Azərbaycan Yunanıstana qaz satacaq

Azərbaycan Yunanıstana yalnız 2012-ci ildən sonra qaz ixrac edə bilər

Azərbaycan Yunanıstana təbii qaz ixrac etməyi planlaşdırır. Bu barədə danışıqlar aparmaq üçün Azərbaycanın nümayəndə heyəti gələn həftə Afinaya səfər edəcək. Bu barədə Yunanıstan hökumətindəki mənbə «Frans Press» agentliyinə məlumat verib. Keçən il Yunanıstan Azərbaycandan 750 milyon kub metr qaz almaq niyyətində olduğunu bildirib.


«Turan Enerji» bülleteninin redaktoru İlham Şabanın «Azadlıq» radiosuna deyib ki, «Ölkələr arasında müqavilə bağlanılarsa, Azərbaycan Yunanıstana «Şahdəniz» yatağındakı qazını yalnız 2012-ci ildən sonra ixrac edə biləcək. Çünki, «Şahdəniz»dən birinci mərhələdə çərçivəsində çıxarılacaq qaz artıq bölüşdürülüb. Yunanıstana qazın ixracı ancaq ikinci mərhələ çərçivəsində mümkün ola bilər».


Bu il «Şahdəniz» yatağından 2,8 milyard kub metr qaz hasil ediləcəyi gözlənilir. Dövlətlərarası müqaviləyə əsasən, çıxarılacaq qaz Azərbaycan, Türkiyə və Gürcüstan arasında bölüşdürüləcək. 2009-cu ildə yatağın illik maksimal hasilatı 8,6 milyard kub metr olacaq. Bunun 6,3 milyardı Türkiyə, 0,8 milyardı Gürcüstana, 0,5 BTC Co. şirkətinə qalanı isə Azərbaycana çatacaq.


Hazırda Yunanıstan qazın böyük hissəsini Rusiyanın «Qazprom» şirkətindən alır. Martın 14-də Rusiya prezidenti Vladimir Putin Yunanıstan və Bolqarıstanla Balkan neft kəmərinin inşasına dair müqavilə imzalamaq üçün Afinaya gəlib. Kəmər Rusiya xam neftinin Aralıq dənizinə daşınmasını təmin edəcək. 15 il sürən, bəzən də iflas astanasında olan danışıqlardan sonra üç ölkə ziddiyyətləri kənara qoyaraq 280 kilometrlik kəmərin tikintisinə razılıq veriblər. Kəmər Bolqarıstanın Qara dənizdəki Burqas limanını Yunanıstanın Egey dənizindəki Aleksandroupolis limanı ilə birləşdirəcək. 700 milyon avroluq neft kəməri Türkiyənin Bosfor boğazından yan keçəcək. Burada tankerlərin gecikməsi neft şirkətlərinə ildə bir milyard dollara başa gəlir.


Ekspertlər hesab edirlər ki, Balkan neft kəməri dəyəri dörd milyard dollar olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə rəqabət təşkil edəcək. Balkan neft kəməri ilk mərhələdə illik 10 milyon ton xam neft daşıyacaq. 2009-cu ildə işə düşdükdən təxminən üç il sonra isə bu rəqəm ildə 35 milyon ton təşkil edəcək. Kəməri maliyyələşdirən səhmlərin 51 faizi Rusiyaya məxsusdur. Yunanıstan və Bolqarıstan isə 49 faiz səhmi öz aralarında bölüşdürür. Putinin səfərindən bir gün əvvəl Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Matyu Brayza Afinada olub.