İranda azərbaycanlı fəalların həbsi artıb

İran zindarlarında saxlanılan azərbaycanlı jurnalistin sayı ona çatıb

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) ötən həftə Əli Hacməhəmmədi adında bir fəalın Sulduz şəhərinin ETTELAAT əməkdaşları tərəfindən həbs edilib, şəhər həbsxanasına aparıldığını bildirir.


Cənab Hacməhəmmədi bundan öncə 2006-cı ildə «Beynəlxalq Ana Dili Günü» münasibəti ilə keçirilən aksiyalarda iştirak etdiyinə görə həbs edilmişdi. Həmin vaxt Sulduz Cəza Məhkəməsi fəalı 4 ay şərti həbs, 30 zərbə şallaq və 2200 dollar məbləğində nağd pul cəriməsinə məhkum etmişdi.


Məlumatda bildirilir ki, yoxsul şəraitdə fəhlə işləyən Ə.Hacməhəmmədi cəriməni ödəyə bilmədiyindən yenidən həbsə salınıb. Onun son vəziyyəti barədə hər hansı bir məlumat yoxdur.


ASMƏK-in son hesabatında bildirilir ki, ötən bir ay ərzində doktor Məhəmməd Əli Heydəri, İlqar Mərəndli və Mir Qasım Seyyidinzadə adlı üç azərbaycanlı jurnalistin həbsi ilə İran zindanlarında saxlanılan jurnalistlərin say 10-a yüksəlir.


Bundan əlavə, təxminən 45 gün əvvəl Türkiyədən İrana keçərkən sərhəddə həbs edilən Ankara Universitetinin tələbəsi Məhəmməd Nüsrətinin taleyi naməlum qalır.


Hesabatda bildirilir ki, aylardan bəri Zəncan şəhərində həbs edilən Cəlil Qənilu, Bəhruz Səfəri, jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur, hüquqşünas Saleh Kamrani və universitet müəllimi Abdullah Abbasi Cavan ittiham edilmədən həbsdə saxlanılır. Bu həftə ərzində onların bir neçəsinə ailələri ilə görüş imkanı verilsə də, bu günə qədər müdafiə hüququndan məhrum ediliblər. Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəri və Səid Mətinpurun qardaşı Əlirza Mətinpur da hələ həbsdən azad edilməyib.


Həmin məlumata görə, Arazın İran sahilindəki Muğan mahalından olan fəallar Rəhim Bəhramnejad, Siyamək Təvəsülü və Həsən Balayi «qanunsuz aksiyalarda» iştirakda təqsirləndirilərək Təbriz İnqilab Məhkəməsi tərəfindən 80 şallaq zərbəsinə məhkum edilib. Dörd ay bundan əvvəl Muğanda həbs olunmuş Məsud Sultani və Həbib Mehri isə məhkəməyə qədər zəmanətlə azadlığa buraxılıb.


Ərdəbildə həbs edilən fəal Ramin Sadiqi Əsl məhkəmənin qərarıyla 50 şallaq zərbəsinə və 3300 dollar məbləğində cəriməyə məhkum edilib. Mənsur Ciddi və tələbə Əsgər Əkbərzadə barəsində isə 4 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Jurnalist Elyaz Yekanlıya 20 günlük icazə verilib və məhkəmənin qərarıyla müvəqqəti azadlığa buraxılıb. Eyni zamanda Qoşaçaydan (Miyandab) olan 14 fəallın Mahabad şəhərində məhkəməsi keçirilsə də indiyədək məhkəmənin qərarı açıqlanmayıb.


Hesabat həbs olunanlardan Mustafa Meydannəvərd, Elman Nuri, Hadi Həmidi Şəfiq, İbrahim Moini, Rza Paşayi, Abbas Lisani, Əmir Abbas Bənai Kazımi, Əli Şadinin də adını çəkir.


ASMƏK sənədin sonunda siyasi fəalların, insan haqları müdafiəçilərinin, jurnalistlərin, tələbələrin həbs olunmasını, siyasi məhbuslarını vəkil tutmaq hüququndan məhrum edilməsini, etiraf almaq məqsədilə dustaqlara fiziki və psixoloji işgəncə verilməsini və məlumatların yayılmasının qarşısını almaq üçün saxlanılanların ailələrinə təzyiq göstərilməsini şiddətlə qınayır və müstəqil media qurumlarını, insan haqlarını təşkilatlarını onları müdafiə etməyə çağırır.


Xaricdə fəaliyyət göstərən «Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi» (DAHMK) də get-gedə artmaqda olan həbslərə öz etirazını bildirərək BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və insan haqlarının müdafiəsi ilə məşğul olan bir çox başqa qurumlara müraciət edib.


DAHMK Makı şəhərində həbs edilən fəalların da adını bu siyasiyə əlavə edib. Makıdan olan Möhsün Hüseynzadə, Məhəmməd Nəsiri və Teyyub İbrahimzadə bu yaxınlarda Urmiyə İnqilab Məhkəməsinin qərarı ilə 6 ay azadlıqdan məhrum ediliblər. Onlar ötən ilin sentyabrında və cari ilin may-iyun aylarında Makıda keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün həbs olunublar. Məlumatda Teyyub İbrahimzadənin həbsdə ikən işgəncəyə məruz qaldığı və müvəqqəti olaraq, buraxıldıqdan sonra səhhətində problemlər yarandığı bildirilir.