«Hamının axırına çaxacağam…»

«Hörmətli sədr, əgər bir günahım varsa, haqqı ortaya qoyub məni güllələyin»

Dünən Bakı Apellasiya Məhkəməsində çoxsaylı qətllər və adam oğurluqları cinayətlərində suçlu bilinən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin işi üzrə növbəti proses keçirilib. Bu məhkəmə ölkə mediasının diqqət mərkəzindədir. «Yeni Müsavat» 24 oktyabr tarixli sayında yazır ki, prosesdə vəkillərin çıxış mərhələsi olduğundan DİN-in sabiq generalı Zakir Nəsirovun vəkili Adil İsmayılov danışıb. O, bildirib ki, «Zakir Nəsirov barəsində hökmü qanunsuz və əsassız hesab edirik».


Zakir Nəsirov da vəkili ilə razılaşdığını deyib. Sabiq general çıxışında bunları deyib: «Biz Azərbaycanda doğulmuşuq, Azərbaycan reallıqlarını da bilirik. Birinin dayısı oğlu işə düşür, xahiş edirlər ki, cəzası 5 ildi, amma buna 3 il verin. Və ya kiminsə pis kürəkəni olubsa, xahiş edir ki, 5 ildir 7 il verin çıxıb getsin.


Ömrüm boyu ağlıma gəlməzdi ki, baş prokuror, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə hökmdə «həmdən-həmə», hökmdən sonra isə «dəmdən-dəmə» danışar. Zakir Nəsirova ömürlük iş verdirib rahatlaşmasınlar. Hamının axırına çıxacağam. Yumurtasatan, evtikən köpəyuşağı! Allah bu işi mənim başıma gətirənlərin başına gətirsin.


Kimi məhkəməyə çağırırıq gəlmir. «Kameryamayan»ı da məhkəməyə çağırmırlar. Elçinin, Hacının xeyrinə danışanları isə çağırırlar. Bunu mən götürsəm də, Allah götürmür. Zakir Nəsirovun əleyhinə gəlib məhkəmədə yalan ifadə verən 17 gün sonra öldü. Hörmətli sədr, sizdən xahiş edirəm, əgər mənim bir günahım varsa, haqqı ortaya qoyub məni güllələyin. Mənə bir «podles»in sözünə görə ömürlük verib gətirib burada oturdublar».


YAP-çı deputat Siyavuş Novruzov ölkədə bir çox sahələrdə monopoliya olduğunu etiraf edib. O, bunu «Üç nöqtə»yə müsahibəsində deyib.


Onun sözlərinə görə, artıq monopoliya yaradan dairələr məlumdur və onlar bu əməllərindən əl çəkməyə məcbur ediləcəklər. Siyavuş Novruzov həmin dairələrin məlum olduğunu və onların hansı sahələrdə monopoliya yaratmasının aşkarlandığını da dedi. Lakin millət vəkili konkret ad çəkməkdən yayındı. O, əlavə etdi ki, monopoliya nəticəsində insanların güzəranı ağırlaşır, bahalaşma və inflyasiya baş verir. Bu da hökumətə və dövlətə ziyan vurur.


Gəncədə növbəti silahlı basqın hadisəsi olub. «Azadlıq» yazır ki, oktyabrın 23-də «Mebel» Ticarət Mərkəzinə bir qrup silahlı şəxs basqın edib. Basqınçılar tanınmamaq üçün maskalardan istifadə ediblər.


Ticarət Mərkəzində əməkdaşımıza verilən məlumata görə, silahlı şəxslər 25 min manatdan artıq pul götürüblər. Amma Polis İdarəsi bu istiqamətdə çox nikbindir: «cəmi 15 min manat».


«Azadlıq» yazır ki, şəhərdə isə növbəti basqın faktına münasibət birmənalı deyil. Adamların bir qrupu belə hesab edir ki, Gəncədə «ZORRO» peyda olub.


Şəhər əhalisinin əksəriyyəti isə bu basqınçı qrupun polislə əlaqəli işlədiyini güman edir: «Bizim ölkəmizdə polisin nəzarətindən kənarda quş da səkə bilməz və «Zorro» barədə söhbətlər çox şişirdilir», - deyən bədbinlərin sayı daha çoxdur.


Ekologiya və Təbii Sərvətlər naziri bildirir ki, «Xəzərə axan çirkab suların miqdarı sıfıra enəcək». Bu barədə «Ayna» yazır.


Hüseynqulu Bağırov onu da bildirib ki, nazirlik Sumqayıtda alüminium zavodunda apardığı tədqiqatı artıq başa çatdırıb. Müəyyən olunub ki, zavod ekoloji öhdəliklərini tam yerinə yetirmir, tələb olunan filtrlər quraşdırmır. Buna görə də nazirlik zavod rəhbərliyinə icrası məcburi olan göstərişlər verib və cərimələr tətbiq edib.


Nazir onu da qeyd edib ki, Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda dəniz sularının sahildən çirklənməsinin qarşısını almaq məqsədilə modul tipli, çox müasir təmizləyici qurğular şəbəkəsindən ibarət lokal sistem yaradılır.