Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Corc Buşla danışıqlardan sonra bildirib. Putinin dediyinə görə, Azərbaycan bu təklifə etiraz etməyəcək:
«Mən dünən bu məsələ ilə bağlı Azərbaycan prezidenti ilə telefonla danışmışam və qüvvədə olan razılaşma bizə bunu etməyə imkan verir».
Corc Buş isə bildirib ki, ABŞ və Rusiya hərbçilər və diplomatların iştirakı ilə Raket Əleyhinə Müdafiəyə dair «strateji dialoq» keçirməyi qərara alıblar.
Prezidentlər Corc Buş və Vladimir Putin Almaniyanın Hayliqendamm şəhərində keçirilən «Böyük Səkkizliyin» sammitində görüşüblər.
Görüşdə əsas müzakirə mövzusu ABŞ-ın Polşa və Çexiyada Raket Əleyhinə Müdafiə sistemlərini yerləşdirmək planları olub. Moskva bu planlara kəskin etiraz edir.
AZƏRBAYCAN QƏBƏLƏ RLS-NİN MÜŞTƏRƏK İSTİFADƏSİ MƏSƏLƏSİ İLƏ BAĞLI İKİTƏRƏFLİ VƏ ÜÇTƏRƏFLİ DANIŞIQLAR APARMAĞA HAZIRDIR
Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov bəyan edib. Məlumatı «Novosti-Azerbaydjan» yayıb.
Əzimov deyib ki, Rusiyanın icarələdiyi Qəbələ RLS-i Azərbaycana məxsusdur və Azərbaycan həmin stansiyanın müştərək istifadəsinə dair danışıqlarda mütləq iştirak etməlidir.
Əzimovun dediyinə görə, bu məsələ ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Elmar Məmmədyarovla da müzakirə olunub.
Qəbələ Radiolakasiya Stansiyası (RLS) 2002-ci ildə 10 il müddətinə ildə 7 milyon dollara Rusiyaya icarəyə verilib. Bu stansiya 6 min kilomert məsafədə hava məkanını nəzarətdə saxlamağa imkan verir.