«Azərbaycanda media azadlığı sürətlə pisləşib. 2007-ci ildə 10 jurnalist həbs edilib. Hökumət diffamasiyadan müstəqil və müxalifət mətbuatına qarşı təzyiq kimi istifadə edir».
«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının ötən il üçün dünyada insan haqlarının vəziyyətinə dair hesabatının Azərbaycana aid hissəsində belə deyilir.
Təşkilat bildirir ki, yüksək rütbəli dövlət rəsmilərinin, biznesmenlərin və müxalifət siyasətçilərinin həbsdə saxlanılması, polis məntəqələrində işgəncələr həllolunmaz problemlər kimi qalmaqdadır.
Azərbaycanda prezident seçkisinə bir ildən də az vaxt qalmış ədalətsiz seçki kampaniyası üçün zəmin hazırlanır.
Sənəddə deyilir ki, 2007-ci ilin sonunda həbs edilmiş jurnalistlərdən beşi əfv olunub. Lakin dörd nəfər - Eynulla Fətullayev, Mirzə Sakit, onun qardaşı Qənimət Zahidov və Müşfiq Hüseynov hələ də həbsdədir.
«Human Rights Watch» bildirir ki, son iki ildə Azərbaycanda həbs edilmiş jurnalistlərin yarısı böhtana görə tutulub. Bu göstəriciyə görə, Azərbaycan Avropa Şurası üzvləri arasında liderdir. Təşkilat hakimiyyətdən həbsdə olan jurnalistləri dərhal azad etməyi tələb edir.
Hesabatda digər sahələrdə də insan haqlarının pozulduğu bildirilir: «Azərbaycan hakimiyyəti təcili tədbirlər görməli və polisi insan hüquqlarına hörmət etməyə və işgəncə faktlarına son qoymağa məcbur etməlidir. Son 10 ildə insanların işgəncələr nəticəsində ölməsi faktları ya araşdırılmamış qalıb, ya da hələ də araşdırılmaqdadır».
Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə deyir ki, bu hesabat 2006-cl ildəki hesabatın tam təkrarıdır: «Yəni, bu bir ildə Azərbaycanda heç nə dəyişməyib?»
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesabatın gerçəkliyi tam əks etdirdiyini deyir: «Beynəlxalq təşkilatların hesabatları güzgü kimi ölkədə baş verənləri əks etdirir».
Müstəqil politoloq Zərdüşt Əlizadə isə başqa fikirdədir: «Bu beynəlxalq təşkilatın Azərbaycana verdiyi qiymət mən deyərdim ki, çox yumşaq, çox diplomatik, çox ədəbli bir tərifdir».