Elmar Hüseynov Fondunun jurnalist araşdırmaları üçün keçirdiyi müsabiqənin birinci turuna yekun vurulub.
Müsabiqənin məqsədi televiziya, radio və qəzetlərdə çalışan jurnalistlərin müxtəlif sahələrdə araşdırmalarını dəstəkləməkdir.
Birinci turda 9 media işçisinin təqdim etdiyi layihə mükafata layiq görülüb.
Qaliblər sırasında «Azadlıq» radiosunun əməkdaşı Babək Bəkir də var. O, «Azərbaycanda narkomaniyanın vəziyyəti» mövzusunda araşdırma aparacaq.
Jurnalistlər hazırlayacaqları materialları marıtın 2-nə kimi təqdim etməlidirlər. Onların arasından isə bir nəfərə Elmar Hüseynov mükafatı veriləcək.
Bununla əlaqədar dekabrın 17-də keçirilən tədbirdə ABŞ səfirliyinin şöbə müdiri Conatan Henik deyib ki, Azərbaycanda yaxşı jurnalistlər olsa da, araşdırma materialları hazırlamaq üçün imkan azdır. «Ona görə də bu layihəni dəstəkləyirik».
Qalib gəlmiş televiziya və radio jurnalistləri üçün 500, qəzet əməkdaşları üçün isə 300 dollar vəsait ayrılması nəzərdə tutulur.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib.