«Azərbaycanda azad və ədalətli seçkilər keçirilməlidir»

«Çox qəribədir ki, rəsmilər tərəfdaşları ilə imzaladıqları sazişləri yaddan çıxarıblar»

ABŞ-ın Demokratiyaya Yardım Fondunun (NED) Avropa və Avrasiya ölkələri üzrə baş direktoru Nadya Dyuk «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. 1983-cü ildə ABŞ Konqresi tərəfindən təsis olunmuş özəl təşkilatın əsas məqsədi dünya üzrə demokratik institutların gücləndirilməsidir. Son illər NED-in Azərbaycanda maliyyələşdirdiyi təşkilatlar seçki prosesinin yaxşılaşdırılması və hökumətdə şəffaflığın təmin edilməsi mexanizmlərinin yaradılması sahəsində çalışıblar.


- Azərbaycandakı işləriniz necə gedir?


- Azərbaycanda hələ də işləməyimiz onu göstərir ki, fəaliyyətimiz uğurlu olmayıb. Məqsədimiz odur ki, digər ölkələrdə olduğu kimi, (Məsələn, Çexiya, Slovakiya, Polşa və Macarıstanda biz təşkilatlara birbaşa qarant verilməsini dayandırmışıq, çünki artıq həmin ölkələrdə tərəfdaşlarımız var və onlar özləri demokratlarla işləyirlər, onları fondlarla, qrantlarla təmin edirlər), Azərbaycanda da işlərimiz belə getsin. Azərbaycanla bağlı bizim böyük öhdəliyimiz var. Bəzi sahələrdə uğurların olduğunu görürük, bəzi sahələrdə isə görmək istədiyimiz inkişaf getmir. Azərbaycanda azad və ədalətli seçkilər keçirilməlidir. Adamlar artıq xeyli müddətdir ki, belə bir seçkilərin keçirilməsi üçün mübarizə aparırlar. Bu cür seçki istənilən ölkənin demokratik inkişafı üçün əsas və fundamental amildir. Azərbaycanda bəzi müstəqil mətbuat orqanları var. Lakin jurnalistlərin döyülməsi, həbs edilməsi halları olur. Bu cür hallar azad və demokratik olmaq istəyən cəmiyyətdə baş verməməlidir. İnsan haqları ilə bağlı da problemlər mövcuddur. Biz görürük ki, artıq Azərbaycanda çox sayda Qərblə bağlılığı olan, dərrakəli gənc insanlar var. Bu, böyük uğurdur. Lakin bis istəyirik ki, bu adamların Azərbaycanda işləmək imkanları ilə yanaşı, repressiyaya qalmaq təhlükəsi olmadan ölkənin siyasi həyatında fəaliyyət imkanları da olsun. Yəni Azərbaycana baxanda qarışıq bir mənzərəni müşahidə edirik.


- Azərbaycanda işinizi davam etdirmək niyyətindəsiniz?


- Bəli, yaxın gələcək üçün Azərbaycanda işləməyi planlaşdırırıq.


- İşinizdə hansı maneələrlə üzləşirsiz? Belə məlumat var ki, vergi orqanları sizin qrant verdiyiniz təşkilatlardan və şəxslərdən vergi tələb edirlər. Hətta bir neçə il qabaq qrant almış qurumlardan da vergi istənilir?


- Bizim Azərbaycandakı fəaliyyətimiz ABŞ və Azərbaycan arasında ikitərəfli dövlətlərarası müqavilə ilə tənzimlənir. Ona görə də, çox qəribədir ki, rəsmilər tərəfdaşları ilə imzaladıqları sazişləri yaddan çıxarıblar. Ümid edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək. Amma ümumi danışsaq, deyə bilərəm ki, yetkin və inkişafda olan cəmiyyətin və hökumətin əsas vəzifələrindən biri ölkədəki Qeyri-Hökümət Təşkilatlarını (QHT) vergilərlə yükləməmək, onların daha səmərəli fəaliyyətinə şərait yaratmaqdır. Gəlir güdməyən QHT-lərlə gəlir üçün işləyən biznes təşkilatları arasında böyük fərq var. Məsələn, Birləşmiş Ştatların qanunlarına görə, humanitar, təhsil, xeyriyyə sahəsində çalışan QHT-lər vergidən azaddırlar. Azərbaycanda belə qanun qəbul olunacağına çox umid edirəm. Bu, QHT-lərə daha yaxşı işləməyə, böyüməyə imkan yaradar.


- Normal ölkələrdə QHT-ləri hökumət özü maliyyələşdirir. Azərbaycanda isə QHT-lər daha çox xaricdən maliyyələşir. Azərbayanın neft gəlirləri artır. Sizcə, Azərbaycandakı QHT-lərin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürsə, daha yaxşı olmazmı? Məsələn, ABŞ-da QHT-lərin bir çoxu Konqres tərəfindən maliyyələşir.


- Əlbəttə ki, çox yaxşı olardı ki, Azərbaycan hökuməti özü QHT-lərə kömək edərdi. Rusiya təcrübəsini götürək. Rusiyada hökumət tərəfindən maliyyələşən bir sıra QHT-lər var. Lakin bu təşkilatlardan hökumətin xəttinin müdafiəsi gözlənir. Yəni onlar hökumətin siyasətini dəstəkləməlidirlər. Bizim hələ də Azərbaycandan qrant üçün təkliflər, layihələr almağımız ondan xəbər verir ki, bu təşkilatların Azərbaycanda maliyyə tapmaq üçün imkanları yoxdur. Bizim ayırdığımız maliyyə sırf demokratiyanın təşviqi üçündür. Ayırdığımız maliyyə həmin təşkilatlara müstəqilliyini qoruyub saxlamaq, siyasi təzyiqdən özlərini sığortalamaq imkanını yaradır. Bu qruplar maliyyə axtarır və bizim vəzifəmiz onları dəstəkləməkdir.


NED-in Azərbaycanda verdiyi qrantlar barədə əlavə məlumat üçün bu ünvana gedin