-
Oktyabrın 16-da Azərbaycanda sonuncu prezident seçkisinin nəticələrinə etiraz edənlərlə polis-ordu arasında Bakıda baş verən toqquşmalardan 9 il ötür.
Seçkidə qələbə çaldığını bəyan edən müxalifət 2003-cü il oktyabrın 15-də gecə küçələrə çıxdı. Bu aksiya oktyabrın 16-da da davam etdirildi. Aksiya iştirakçılarının bir hissəsi polis səddini yarıb «Azadlıq» meydanına daxil ola bildi. Amma qısa vaxt ərzində polis və daxili qoşunların əsgərləri aksiyaçıları zor gücünə meydandan çıxardılar. Aksiyanın qarşısı alınarkən bir nəfər öldü, yüzlərlə adam xəsarət aldı, 600-dən çox şəxs həbs edildi.
Bu zaman hakimiyyət baş vermiş hadisələri seçkinin rəsmi nəticələri elan edilməmiş iğtişaş salma cəhdlərinin qarşısını alma kimi qiymətləndirdi.
Bundan sonra həbs olunanlar üzərində məhkəmələr quruldu və müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. 16 oktyabr hadisələrindən sonra müxalifətə qarşı repressiyalar gücləndi, seçkilərdə qələbə çaldığını iddia edən Müsavat partiyasının qərargahı əlindən alındı. Beynəlxalq hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra həbs olunmuş aksiya iştirakçıları bir neçə ildən sonra azadlığa buraxıldı.