«Mənim heç kəsim yoxdur. Həyat yoldaşımdan ayrılandan sonra tənha yaşayıram». Ədilə Nağıyeva deyir ki, aldığı təqaüd heç bir dərdinə yaramadığından məcbur olub evlərdə çalışır: «Noyabrda 70 yaşım tamam olacaq. Qoca olsam da zirəkəm. Evləri süpürürəm, təmizləyirəm...»
Ancaq bütün tənha yaşayan ahıllar Ədilə Nağıyeva kimi sağlam, işgörmək qabiliyyətində deyil. Nəbi Həmidov da təqaüdçüdür. Tənhadır. Deyir ki, qonşuluqdakı mağazadan nisyə mal verməsələr, aldığı təqaüd çörəklə kartofdan başqa heç nəyə çatmaz: «Hökumətin verdiyi pulla dolanmaq çox çətindir».
Adını demək istəməyən bir tənha, qoca qadınsa bildirir ki, güzəranının ağırlığı onu dilənməyə məcbur edib: «Gündə az qala 6 saat küçələrdə dilənirəm, başqa əlacım olsa, bunu etmərəm».
Kiçik ərzaq dükanının sahibi Sahilə danışır ki, onun müştəriləri arasında ən çox nisyə mal alanlar elə qocalar və təqaüdçülərdir: «Aldıqları da elə bahalı şeylər deyil, çörək, qənd, çay. Neyləsinlər, çatdıra bilmirlər, mən də verirəm. Pensiyalarını alanda qaytarırlar, yenə o biri pensiyaya qədər borc yaranır».
«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, əgər təqaüdçülər Azərbaycanda aztəminatlı təbəqə sayılırsa, tənha təqaüdçülər - qocalar yoxsul təbəqəni təşkil edir: «Onlara 60 manat təqaüd verilir. Bunun 40 manata yaxınını kommunal xərclərə ödəyirlər».
Ekspertlər deyirlər ki, arabir təqaüdlər artsa da, çox cüzi olduğundan sürətlə bahalaşma fonunda gözə dəymir. Ona görə də indi tənha qocaların öz ehtiyaclarını ödəməsi üçün ən azı 150-200 manat tələb olunur.
Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət proqramına görə, ahıl yaşını adlamış hər bir vətəndaşa dövlət xüsusi qayğı göstərməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllara sosial yardım şöbəsinin baş məsləhətçisi Rəhim Babayev isə deyir ki, indilik görülən işlər tənha qocalara sosial işçilərin qayğı göstərməsi, təqaüdlərini onlara çatdırması və s.-dən ibarətdisə, gələcəkdə daha yaxşı şərait təklif olunacaq: «Bura onların təqaüdlərinin artırılması, ahıllıq yaşının 70-dən 65-ə endirilməsi, yaşlı adamların heç olmasa gündə bir dəfə isti yeməklə təmin olunmaları və s. aiddir».
Ahıllar indi ölkə əhalisinin 4 faizini təşkil edirlər. Ahıllıq yaşı Azərbaycanda 70 yaş hesab olunur.