Ağrıdağda «Nuhun Gəmisi»nin maketi qurulub

Bibliya əfsanəsi təkrarlana bilər

«Böyük Səkkizliyin» sammiti ərəfəsində «Greenpeace» beynəlxalq ətraf mühiti müdafiə təşkilatının fəalları dünya liderlərinin diqqətini qlobal iqlim dəyişikliyi probleminə cəlb etməyə çalışırlar.

Türkiyədəki Ağrıdağ (Ararat) dağında, 2 min 500 metrdən artıq yüksəklikdə təşkilatın fəalları «Nuhun Gəmisi»nin 10 metrlik maketini qurublar.


Gəminin göyərtəsində planetin ekoloji vəziyyətindən narahatlıq ifadə edən milyondan çox foto asılıb.


«Greenpeace»in Türkiyə bölməsinin rəhbəri Hilal Atıcı deyir ki, Bibliya əfsanəsi, Nuhun hər canlı məxluqdan bir cütü xilas etdiyi ümumdünya daşqını təkrarlana bilər: «Böyük Səkkizliyin» Almaniya sammiti ərəfəsində biz ölkə liderlərini atmosferə parnik (istilik effekti yaradan) qazların tullantısını azaltmaq üçün təsirli tədbirlər görməyə çağırırıq».


«Böyük Səkkizliyin» liderlərinə bu cür çağırışla plakatı aksiya iştirakçıları, alman və türk ekoloqları Ağrıdağın təpəsində, beş min metrdən çox hündürlükdə asıblar.