixi onların adını heç vaxt unutmaz.

Әbәdi yaşayar yaxşı adamlar,

Ölsә dә şöhrәti dillәrdә qalar.

Hörmәtli oxuculardan tәkidlә xahiş edirik ki, bu "Sәyahәtnamә"ni sonadәk oxumayınca müәllifi lәnәt vә nifrәtlә yad etmәsinlәr. Әsәri oxuyub başa vurduqdan sonra onun rәhmәt vә ya lәnәtә layiq görülәcәyini oxucuların öz insafına tapşırırıq. Allah-taaladan ricamız ancaq budur ki, bütün hәmvәtәnlәrimizin vә dindarlarımızın vicdanını vәtәn sevgisi duyğuları ilә süslәsin.

Әlqәrәz, bu kimi mәtlәblәri demәk vә yazmaq borcumuzdur.

İBRAHİM BӘYİN SӘYAHӘTNAMӘSİ

İbrahim bәyin sәyahәtnamәsini qәlәmә almadan әvvәl onun tәrcümeyi-halı haqqında müxtәsәr dә olsa mәlumat vermәk lazımdır ki, oxucular onun sәyahәti sәbәblәri ilә layiqincә tanış olsunlar.

İbrahim bәy Azәrbaycanın böyük tacirlәrindәn birinin oğludur. Atası әlli il bundan әvvәl ticarәt mәqsәdi ilә Misirә gedib, ticarәtindә baş verәn rövnәqә görә, bir çox müsәlman ölkәlәrinin qibtәsinә sәbәb olan bu böyük şәhәri özünә mәskәn seçәrәk, orada qalır.

Hәmin möhtәrәm tacir yaxşı ad qazanmağın, ticarәt tәrәqqisinin ilk şәrti olan әminliyinә vә dәyanәtinә görә az bir müddәt içәrisindә çoxlu sәrvәt toplayıb, xoşniyyәtliliyi vә millәtә xeyirxah olduğuna görә hamının hörmәtini qazanır.

Bu sәdaqәtli vә tәmiz vicdanlı tacir Misirdә sakin olduğu uzun illәr boyu öz gözәl milli adәt-әnәnәlәrini zәrrәcә dә olsun dәyişmәmiş, yemәk-içmәkdә, geyimindә, adamlarla rәftarında, bir sözlә, mәişәtindә öz babalarının yolu ilә getmişdir. Daim vәtәn tәranәsini zümzümә edәrdi. Hәr kәsi görsәydi, vәtәninin vә hәmvәtәnlәrinin әhvalını soruşardı. Özü Misirdә olsa da, ürәyi hәmişә İranda idi. Qış gecәlәrindә tanınmış hәmvәtәnlәrindәn bir neçәsini qonaq çağırardı. Qonaqlıq mәclislәrindә isә onların mәşğәlәsi İranın tarix kitablarını vә keçmiş şahların әhvalatını oxumaqdan ibarәt olardı. Uzun illәrdәn bәri onun oğlunun tәrbiyәçisi vә müәllimi olan Mirzә Yusif adlı bir şәxs "Nasixüt-tәvarix" kitabından Keyxosrov, Cәmşid, Bәhmәn, Şapur, Әnuşirәvan vә bunlar kimi böyük padşahların dastanlarını oxuyar, o isә qulaq asdıqca fәrәhlәnәr, ürәyi qürur hissi ilә dolardı.

Onun "Tarixi-Nadiri"ni oxumağa qәribә bir meyli vә hәvәsi var idi. Hәmin kitabı o qәdәr oxumuşdu ki, әvvәldәn axıradәk әzbәrlәmişdi.

Bu vәtәnpәrvәr vә qeyrәtli şәxs vәfat edәndәn sonra onun İbrahim adlı bir oğlu qaldı. Hәmin sәyahәtnamә dә onun adınadır. Mәn atanın vәfatından sonra onun oğlu ilә dә tanış olmuşdum. Günlәrin bir günündә Misirә güzarım düşdü. Köhnә dostluq münasibәtlәrinә görә birbaşa İbrahim bәyin evinә gedib, orada qaldım. Bir gün onun kitabxanasına baxırdım. Müxtәlif xәtlәrdә vә çaplarda olan altı-yeddi cild "Tarixi-Nadiri" gördüm. Çox tәәccüblәndim. Öz-özümә düşündüm: "Bir kitabxanada eyni kitabdan Tehran, Tәbriz, Bombey vә başqa yerlәrdә çap olunmuş müxtәlif nüsxәlәrin toplanmasının nә mәnası var?" Nәhayәt, bunun sәbәbini İbrahim bәyin özündәn soruşmaq qәrarına gәldim vә dedim:

“Bu qәdәr "Tarixi-Nadiri"ni nә üçün buraya toplamısınız?”

O dedi:

“Atamdan yadigardır. O rәhmәtlik bu kitabı hәdsiz dәrәcәdә sevirdi. Bunu hamı bilirdi. Ona görә dә hәmin kitabdan harada әlyazması vә ya yaxşı çap olunmuş nüsxә tapsaydılar, mәrhum atamın yanına gәtirәr vә yaxşı qiymətә satardılar. Hәlә atam bu kitabın bir neçә cildini vәqf etdiyi üçün vәfatından sonra gәlib apardılar.”

Xülasә, onun iranlılıq tәәssübü o dәrәcәdә idi ki, qәlәm onu şәrh etmәkdә acizdir. Misal üçün, әgәr bir nәfәr bilә-bilә vә ya bilmәdәn onun yanında İranı pislәsәydi, İbrahim bәy onu dinsiz vә qeyrәtsiz adlandırıb, ömrünün axırınadәk onunla danışmazdı. Misirdә bir neçә nәfәr dә İranın mötәbәr taciri vardı. Hәr birinin sәrvәti әlli min tümәnә çatardı. Hamısının dövlәti aşıb-daşırdı. Ancaq İranın dövlәt mәmurlarının özbaşınalığı, zülm vә tәcavüzündәn cana gәlib, tәbәәliyini tәrk etmiş, hәr birisi özünü İngiltәrә, Fransa, Rusiya vә bu kimi böyük dövlәtlәrdәn birinә bağlamışdır ki, mәmurların şәrindәn asudә olsun. Bu tacirlәr hәmin qeyrәtli şәxsә dә xeyirxahlıq üzündәn dәfәlәrlә nәsihәt edib deyirdilәr ki, sәn dә İran tәbәәliyini tәrk etmәsәn öz vәrәsәlәrinә vә övladına açıq zülm vә xәyanәt etmiş olarsan. Çünki Osmanlı ölkәsindә vә Qafqazda olan İran sәfirlәri vә mәmurları özlәrini ölmüş iranlıların hәqiqi varisi vә hamisi, dirilәrinin isә qәyyumu hesab edirdilәr. Bunun üçün dә sәn ölәndәn sonra irsindәn övladlarına bir şey vermәyәcәklәr. Mәgәr hәr gün buna oxşar hadisәlәri görmür vә ya eşitmirsәn? Ancaq bu qeyrәtli şәxs onların nәsihәtinә qulaq asmır, hәtta sözlәrini belә eşitmәk istәmirdi. Konsullar neçә dәfә bәhanә tapıb onu hәbs vә cәrimә etdirmişdilәrsә dә, o yenә dә tәmkinini pozmayıb, tәbәәliyini dәyişdirmәyi qeyrәtinә sığışdırmamışdı. Öz zülmü vә alçaq bidәtlәri ilә indi dә İstambulda vә sair Osmanlı vilayәtlәrindә iranlıların var-yoxuna od vuran vә hamının nifrәtini vә lәnәtini qazanan Hacı Mirzә Nәcәfәli xan bu xoşxasiyyәtli insanın vәfatından sonra, onun mötәbәr şәri vәsiyyәtnamә qoyub getmәsinә baxmayaraq, vәrәsәsindәn min ingilis lirәsi almayınca onların yaxasından әl çәkmәdi. Әgәr vәsiyyәtnamәdә kiçik bir barmaq yeri tapsaydı, onda allaha pәnah, bütün var-dövlәti içәri salmayanadәk yaxalarından әl çәkәn deyildi.

Sözün qısası, İbrahim tәzәcә iyirmi yaşına qәdәm qoymuşdu ki, atası vәfat etdi. Son nәfәsindә atası öz oğlunu yanına çağırdı. Belә bir ataya layiq olan tәrzdә vәsiyyәtini elәyib dedi:

"Mәnim gözümün işığı! Mәn atalıq vәzifәsini sәnin haqqında yerinә yetirdim, ana dili vә milli dilindәn әlavә, sәnin kimilәrin dadına çatan vә kişi üçün bir hünәr sayılan xarici dillәrdәn vә fәnlәrdәn dә sәnә öyrәtdim. Sәn bunların hamısını öz fәrasәtinlә, fitri zәkanla gözәlcә qavradın. Allaha şükür, sәnin pak әxlaqına, abrına vә dәyanәtinә söz ola bilmәz. Bu cәhәtdәn mәn sәndәn razıyam. Lakin indi mәnim hәyatımın şamı sönәrkәn sәnә bir neçә vәsiyyәtim var. Yaxşı qulaq as, hәr iki dünyada xoşbәxt olmaq üçün onları yadından çıxarma!

Birincisi budur ki, ananı sәnә tapşırıram. Sәn özün bundan sonra bilәcәksәn ki, o vә mәn sәnin boya-başa çatmağın vә tәrbiyәn üçün nә kimi zәhmәtlәrә qatlaşmışıq.

İkincisi, sәnin mürәbbin vә müәllimin olan Mirzә Yusif әmidәn muğayat ol; ona görә ki, ata-anadan sonra müәllimin hörmәti hәr bir kәsin borcudur. Әlәlxüsus ki, Yusif әminin hörmәti. O, sәdaqәtli, dәyanәtli, vәfalı bir adamdır; ömrünün әvvәlindәn bizimlә bir yerdә olub. İndi onu ailәmizin bir üzvü hesab etmәk lazımdır.

Üçüncüsü, heç vaxt gözәl milli adәt-әnәnәni tәrk elәmә. Bәzi biqeyrәt nanәciblәr İranı pislәyirlәr, sәn onlara uyma; yalan deyirlәr. Hәtta, misal üçün, onların sözlәri düz olsa da, sәn onlara qoşulma, vәtәni pislәmәkdә onlarla hәmavaz olma.

Dördüncüsü, öz sirrini hәr bir adamdan gizli saxla. Yalnız sınaqdan çıxmış tәmiz vicdanlı dostuna ürәyini aç. Ancaq, heyhat, belә dost az tapılar; o, kimya hökmündәndir.

Beşincisi, yaltaq adamlardan bacardıqca kәnar gәz. Sәni üzdә tәriflәyәndәn mümkün qәdәr uzaqlaş. O, sәni tәriflәmәklә öz istәdiyini әlә keçirmәkdәn әlavә, sәni insan üçün әn pis sifәt sayılan lovğalığa vә xudbinliyә düçar edәr. Bu isә hәr bir dәrddәn betәrdir.

Altıncısı, az qonaq get, qoy sәnin yanına çox qonaq gәlsinlәr. Yәni qonaq getmәyә yox, qonaq çağırmağa daha artıq rәğbәtin olsun. Әliaçıqlıqda ifrata varma. Nә o qәdәr bağışla ki, mәşhurlaşasan, nә dә o qәdәr sıx ki, ad çıxarasan. Yәni әgәr mәşhursansa, hәr tәrәfdәn dilәnçilәr sәnin üstünә tökülәcәklәr; xәsislik göstәrsәn -- sәninlә düşmәn olarlar. Bu, әlbәttә, ehtiyacı olan yoxsullar haqqında deyil, yaltaq borc istәyәnlәr xüsusundadır.

Adamların sәnә dediyi sözә inanmadıqda onlarla mübahisәyә vә münaqişәyә girişmә, sakit әylәş, heç bir söz demә.



Sәnә bәrk-bәrk tapşırıram ki, altı-yeddi ilәdәk ticarәtlә mәşğul olma. Allaha şükür, dolanmaq üçün hәr cür imkanın var. Otuz yaşına çatanadәk otur ye. Bu müddәt әrzindә dünyanın harasına könlün istәyirsә, sәyahәtә çıx. Bu sәyahәt üçün min lirә ayrıca sәnin adına yazmışam, onun başqa vәrәsәlәrә heç bir dәxli yoxdur. Lakin sәyahәtini yalnız şәhәrlәrin abadlığı vә ya xarabalığını seyr etmәyә hәsr etmә. Hәr yerdә bir neçә gün qal. O yerin bütün sakinlәrinin mәişәt tәrzi vә yaşayışını diqqәtlә öyrәn, o ölkәnin illik ticarәt statistikasını dәrindәn mütaliә elә, bununla sәn başqa xarici ölkәlәrdәn oraya hansı malların vә mәhsulların idxal edildiyini öyrәnәrsәn, hәm dә bilәrsәn ki, ildә müәyyәn şeydәn orada nә qәdәr satıla bilәr. Bununla birlikdә o ölkәdәn hәr il hansı maldan nә miqdarda ixrac edildiyini dә bilmәlisәn. Çatdığın hәr bir şәhәrdә özün üçün oranın mötәbәr adamlarından bir neçә nәfәr dost tap, onlarla mәktublaş.

Bu sәyahәtindә, Yusif әmi diri olarsa, onu da özünlә apar, qoy ağır vaxtlarında sәnin qayğına qalan bir adam olsun.

Sәn bu şәhәrdә mәnim dostlarımı tanıyırsan, onların hörmәtini mәndәn daha artıq saxla. Mәnimlә dost olmayanlardan uzaq gәz; çünki mәn dost seçmәkdә çoxlu әziyyәtlәrә qatlaşmışam. Adamları tanımaq, onları sınamaq çox zәhmәt tәlәb edir. Bu iş üçün bacarıq vә hünәr lazımdır.

Sәyahәt zamanı hansı şәhәrә çatdın, oraya daxil olduğun vә çıxdığın günün tarixini vә bütün müşahidәlәrini qeyd dәftәrindә yaz, bir gün çatar ki, sәnin karına gәlәr.

Qalan şәri vәsiyyәtlәrimi bircә-bircә vәsiyyәtnamәdә yazmışam...."

Atasının vәfatından sonra, gözәl әxlaqı, doğru-düzgünlüyü, xeyirxahlığı vә tәmiz dolanmasına görә İbrahim bәyi dost-düşmәn barmaqla nişan verirdi. Bütün işlәri ölçülüb-biçilmiş, adamlarla rәftarı olduqca mülayim vә gözәl idi. Milli tәәssübdә dә İbrahim bәy atasını ötüb keçdi. Belә ki, bir para zarafatçı hәmvәtәnlәri onu pәrt etmәk istәyәndә İranın bәzi eyblәrindәn onun yanında danışmağa başlardılar. Mәsәlәn, deyәrdilәr: İranda nizam-intizam, qanun yoxdur, әsgәrlәr ayaqyalındır, dövlәt müәyyәn mәblәğ rüşvәt alıb vilayәtlәri hakimlәrә satır; hakim, bәylәrbәyi, kәtxuda, darğa, fәrraşbaşı -- hәrәsi bir badalaq qurub, günahsız adamlara işgәncә verir, hәbs vә cәrimә edirlәr. Bir şәhәrdә on beş yerdә kündәzәncirli hәbsxana var. Bir şәhәrdә on-on iki bәst yeri var. Ülәmanın evlәri, hakim vә ya filan sәrtibin sәrtövlәsi müqәssirlәrin bәsti hesab olunur. Şәhәrlәr çirklidir, mәscidlәr rövnәqsizdir. Onlar ilin on bir ayı bağlı qalır. Payızda bir para anlaqsız adamlar mәscidlәri qovun-qarpız anbarı elәyirlәr. Hamamların vәziyyәti bәrbaddır, xәznәlәrdә su qoxuyur, hәr cür yoluxucu xәstәliyә tutulmuş adamlar bu xәznәlәrdә çimir, minlәrlә insanı xәstәlәndirirlәr. Xәznәnin murdar suyunu o qәdәr dәyişdirmirlәr ki, onun rәngi bataqlıqda qalan suyun rәnginә oxşayır. Ruhanilәr bir-biri ilә düşmәnlik edib rәqabәt aparırlar. Onların hәr biri seyid adı ilә on-on beş nәfәr lotu saxlayır, lazım olan vaxtlarda onların vasitәsilә әhalini hakimlәrin evlәrini talamağa vә qarәt etmәyә yönәldirlәr. Özlәri isә suyu bulandırdıqdan sonra mәqsәdlәrinә nail olurlar.



Bәzәn dә bu zarafatçı adamlar hakimlәrin qәddarlığından, әhalini istәdiklәri zülmә, işgәncәyә vә talana mәruz qoymalarından, onların hәdsiz-hüdudsuz zülmündәn xalqın baş götürüb cәlayi-vәtәn etmәsindәn söhbәt açır, özü dә bütün bu ürәyәdәyәn sözlәri İbrahim bәyә eşitdirirdilәr. Biçarә İbrahim bәy bu sözlәri eşitdikcә hirslәnir, onların bәzisini dinsiz, bir parasını qeyrәtsiz adlandırırdı. Elә vaxtlar da olurdu ki, iş yaman-yovuzdan yumruğa, çomaq davasına, hәtta bir-birinin saqqalını yolmağa vә әlbәyaxa olmağa da çәkirdi. Dostları İbrahim bәyin xasiyyәtinә bәlәd olduqları üçün onun söyüşlәrinә, ağır sözlәrinә dözürdülәr.

Bәzәn dә әksinә olurdu, İbrahim bәyin dostları onu sevindirmәk istәyirdilәr. Çayxanada oturub, yolunu gözlәyirdilәr. İbrahim bәyi uzaqdan görәn kimi İranın әzәmәtindәn, şövkәtindәn söhbәt açırdılar. Yazıq İbrahim bәy ürәyinә yatan sözlәri eşidib, könül xoşluğu ilә әylәşir, vәcdlә onlara qulaq asırdı. Onun sevincinin birinci әlamәti bu idi ki, papiros qutusunu cibindәn çıxarıb mizin üstünә qoyar, bütün çayxanada oturanlara müraciәt edib deyәrdi: "Bismillah, buyurun papiros çәkin!"

İrandan söhbәt açanlar da şahın әmrlәrindәn danışar -- hәr bir şәhәrdә bir neçә rüşdiyyә mәktәblәrinin açılması haqqında şahın qәti әmr vermәsini, vilayәt hakimlәrinә xalqla әdalәtlә rәftar etmәlәri xüsusunda ciddi tapşırıq vermәsini vә bunun üçün nazirlәr Darüşşurasında "hakimlәrin iş üsulu" adlı bir kitabça tәnzim olunub göndәrilmәsini söylәyirdilәr. Bir başqası deyirdi ki, Zilli-Sultan yüz min atlı vә piyada qoşunu bütün yeni silah, hәrbi lәvazimat vә sursatla hazır vәziyyәtdә saxlayıbdır.

Bu kimi söhbәtlәri eşitdikdә yazıq İbrahim bәy elә sevinirdi ki, bilmirdi nә elәsin. Hey çayçıya deyirdi ki: "Ağalara çay, qәlyan ver!" Özü isә yanında oturanlara tez-tez papiros tәklif edirdi. Söhbәt getdikcә qızışırdı. Bir başqası deyirdi: "Mәn arxayın bilirәm ki, şahın bircә işarәsi vә hökmü ilә iki hәftә әrzindә Şahsevәn vә Talış ellәrindәn әlli min atlı qoşun hәrbә hazır vәziyyәtdә toplanar, hamısı da bütün xәrclәri öz öhdәsinә götürәr". O birisi deyirdi: "Hәlә sәnin Bәxtiyari atlılarından xәbәrin yoxdur. Onlar iki hәftә әrzindә yüz min atlı qoşun hәrbә tam hazır vәziyyәtdә çıxara bilәrlәr". Üçüncüsü onun sözünü yarımçıq qoyub, Marağa vә Әfşar qoşunlarının rәşadәtindәn vә qәhrәmanlığından söz açırdı. Bu kimi mәclislәrin söhbәti sona çatdıqda İbrahim bәy könül açıqlığı vә mәmnuniyyәtlә bütün çayxanada oturanların çay, qәlyan pulunu verәr, hәtta bәzi vaxt onları nahara vә faytonla gәzmәyә dә qonaq edәrdi.

Bu haqda Misirdә sakin olan Hacı Kәrim adlı bir isfahanlı qәribә bir әhvalat nәql edirdi. Hacı deyirdi ki: "Bir vaxt Misirdә vәziyyәtim lap ağırlaşmışdı, taleyim әsla üzümә gülmürdü. Bütün dost-aşnadan borc almışdım, daha bir adama gümanım getmirdi ki, hәtta bircә şahı ilә әlimdәn tutsun. Әlim hәr yerdәn üzülüb, gecәnin yavan çörәyinә möhtac qalmışdım. Hamıdan betәri bu idi ki, altı ay idi mәnzil kirәsini vermәmişdim. Evin sahibi olan әrәb mәnim boş vәdlәrimdәn, bu gün-sabaha salmağımdan tәngә gәlib mәhkәmәyә şikayәt elәmişdi. Mәhkәmә onun әlinә hökm vermişdi ki, mәnzil kirәsinә on iki lirә alandan sonra mәni evdәn qovsun. Min xahiş-iltimasla ondan on gün möhlәt almışdım. Öz-özümә deyirdim: "Xudaya, nә elәyim?" Elә bil mәnim ürәyimә damdı ki, bu işin çarәsi İbrahim bәydәdir. Oturub düşündüm, ölçüb-biçdim, bu müşkül üçün tәdbir aradım, bir mәktub yazıb hazırladım. Guya mәnim qohumlarımdan biri bu mәktubu Tehrandan göndәrmişdir. Sonra isfahanlı tacir Hacı Mirzә Rәfinin yanına gedib, ondan İran poçtu markası olan köhnә bir zәrf aldım. Yazdığım mәktubu zәrfin içinә qoyub İbrahim bәyin yolu üstündә dayandım. Bilirdim ki, o, hәr gün bu yolla get-gәl edir. Uzaqdan İbrahim bәyi görәn kimi mәktubu cibimdәn çıxarıb oxumağa başladım. Özümü görmәmәzliyә vurmuşdum. İbrahim bәy yanıma çatan kimi başımı qaldırıb salam verdim. O, ucadan "әleykәssәlam" deyib, soruşdu:

“Hacı Kәrim ağa, haradan tәşrif gәtirirsiniz?”

“Poçtdan gәlirәm, -- dedim. Tehrandan mәktub almışam.”

Dedi:

“Tehrandan?”

Dedim:

“Bәli, Tehrandan.”

“Çox gözәl, tәzә nә xәbәr var?”

Dedim:

“Hәlә mәktubu axıra qәdәr oxumamışam, amma şahın vә başqalarının adı görünür.”

İbrahim bәy әl-ayağa düşüb hövlnak dedi:

“Gedәk bu çayxanada bir stәkan çay içәk, siz dә mәktubu arxayın oxuyun görәk nә yazıblar.”

Cavabında dedim:

“Hәrçәnd ki, başım yaman qarışıqdır, ancaq bilirәm ki, sizin Tehran xәbәrlәrini eşitmәyә böyük hәvәsiniz var, müzayiqә etmirәm, buyurun gedәk.”

Çayxanaya getdik. Oturan kimi çay, qәlyan sifariş elәdi. Sonra dedi:

“İndi oxu görәk nә xәbәr var.”

Mәn dә mәktubun әvvәlindәn oxumağa başladım.

MӘKTUBUN MӘZMUNU:



"Mәnim әziz qardaşım! Mәktubunuzu aldım, salamatlığınızdan xәbәrdar olub, çox-çox sevindim. Üsgülü tacir Hacı Әbdürrәzaq ağa vasitәsilә hәvalә etdiyiniz iyirmi beş lirә çatdı. Sizin, tapşırdığınız kimi, hәmin mәblәği İsfahana Mәşәdi Mәmmәdrzanın üstünә göndәrdim ki, o, on lirәsini sizin evinizә versin, qalan on beş lirәsini dә borcunuz hesabına Ağa Hәsәnә çatdırsın. Әlbәttә, özlәri dә bu haqda sizә yazacaqlar. Yazılmalı başqa mühüm mәtlәb yoxdur. Ancaq neçә gün bundan qabaq böyük bir hadisә üz verdi. Az qalmışdı ki, şәni yüksәk İran dövlәti İngiltәrә hökumәtinә müharibә elan etsin. Ola bilsin ki, elәyibdir dә. Lakin neçә gündür ki, münaqişәlәr ortalıqdan qaldırılmış, ara bir qәdәr sakitlәşmişdir. Deyildiyinә görә, münaqişәnin sәbәbi bundan ibarәt idi ki, İngiltәrәnin sәlahiyyәtli naziri bizә mәlum olmayan bir siyasi mәsәlә üstündә Sәdr-әzәm cәnablarına hörmәtsizliklә cavab qaytarmışdı. O cәnab da mәtlәbi şah әlahәzrәtlәrinin nәzәrinә çatdırmış, şah haman saat qәti hökm vermiş ki, xarici işlәr naziri teleqrafla Londona xәbәr versin ki, İngiltәrә hökumәti öz sәfirini bir hәftәdәn gec olmayaraq Tehrandan geri çağırsın vә cәzalandırsın. Әks tәqdirdә İran qoşunu iki hәftәyәdәk Herata doğru yürüş aparmaq vә bütün Hindistanı işğal etmәk әzmindә olacaqdır. Haman gün әlahәzrәt Zilli-Sultan cәnablarına teleqrafla hökm olundu ki, dördüncü ordu iki hәftәyәdәk bütün sürsatla Әbişәhr bәndәlәrinә doğru hәrәkәt etmәyә hazır olsun.

Bunlardan başqa, rәbiül-әvvәl[1] ayının iyirmi dördündә paytaxtda qoşunun ümumi sanı tәşkil edildi.

[1] Әrәb ilinin üçüncü ayı.

Bu san olduqca tamaşalı idi. Mәşq meydanında şahın xüsusi ordusu vә paytaxtda olan әlli minә yaxın atlı, piyada vә topçu qoşunları manevr vaxtı elә bir cәldlik vә çeviklik göstәrdilәr ki, dost-düşmәni heyran qoydular. Qibleyi-alәmin özü qoşuna şәxsәn başçılıq edib fәrman verirdi. Sözün qısası, böyük mәrәkә var idi. Naibüssәltәnә hәrbi nazir olduğu halda bir sәrhәng kimi o tәrәf-bu tәrәfә qaçırdı. O qәdәr üz-gözünә toz qonmuşdu ki, heç kәs onu tanıya bilmirdi. Nәhәng topların tüstüsündәn hava elә tutulmuşdu ki, günәşin şüası yerә düşmürdü. Bәli, haman gün teleqramın cavabı Londondan gәlib çatdı. Mәzmunundan xәbәrim yoxdur. Ancaq bu qәdәr bilirәm ki, Almaniyanın sәlahiyyәtli naziri vasitәçi oldu. Almaniya imperatorundan da qibleyi-alәmә xüsusi teleqram çatdı. Orada yazılmışdı ki, aramızda olan dostluq vә sәmimiyyәt naminә xahiş edirәm o zati-ali sülhü qorumaq vә ümumi mәslәhәt naminә şahanә mәrhәmәtini әsirgәmәsin. Ona görә ki, o zati-aliyә mәlumdür ki, bu gün dünyanın hәr hansı tәrәfindә bir top sәsi eşidilsә, ümumi hәrb bütün alәmi bürüyәcәkdir. Çünki dövlәtlәrin siyasәti bir-birinә bağlıdır. Belә olduqda, böyük bir hәrc-mәrclik yaranacaq, allah bәndәlәrinin mәişәtinә sәbәb olan ticarәt işi ölkәlәr arasında pozulacaq. Mәn o müdrik padşahla aramızda olan şәxsi dostluq naminә istәmirәm ki, şәni yüksәk İran dövlәti belә bir müharibәnin başlanmasına sәbәb olsun. Tәvәqqe edirәm o ağılsız sәfirin tәqsirindәn keçәsiniz.

Bu minvalla mәlum olur ki, müharibә olmayacaqdır. Amma qәrar olub ki, İngiltәrәnin sәlahiyyәtli naziri üzr istәmәklә bәrabәr cәnab Sәdr-әzәmin evinә getsin vә açıq şәkildә onun könlünü әlә almağa çalışsın, öz dediklәrindәn peşman olduğunu bildirsin. Deyirlәr hәmin sәlahiyyәtli nazir bir aydan sonra işdәn çıxarılıb Tehrandan geri çağırılacaq. İran dövlәti daha heç vaxt onun sәfirliyini qәbul etmәyәcәk, başqa birisi onun yerinә gәlәcәkdir".

Yazıq İbrahim bәy bu xәbәrdәn elә fәrәhlәnib sevincә qәrq olmuşdu ki, onu vәsf etmәk mümkün deyil. İsfahanlı Hacı Kәrim mәktubu әvvәldәn axıradәk oxuduqdan sonra deyir:

“Daha mәni bağışlayın, işim var, gәrәk mürәxxәs buyurasınız.”

İbrahim bәy tam könül açıqlığı ilә deyir:

“Hacı Kәrim ağa, hara gedirsiniz, nahar vaxtıdır, gedәk çörәk yeyәk, acmışıq.”

Hacı Kәrim deyir:

“Xeyr, iltifatınız artıq olsun, gәrәk gedәm, işim çoxdur, inşallah başqa bir vaxt. Xudahafiz, allah amanında!”

Hacı Kәrim gedir. İbrahim bәy çay pulunu verib çayxanadan çıxır. Lakin sevincindәn bilmir haraya getsin, nә elәsin. İxtiyarsız fayton çağırır. Fayton gәlәn kimi oturub, haraya getmәli olduğunu bildirmәdәn faytonçuya deyir: "Sür!" O, özündә deyil. Faytonçu o qәdәr sürür ki, şәhәrdәn kәnara çıxır. Yalnız bu vaxt dönüb İbrahim bәyә deyir: "Bәy әfәndim, haraya tәşrif buyuracaqsınız?" İbrahim bәy cavab verir: "Gәzmәk, gәzmәk istәyirәm".

İbrahim bәy xeyli gәzdikdәn sonra gün batana yaxın, nahar yemәmiş, ac-susuz, haman nәşә ilә evә qayıdır vә bir baş kitabxanaya gedir, "Tarixi-Nadiri"-ni götürüb, Nadirin Hindistan sәfәri әhvalatını oxuyur. Bu mütaliәdәn onun sevincinә yeni bir nәşә dә әlavә olunur.

Bu vaxt İbrahim bәyin anası gәlib deyir:

“Oğlum, bu gün harada nahar elәdin? Bizi lap nigaran qoydun.”

“Anacan, heç yerdә bir şey yemәmişәm, ancaq könlüm elә toxdur ki, on gün dә bir şey yemәsәm, acmaram,” -- deyә İbrahim bәy cavab verir.

Sözün qısası, o gecә İbrahim bәyin sevincinin dәrәcәsini ancaq özü bilirdi. Sabahı günü dostlarından bir-ikisinә rast gәlmәk ümidi ilә evdәn bir qәdәr dә tez çıxdı. O istәyirdi Hacı Kәrimin dünәnki mәktubu haqqında onlara söhbәt elәsin. Şәnliyin tәsviri fәrәh gәtirәr, -- demişlәr. İbrahim bәy istәyirdi dünәnki şad xәbәri dostlarına söylәmәklә bir daha zövq alsın. Fәqәt o, dostlarından heç birinә rast gәlmәdi. Yenә dә İsfahanlı Hacı Kәrimin sorağını tutmaq üçün o çayxanadan bu çayxanaya getdi. Qәzadan onu da tapa bilmәdi.



Hacı Kәrim isә kәlәyinin baş tutduğunu vә İbrahim bәyin onun dalınca gәlәcәyini bilirdi. Ancaq mәqsәdә tez çatmaq üçün o günü evdәn çıxmadı. Yazıq İbrahim bәy öz hәdsiz sevincini bölüşdürmәk mәqsәdilә o gün bir adam tapa bilmir, axşamadәk gәzdikdәn sonra evә qayıdır. Namazını qılıb, şam yedikdәn sonra kitab oxumaqla vaxtını keçirir. Sabahı günü yenә dә hәmişәkindәn daha tez evdәn çıxır. Bir başa Mәhәmmәdәli Paşa meydanında olan böyük çayxanaya gedir. Fürsәt dalınca gәzәn Hacı Kәrim nahara yaxın gәlib çıxır. İbrahim bәyin tәk oturduğunu gördükdә saymazyana ötüb keçmәk istәyir. Lakin İbrahim bәy Hacını görcәk tәlәsik halda ucadan onu sәslәyir. Belә bir fürsәti axtaran Hacı Kәrim geri dönüb, İbrahim bәyi ilk dәfә görürmüş kimi, ona salam verir. İbrahim bәy salamın cavabını verәndәn sonra deyir:

“Ay Hacı, qurbanın olum, hara belә tәlәsirsәn?”

“Bu tәrәfdә bir az işim var,” -- deyә Hacı cavab verir.

“Hacı, sәn allah, әylәş bir stәkan çay iç.”

“Çox sağ ol, otura bilmәrәm, getmәliyәm.”

“Canım, niyә belә tәlәsirsәn, әylәş görәk.”

“Üzr istәyirәm, elәyә bilmәyәcәyәm.” -- İbrahim bәy bir daha tәkid edir:

“Ay Hacı, qurbanın olum, mәn bilirәm ki, sәnin mağazan yoxdur, bir yerdә qulluq da ki elәmirsәn, daha bu qәdәr naz nәyә gәrәkdir?”

Hacı Kәrim yenә dә yumşalmır:

“Doğru buyurursunuz, heç bir tәlәsik işim yoxdur, amma elә bir üzrüm vardır ki, sizin saydıqlarınızın hamısından üstündür.”

İbrahim bәy Hacının әtәyindәn tutub deyir:

“Di otur görüm üzürün nәdir.”

Hacı deyir:

“Doğrusu budur ki, bir nanәcib Misir әrәbinә azca borcum var. Onun müqabilindә mәnim dә birindәn tәlәbim var. Vәdә verib ki, gәlәn ayın әvvәlindә ödәsin. Amma mәn әrәbә gәrәk bu gün pul verәm, ancaq yoxumdur. Burada ki, çayxananın qabağıdır, qorxuram o köpәk oğlu mәni burada görüb yaxalasın, tәlәbini istәsin, hay-küy qaldırsın, hәm siz xәcalәt çәkәsiniz, hәm dә mәn rüsvay olam. Әgәr çayxananın içәrisindә әylәşsәydiniz, bәlkә dә camaat arasında gözündәn yayına bilәrdik. Amma burada otura bilmәrәm; çünki yolu bu tәrәfdәn düşsә, uzaqdan görәn kimi tanıyacaq.”

Onda da eşşәk gәtir, mәrәkә yüklә.

İbrahim bәy soruşur:

“Mәgәr neçә borcun var?”

“Elә bir şey deyil, cәmi on beş lirә.”

İbrahim bәy tәmkinlә deyir:

“Bunun heç bir әhәmiyyәti yoxdur, allah kәrimdir, әylәş görәk.”

Hacı naz-qәmzә ilә oturur. İbrahim bәy qәhvәçini çağırıb ondan qәlәm-davat istәyir. Çek dәftәrini cibindәn çıxarıb bir şey yazır, sonra Hacıya tәrәf uzadıb deyir:

“Buyur, Hacı, bu sәnin on beş lirәnin hәvalәsi. Nә vaxt könlün istәsә gedib bankdan ala bilәrsәn. İndi arxayınlıqla qәhvә iç. Ancaq tәlәbini alan kimi mәnim pulumu gәtir qaytar.”

Hacı deyir:

“Sizә artıq dәrәcәdә tәşәkkür edirәm. Doğrudan da mәnim yaxamı bu mürvәtsiz әrәbin әlindәn qurtardınız. Onda mәn dә sizә bir sәnәd yazıb verim. İnşallah iyirmi günün әrzindә sizin pulunuzu qaytararam. Әgәr bir yerdә verә bilmәsәm dә üç vәdәdә beş lirә-beş lirә borcumu üzәrәm.”

“Sәnәd-zad lazım deyil. Sizin sözünüz mәnim üçün sәnәddir.”

Bir qәdәr söhbәtdәn sonra İbrahim bәy soruşur:

“Hacı, srağagünkü mәktub yanınızdadırmı?”

“Bәli, necә bәyәm?”

“Mümkünsә onu ver mәnә, istәyirәm özüm oxuyam. Nә yaxşı mәktubdur! Biqeyrәt köpәk uşaqları hey yalandı ki, özlәrindәn toxuyurlar. Hәya elәmәyib deyirlәr ki, İranda xarici sәfirlәr, konsullar, hәtta xarici tәbәәlәr istәdiklәrini elәyirlәr; bir adam onlara deyә bilmir ki, gözünün üstündә qaşın var. İndi, gәlin Tehrandan bir müsәlmanın başqa bir müsәlmana yazdığı bu mәktubu öz kor gözlәrinizlә görün.

Bu vaxt Hacı mәktubu qoltuq cibindәn çıxarıb İbrahim bәyә verir. İbrahim bәy mәktubu açmaq istәrkәn Hacıdan soruşur:

“Hacı әmi, başqa bir mәtlәb yoxdur ki?”

“Xeyr, başqa mәtlәb olarsa da sizdәn gizlin ola bilmәz,” -- deyә Hacı Kәrim cavab verir.
İbrahim bәy mәktubu oxumağa başlayır. Oxuduqca bir ucdan "qurbanın olum", "canım sәnә fәda", "allah qılıncını daha da kәskin elәsin" deyir vә hәdsiz sevinclә mәktubu bir neçә dәfә başdan-ayaqa oxuyur. Ancaq oxumaqdan doymur, üzünü Hacı Kәrimә tutub deyir:
“Hacı Kәrim ağa, qoy bu mәktub bir neçә gün mәnim yanımda әmanәt qalsın.”

Hacı kәlәyinin üstünün açılmasından ehtiyat edib deyir:

“Vallah, әgәr mәktubda arvad-uşağın adı olmasaydı, heç bir müzayiqәm yox idi, mәktubun sizin yanınızda qalmasına etiraz etmәzdim. Amma özünüz yaxşı bilirsiniz ki, belә bir mәktubun sizin yanınızda qalması münasib deyil.”

Hacı mәktubu alıb tәlәsik cibinә qoyur, İbrahim bәylә vidalaşıb gedir, evin kirәsini әrәbә verib rahatlaşır.

İbrahim bәyin milli tәәssübünün dәrәcәsini bu hadisәdәn ölçmәk çәtin deyildir. Bu qeyrәtli cavan özünü tanıyan gündәn etibarәn İskәndәrin İrana qoşun yeridib, oranın bir çox şәhәrlәrini xaraba qoyması vә qәdim İranın paytaxtı olan İstәxr şәhәrinә od vurması, Daranın öldürülmәsi üzündәn İskәndәr adını dilinә gәtirmәk istәmәzdi. Әgәr İskәndәriyyә şәhәrindәn ad çәkmәk mәcburiyyәtindә qalsaydı da, onu "Misir torpağının limanı" adlandırardı.

Bütün bunlar İbrahim bәyin tükәnmәz qeyrәt vә tәәssübündәn vә onun şәrhi-halından qısaca bir nümunәdir. Lakin ola bilsin ki, bir para dar düşüncәli adamlar onun bu qeyrәtini vә tәәssübünü yersiz cәhalәt vә fanatizmә yozsunlar. Ancaq hәqiqәtdә belә deyil. Bu әziz hәmvәtәnimiz cavan olsa da, öz dövrünün yetişdirmәsi olan tәcrübәli, ağıllı, fәrasәtli, kamil adamlardan biridir. Ancaq burası var ki, İran adını eşidәn kimi ixtiyarı әlindәn gedirdi. Vәtәn eşqi onun bütün varlığına hakim kәsilmişdi. Öz mәşuqәsi haqqında heç kәsdәn pis bir söz eşitmәk istәmirdi. Bu da o cavanın gözәl xasiyyәtlәrindәn biri sayılmalıdır.

Bir dәfә mәn İstambuldan xaricә getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, Misirdәn bizә iki nәfәr qonaq gәlib, üç gün qaldıqdan sonra İrana getdilәr". Dedim: "Adları nә idi?" Dedi: "Sizә bir mәktub yazıb kitabxanada mizin üstünә qoyublar". Mәktubu tez götürüb oxudum. Mәzmunu budur:

"Qurbanın olum, müqәddәs Mәşhәdi ziyarәt etmәk niyyәti ilә Yusif әmi ilә birlikdә Misirdәn İstambula gәlib, mәnim ümidgahım olan evinizdә qaldıq. Çox tәәssüf ki, sizi görmәk şәrәfi bizә qismәt olmadı. Ancaq üç gün sizin ev adamlarına zәhmәt verib, dördüncü gün Batum yolu ilә Xorasana tәrәf hәrәkәt etdik. Sağ-salamat mәqsәdә çatsaq, sizin әvәzinizdәn dә ziyarәt edәcәyik. İşdir, ölüm-itim olsa, onda gәrәk boynumda olan dostluq borcunu halal edәsiniz. Sizin kitabların arasında bir cild "Kitabi-Әhmәd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmәk istәdim. Hәrçәnd ki, onun müәllifi bir sıra mühüm mәtlәblәrә toxunub, hәm dә alim vә kamil adama oxşayır, amma İranın vәziyyәti barәsindә eyham vә işarә ilә bir para şeylәr yazıbdır. Görünür, ya İrandan xәbәrsizdir, ya da yanılıbdır. Әgәr belә deyilsә, onda bizlәrdәn deyil. Mәnim haqqımda sizin xeyir-duanızı arzulayıram. Yusif әminin dә sizә salam-duası var. İmza: İbrahim".

Mәlum oldu ki, mәktubu yazan mәnim dostum İbrahim bәy imiş. Çox heyfsilәndim ki, onun gәldiyi vaxt mәn İstambulda olmamışam. Onu görsәydim, bütün İranı sәyahәt etmәk fikrini başından çıxarar, nәsihәt edib tapşırardım ki, yalnız Mәşhәdi ziyarәt etmәklә kifayәtlәnsin, Batum vә Aşqabad yolu ilә getsin vә ziyarәtdәn sonra hәmin yolla da qayıtsın. Çünki bilirdim, İranın daxilinә sәfәr etsә, vәtәnin pәrişan vәziyyәtini görüb qüssә-kәdәrdәn xәstәlәnәcәkdir. Bundan әlavә, qorxurdum ki, o xoşagәlmәyәn vәziyyәti görәndәn sonra bir para başçılar haqqında artıq-әksik danışsın vә başına bir bәla gәlsin. Mәn onun әhvali-ruhiyyәsinә yaxşı bәlәdәm. Axı o özü mәnә qәribә bir hadisә nәql etmişdi. Deyirdi ki: "Bir gün Misirdә şәhәr parkında üç-dörd nәfәr iranlıya rast gәldim. Gәzmәyә çıxmışdılar. Onların arasında altmış yaşlı bir kişi dә vüqarla addımlayırdı. Saqqalına qoyduğu basmanın rәngi getmiş, paltarı cırım-cındır, ayaqqabıları köhnә qartmaqlı, çatdaq dabanı, yırtıq, rәngbәrәng corabı ayaqqabısından bayıra çıxmışdı. Hәr neçә addımdan bir dә ayaqqabısının bir tayı özündәn tәxminәn üç addım qabağa tullanırdı. Başında köhnәlikdәn qara rәngi yaşıla çalan mahud papağı var idi. Gördüm, bir şir-xurşid nişanını da papağına vurub, hәlә üstәlik yüz yerdәn cırılmış olan geymәsinin yaxasından da üçüncü dәrәcәli şir-xurşid nişanı ilә üç-dörd gümüş medal asıbdır. Mәlum oldu ki, bunlar sәyahәt üçün Misirә gәlmiş İran hacılarındandırlar. Yaxınlaşıb salam verdim vә dedim:

“Allah ziyarәtinizi qәbul elәsin, deyәsәn allahın evinin ziyarәtindәn gәlirsiniz.”

Dedi:

“Bәli, allah sizә dә qismәt elәsin.” -- Sonra soruşdu:

“Siz fars dilini harada öyrәnmisiniz?”

Dedim:

“Mәn dә iranlıyam.”

Dedi:

“Harasındansınız?”

Dedim:

“Azәrbaycandanam.”

Soruşdum:

“Bәs siz haralısınız?”

Dedi:

“Xәmsә әhliyәm.”

Adını soruşdum. Dedi:

“Adım Hacı Yavәrdir.”

Dedim:

“Siz tәzә Hacı olubsunuz, "yavәrlik" dә ki, rütbәdir, bәs әsil adınız nәdir?”

Dedi:

“Rüstәm Yavәr.”

Dedim:

“Çox pakizә, böyük adınız vardır. Mәnim sizdәn bircә tәvәqqәm var.”

Dedi:

“Buyur görәk.”

Dedim:

“Bura Misirdir, hәr millәtdәn burada vardır, hәr addımbaşı neçә nәfәr әsgәr, sәrhәng vә yavәr görmәk olar. Baxın görün nә gözәl, müntәzәm vә qaydası ilә tәr-tәmiz geyiniblәr. Siz dә gәrәk heç olmasa papağınızın üstünә taxdığınız şir-xurşid әlamәtinin hörmәtini saxlamaq, dövlәt vә millәtin heysiyyәtini qorumaq xatirinә hәrbi dәrәcәnizin şәninә uyğun bir paltar geyәsiniz ki, biz dә onu görәndә fәxr edәk. Sizin pәrişan görkәminizdәn adam xәcalәt çәkir.”

Dedi:

“Biz ziyarәtçiyik, paltarımız vilayәtimizdә qalıbdır.”

Dedim:

“İndi ki, paltarını orada qoyub gәlmisәn, onda gәrәk papağına vurduğun әlamәti, döşündә gәdirdiyin nişan vә medalları da orada qoyaydın, özünlә gәzdirmәyәydin. Gәtirmisәn dә, eybi yoxdur, aç qoy cibinә, vilayәtinә çatandan sonra yenә dә işlәdәrsәn.”

Dedi:

“Füzulun biri! Sәnә nә, mәgәr bu vilayәtin hakimisәn?”

“Yox, nә füzulam, nә dә vilayәt hakimiyәm; milli tәәssüb mәni vadar edir ki, sizә bu yaramaz әmәlin qәbahәtini başa salım.”

Birdәn gördüm Hacı Yavәrin halı dәyişdi. Dedi:

“Köpәk oğlu, qәlәt elәyirsәn mәni başa salmaq istәyirsәn. İranda olsaydın ... verәrdim ... ağac....”

Bu söyüşlәri eşitdikdә başım gicәldi. Heç nәdәn çәkinmәdәn iki-üç karlı sillә qulağının dibinә yamadım, yaxasından tutub silkәlәdim. Papağı başından düşdü. Bu vaxt bir neçә nәfәr gәlib bizi araladı. Yoldaşlarından biri irәli gәlib dedi:

“Hәmyerli, bilirsәn kimә әl qaldırırsan? Bu Hacı Yavәrdir ha!... Vilayәtdә onun yeddi para şeşdank kәndi var. Hәlә bağ-bağatı, dәyirmanlarını demirәm, bir alay sәrbazı var ... vә sairә vә sairә....”

Xülasә, hirsimdәn әsirdim. Şeytana lәnәt oxuyub evә getdim".

İndi tәsәvvür etmәk çәtin deyil ki, İranda belә bir adamın başına öz dili ucundan nә kimi oyunlar gәlә bilәrdi. Bu mülahizәlәrә görә mәn onun İranı sәyahәt etmәsini mәslәhәt görmәzdim. Hәqiqәti gizlәdә bilmәrәm, İbrahim bәy sarıdan nigaran qalmışdım. Nәhayәt, sәkkiz aydan sonra günlәrin birindә evin nökәri xәbәr gәtirdi ki, İrana gedәn o iki qonaq qayıdıb gәlmişdir. Qaça-qaça qapıya tәrәf getdim. İbrahim bәy vә Yusif әmi ilә görüşüb öpüşdükdәn vә xoş-beş elәdikdәn sonra otağa gәldik. Dedim:

“Qardaşım, sizdәn çox nigaran idim. Qaldığınız yerin ünvanını bilsәydim, teleqram vasitәsilә әhvalınızı soruşardım. Allaha şükür, sağ-salamat qayıdıbsınız. Ümid edirәm yollarda vә gәmidә әziyyәtә düşmәmisiniz?”

Dedi:

“Xeyr, Trabzon yaxınlığında bir az külәk qalxıb dәnizi tәlatümә gәtirdi, ancaq tez qurtardı.”

“Hansı gәmi ilә gәldiniz,” -- deyә soruşdum.

“Rus gәmisi ilә.”

“Yaxşı, indi kefin necәdir?”

“Sizin duanızın xeyir-bәrәkәtindәn yaxşıdır.”

“Bәs bu uzun sәfәri atınan, qatırnan necә başa vurdunuz?”

“Bir tәhәr başa vurduq.”

“Sәfәrә çıxmaqdan qabaq öz niyyәtini nә üçün mәnә bildirmәdin?”

“Vallah, әslinә baxsan, әvvәl heç belә bir sәfәrin әzmindә deyildim. Yola çıxmaqdan iki-üç gün әvvәl belә bir sәyahәt fikrinә düşdüm. Buna da sәbәbkar şirazlı Ağa Әhmәd oldu. Gәrәk ki, siz dә Ağa Әhmәdi tanıyasınız. Siz Misirә tәşrif gәtirәn vaxt hәrdәnbir bizim evә gәlәrdi.

“Bәli, bәli, yadımdadır,” -- dedim.

İbrahim bәy sözünü davam etdirdi:

“Haman şәxs atasının illik sәdaqәtli xidmәtlәri müqabilindә ildә Tehrandan yüz iyirmi tümәn tәqaüd alardı. Lakin on ilә yaxın idi ki, әlinә bir şey çatmırdı. Yazıq kişi mәsәlәni ayırd etmәk üçün Tehrana getmәli olur. Orada mәlum olur ki, tәqaüd hәr il öz qaydası ilә göndәrilir. Ancaq özünü iranlıların ölüsü vә dirisinin qәyyumu hesab edәn İstambul sәfiri onu bütünlüklә içәri salır. Özü dә nә sorğu-sualdan qorxur, nә dә bir adamdan xәcalәt çәkir. Hәmin sәfir yalnız onu deyil, İstambulda vә onun әtrafında olan bütün iranlıların malını hәr gün әlә keçirib, heç nәdәn vahimә etmәdәn yiyәlәnir. Әlqәrәz, o biçarә uzun-uzadı yolun zәhmәt-әziyyәtini, sәfәr mәşәqqәtini çәkdikdәn sonra tәzәdәn Misirә qayıdır. Siz ki, mәnim xasiyyәtimә bәlәdsiniz. Bu kişinin İrandan gәlmәsini eşidәn kimi görüşünә getdim. Tehranın vә İranın vәziyyәtini soruşdum. Nә kimi xoş xәbәrlәr varındır?” -- dedim.

“Heç nә yoxdur,” -- dedi.

Dedim:

“Padşahlığın vәziyyәtini, nazirlәrin ölkәni necә idarә etdiklәrini soruşuram.”

"Heç nә yoxdur,” -- deyә yenә dә cavab verdi.

Ölkәnin idarә olunması vәziyyәtini, qoşunun nizam-intizamını soruşdum. Yenә dә әvvәlki kimi dedi:

“Әrz elәdim ki, heç bir şey yoxdur.”

“Qәribә adamsan,” -- dedim. -- “Mәgәr bu ölkәdә hәrbi nazir, daxili işlәr nazirliyi, xarici işlәr nazirliyi, maarif, maliyyә, milli gәlir, kәnd tәsәrrüfatı, ticarәt nazirliklәri yoxdur?”

“Bunların hamısının adı var,” -- dedi. -- “Qulluqçuları vә katiblәri dә vardır. Hәtta suda çürümüş iki hәrb gәmisi üçün hәrbi dәniz donanması naziri vә nazirliyi dә düzәldiblәr! Elә yalnız bununla ölçә bilәrsәn ki, başqa nazirliklәrin vәziyyәti necәdir.”

davamını oxu