Azərbaycan QHT-sinin Vaşinqtona səfəri Amerika mətbuatında suallar doğurur

AVCİYA-nı ABŞ-a dəvət edən təşkilatlar İlham Əliyev üçün ödənişli təbliğat aparırlar

Sentyabrın 17-də «Harper’s Magazine» jurnalının yazarı Ken Silverstayn «Saxta Azərbaycan «İnsan Haqları Qrupu» Vaşinqtona gəlir» başlıqlı məqalə ilə çıxış edib. Məqalə Azərbaycan qeyri hökumət təşkilatı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin nümayəndə heyətinin ABŞ-a səfərinin təşkil olunmasını kəskin tənqid atəşinə tutur. Xatırladaq ki, səfər çərçivəsində AVCİYA nümayəndələri artıq ABŞ Dövlət Departamentinin Qafqaz regionu üzrə məsul işçiləri Uendy Silverman və Leyn Bahlla görüşüblər.


Jurnalist yazır ki, Azərbaycan QHT-sinin ABŞ-a səfərini Bob Lawrence and Associates lobby şirkəti təşkil edib. Bu şirkətin nümayəndəsi Patris Kortney Azərbaycandan gələn nümayəndə heyətini təsvir edərkən onları «insan haqları fəalları və azad fəaliyyət göstərən qrup» adlandırıb.


Daha sonra jurnalist Silverstayn bu qiymətləndirmə ilə razılaşmayaraq səfərin Azərbaycan hökuməti üçün təbliğat məqsədi güddüyünə işarə edir və ümumiyyətlə Bob Lawrence and Associates şirkətinin İlham Əliyev üçün ödənişli əsaslarla təbliğat apardığını qeyd edir. Jurnalist yazır ki, göstərdiyi xidmətlərin əvəzində Bob Lawrence and Associates şirkəti Bakıda yerləşən Renosans Asoşieyts şirkəti tərəfindən maliyyələşdirilir. Siverstayn yazır ki, İlham Əliyevin Amerikaya son səfəri ideyası da Renosans tərəfindən irəli sürülmüşdü və səfərin texniki detalları Bob Lawrence and Associates şirkəti tərəfindən həll olunmuşdu.


Sözü gedən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin internet səhifəsinə nəzər salan Ken Silverstayn qeyd edir ki, bu təşkilat öz fəaliyyəti ərzində bir sıra təbliğat proqramları həyata keçirib. Məsələn, 2005-ci ildə ikinci dünya müharibəsinin başa çatmasının 60 illiyi ilə əlaqədar AVCİYA «Stalin nostalgiyasını xatırladan» «Bakı Qəhrəman Şəhərdir» təşəbbüsü ilə çıxış edib.


Jurnalist daha sonra AVCİYA-nın siyasi istiqamətli sosioloji sorğularına nəzər salaraq bir neçə belə sorğunu diqqət mərkəzinə çıxarmışdır. Belə ki, AVCİYA-nın bir sorğusuna görə rəyi soruşulanların ancaq 5.9%-i 2003-cü ilin prezident seçkilərində müxalifət namizədi İsa Qəmbərə səs verib, halbuki, rəsmi seçki rəqəmlərinə görə bu 12 %, bəzi beynəlxalq müşahidəçilərin rəyinə görə isə 40 % civarında olmuşdur.


AVCİYA-nın digər bir sorğusuna əsasən isə Azərbaycanlıların əksəriyyəti ölkədə korrupsiyanın olmadığını deyirdilər. Jurnalist dərhal qeyd edir ki, beynəlxalq Transparency İnternational təşkilatı Azərbaycanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab edir.


AVCİYA-nın 2004-cü ilin bələdiyyə seçkiləri zamanı keçirdiyi «exit-poll»a diqqəti çəkən jurnalist qeyd edir ki, bu sorğuya görə rəyi soruşulanların 99.85%-i səsvermə zamanı onlara heç bir təzyiqin göstərilmədiyini qeyd etmişlər, halbuki Amerika Beynəlxalq İnkişaf Agentliyi Azərbaycana dair internet səhifəsində «2004-cü ilin dekabrında keçirilmiş bələdiyyə seçkilərinin hətta son prezident seçkilərinin standartlara belə uyğun gəlmədiyini qeyd edir» və jurnalist bu sitatı gətirərkən yazır ki, nəzərə alınmalıdır ki, Azərbaycanda keçirilmiş son prezident seçkiləri saxta hesab olunur.


Yekunda jurnalist AVCİYA-nın səfər haqqında yaydığı məlumatlara toxunaraq qeyd edir ki, bu bəyanatlarda insan haqları və söz azadlığına o qədər də yer ayrılmayıb, daha çox «əhəmiyyəti getdikcə artan ABŞ-Azərbaycan strateji münasibətləri», «Azərbaycanın OPEK-dən kənarda Qərbə gündə bir milyon barrel neft satması» və bu kimi digər məsələlər yer alıb.